Roman Qriqorçuk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Roman Qriqorçuk
Ümumi məlumatlar
Tam adı Roman İosifoviç Qriqorçuk
Doğum tarixi 22 mart 1965(1965-03-22)[1] (59 yaş)
Doğum yeri Korniç, Kolomiya rayonu, İvano-Frankovsk vilayəti, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı
Boyu 184 sm
Çəkisi 72 kq
Mövqeyi Hücumçu
Karyerası
Klub karyerası[* 1]
1988–1991 SSRİ Prikarpatye İvano-Frankovsk 80 (28)
1992–1994 Ukrayna Prikarpatye İvano-Frankovsk 59 (27)
1994–1995 Avstriya Sankt Pelten 3 (0)
1995 Polşa Petrohemiya Plotsk 14 (3)
1995–1996 Ukrayna Krivbas FK 26 (10)
1996–1997 Rusiya Saturn Ramenskoye 29 (9)
1998–2000 Latviya Dinaburq Dauqavpils 63 (30)
Məşqçisi olduğu klublar
1998–2005 Latviya Dinaburq Dauqavpils
2005–2009 Latviya Ventspils
2009–2010 Ukrayna Metallurq
2010–2014 Ukrayna Çernomorets
2014–2018 Azərbaycan Qəbələ
2018—2020 Qazaxıstan Astana
2020–2021 Belarus Şaxtyor Soliqorsk
2021–2024 Ukrayna Çernomorets
2024 Azərbaycan Neftçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roman Qriqorçuk (ukr. Роман Йосипович Григорчук; 22 mart 1965[1]) — hücumçu mövqeyində çıxış etmiş keçmiş sovet və Ukrayna futbolçusu, ukraynalı futbol məşqçisi.

Futbolçu karyerası

[redaktə | mənbəni redaktə et]

Ukrayna çempionatında futbolçu kimi ilk dəfə Berejan şəhərinin "Niva", sonradan isə Şepetovka təmsilçisi "Temp" klublarının heyətində çıxış edib. Doğulduğu İvano-Frankovsk vilayətinin təmsilçisi olan "Prikarpatye" futbol klubunda (sonradan bu klub Spartak adlanırdı) 3 il çıxış etdikdən sonra ölkə xaricinə yollandı: əvvəlcə Avstriyanın "Sankt Pelten", sonra isə Polşanın Plotsk şəhərini təmsil edən "Petrohemiya" (hazırda bu klub Visla adı ilə tanınır) futbol klublarında çıxış etdi.

Plotsk təmsilçisi ilə yollarını ayırdıqdan sonra vətənə dönən Roman 1 il Krivoy Roqu təmsil edən Krivbas Krivoy Roq FKnun heyətində çıxış etdi. 1996–97 mövsümündə isə Ramenskoye təmsilçisi "Saturn"un heyətində Rusiya çempionatında top qovdu. 1998-ci ildə Latviyanın Dauqavpils şəhərinin təmsilçisi Dinaburq FK-na yollandı. 2 il Latviya çempionatında çıxış etməklə yanaşı həm də məşqçilik karyerasında addımlamağa başlayan Roman Qriqorçuk peşəkar futbolçu karyerasını da bu klubda sonlandırdı.

Baş məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə köməkçi məşqçisi olduğu "Dinaburq FK"un baş məşqçisi postuna təyin olundu. 2001-ci ildə "Dinaburq FK"nu Latviya Kubokunun finalına yüksəltməyi bacarsada, finalda Riqanın Skonto FK klubuna 0:2 hesabı ilə məğlub olaraq Latviya Kubokunun gümüş medallarını qazandılar. 2005-ci ildə 8 illik yaranma tarixi olan Latviyanın Ventspils şəhərinin təmsilçisi Ventspils FKnun baş məşqçisi təyin edildi. Bu klubla 2005-ci ildə Latviya çempionatının bürünc, Latviya Kubokunun isə qızıl mükafatçısı oldu. 2006-cı ildə komandanı Latviya çempionu etməyi bacardı. 2007-ci ildə isə komanda Latviyada qızıl dubl etdi. Belə ki, Ventspils FK həm Latviya çempionu oldu, həm də Latviya Kubokunu qazandı. Baltikyanı ölkələrin təşkil etdiyi Baltik Liqasının 2-si oldu. Üstəlik MDB ölkələrinin Birlik Kubokunda da inamla çıxış edən komandanı yalnız finalda dayandırmaq mümkün oldu. Ventspils FK əsas vaxtında hesabın açılmadığı final görüşündə Özbəkistan təmsilçisi Paxtakor Daşkənd FKa oyun sonrası penaltilərlə 8:9 hesabı ilə məğlub oldu. 2008-ci ildə komandanı ardıcıl 3-cü dəfə Latviya çempionu etməyi bacaran Qriqorçuk klubla Latviya Kubokunun gümüş medallarını qazandı. Bu nəticələrinə görə 3 dəfə Latviyada ilin məşqçisi adına layiq görülmüşdü. O, 2009-cu ilin avqustunda qarşılıqlı razılaşma əsasında komandadan ayrıldı. Komanda italiyalı mütəxəssis Nunzio Zavettieriyə tapşırıldı. 2009-cu ilin oktyabrında O, Metallurq Zaporojye FKnun baş məşqçisi oldu. 11 noyabr 2009-cu ildə Metallurqdan ayrılsada dekabrın 8-də yenidən komandaya qayıtdı.

16 noyabr 2010-cu ildə futbol üzrə Ukrayna çempionatının 2-ci divizionuna düşmüş Odessa təmsilçisi Çernomorets klubunun rəhbərliyi İqor Nakoneçnidən boşalan baş məşqçi postuna Roman Qriqorçuku gətirir. Qriqorçuk komandası ilə Ukrayna 2-ci divizionunda 2-ci yeri tutur və Çernomoretsi növbəti mövsüm yenidən Ukrayna Premyer Liqasına qaytarır. 2012–13 mövsümündə Çernomorets Ukrayna Kubokunun finalına qədər irəliləsə də finalda Şaxtyor Donetsk FKna 0:3 hesabı ilə məğlub olur. Buna baxmayaraq kubokun finalçısı kimi Avrokuboklara vəsiqə qazanır. Çernomorets UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın Daçiya Kişinyov FK ilə qarşılaşmalarda ümumi hesabda 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlir. Avropa Liqasının 3-cü təsnifat mərhələsində Serbiyanın Srvena Zvezda FKnu ümumi hesabda 3:1 hesabı ilə məğlub edən Çernomorets Pley-Off matçında da Albaniya təmsilçisi Skenderbu Korça FKnu (əsas vaxtı 1:1 — penaltilərdə 7:6) məğlub edərək tarixində ilk dəfə Avrokubokların qrup mərhələsi həyəcanını yaşamaq şansı əldə edir — UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlir. Qriqorçuk komandası ilə B qrupunda Xorvatiyanın Dinamo Zaqreb FK (evdə 2:1 qalib; səfərdə 1:2 qalib), Hollandiyanın PSV Eyndhoven FK (evdə 0:2 məğlub; səfərdə 0:1 qalib) və Bolqarıstanın Ludoqorets Razqrad FK (evdə 0:1 məğlub; səfərdə 1:1 hesablı heç-heçə) klubları ilə qarşılaşmalar sonunda 2-ci yeri tutaraq daha bir uğura imza atır və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanır. Lakin bu mərhələdə Fransanın Olimpik Lion FK ilə bacarmır və ümumi hesabda 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırır. 2014-cü ildə Çernomoretslə müqaviləsi başa çatan Qriqorçuk komandadan ayrılır.

Bu uğurların ardından Azərbaycanın Qəbələ FK Ukraynalı mütəxəssisə təklif göndərir və Roman Qriqorçuk bu təklifə müsbət cavab verir, 18 dekabr 2014-cü ildə onunla müqavilə imzalanır. 1 yanvar 2015-ci ildən vəzifəsinin icrasına başlayan mütəxəssis mövsümün sonunda Qəbələ FK ilə Azərbaycan Premyer Liqasının bürünc medallarını və Avrokuboklarda iştirak hüququnu qazanır. 2015–16 mövsümü UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın Dinamo Tbilisi FKu (ümumi hesabda 3:2 hesabı ilə qalib), 2-ci təsnifat mərhələsində Serbiyanın Çukariçki FK (ümumi hesabda 2:1 hesabı ilə qalib), 3-cü təsnifat mərhələsində Kiprin Apollon Limassol FK (ümumi hesabda 2:1 hesabı ilə qalib), pley-off mərhələsində isə Yunanıstanın Panatinaykos FK (ümumi hesab 2:2 səfərdə vurulan qolun hesabına qalib) klublarını məğlub edərək Qəbələni 10 illik tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxardı. Qəbələ FK Qriqorçukun rəhbərliyi ilə C qrupunda Rusiyanın Krasnodar FK (evdə 0:3 məğlub; səfərdə 2:1 məğlub), Almaniyanın Borussiya Dortmund FK (evdə 1:3 məğlub; səfərdə 4:0 məğlub) və Yunanıstanın PAOK FK (evdə və səfərdə 0:0 hesablı heç-heçə) klubları ilə qarşılaşmalar sonunda 4-cü yeri tutaraq mübarizəni dayandırır.

Qriqorçukun rəhbərliyi ilə Qəbələ FK 2015–16 mövsümünə də iddialı başlayır. Xüsusən də doğma meydanında keçirdiyi oyunlarda rəqiblərə çətinliklər yaşadan klub evdə yalnız Neftçi PFKyə məğlub olur. Çempionatın sonunda Qəbələ FK ardıcıl 3-cü dəfə (son ikisi "Roman Qriqorçuk"un rəhbərliyi ilə) Azərbaycan Premyer Liqasının bürünc medallarını və Avrokuboklarda iştirak hüququnu qazanır. 1 il öncə olduğu kimi yenə də UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsindən yarışa qoşulan Qəbələ FK 1-ci təsnifat mərhələsində Gürcüstanın Samtredia FK (ümumi hesabda 6:3 hesabı ilə qalib), 2-ci təsnifat mərhələsində Macarıstanın MTK Budapeşt FK (ümumi hesabda 4:1 hesabı ilə qalib), 3-cü təsnifat mərhələsində Fransanın titullu Lill FK (ümumi hesabda 2:1 hesabı ilə qalib), pley-off mərhələsində isə Sloveniyanın Maribor FK (ümumi hesabda 3:2 hesabı ilə qalib) klublarını məğlub edərək ardıcıl 2-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Üstəlik Qriqorçukun komandası ardıcıl 2-ci dəfə UEFA Avropa Liqasında 1-ci mərhələdən başlayıb qrup mərhələsinə vəsiqə qazanan ilk komanda oldu. Püşkə əsasən Qəbələ FK yenə C qrupunda yer alır, qrup mərhələsində Belçikanın Anderlext FK (evdə 1:3 məğlub; səfərdə 3:1 məğlub), Fransanın Sent-Etyen AS (evdə 1:2 məğlub; səfərdə 1:0 məğlub) və Almaniyanın Maynz 05 (evdə 2:3 məğlub; səfərdə 2:0 məğlub) klubları ilə qarşılaşmalar sonunda 4-cü yeri tutaraq mübarizəni dayandırır.

Ukraynalı mütəxəssis 2016–17 mövsümündə Qəbələ FKyə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazandırır, region təmsilçisi ölkəmizi ardıcıl 4-cü mövsüm UEFA Avropa Liqasında təmsil etmək hüququ qazanır. UEFA Avropa Liqasının 2017–18-ci illər mövsümündə yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq olan Qəbələ FKnun bu mərhələdəki rəqibi ötən mövsüm Polşa çempionatını 2-ci yerdə başa vurmuş Yagelloniya Belostok FK oldu. Komandanı mübarizədən kənarlaşdırıb 3-cü mərhələdə Yunanıstan təmsilçisi Panathinaikos klubuna mübarizəni dayandırdı. Son olaraq 2018-ci il mayın 28-də ölkə kubokunun finalında məğlubiyyətdən sonra istefa verdi.

26 iyun 2024-cü ildə Qriqorçuk "Neftçi" klubu ilə 2 illik müqavilə bağlamış və klubun baş məşqçisi təyin edilmişdir.[2] Eyni ilin oktyabrının 7-si onun klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.[3] Onun rəhbərliyi altında "Neftçi" Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 5-i heç-heçə, 4-ü məğlubiyyətlə yekunlaşmış 9 oyun oynamışdır.[4]

Məşqçi kimi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Latviya Kuboku: 2001 2-ci yer.
  • Latviya çempionatı: 2005 3-cü yer, 2006 1-ci yer, 2007 1-ci yer, 2008 1-ci yer;
  • Latviya Kuboku: 2005 1-ci yer, 2007 1-ci yer, 2008 2-ci yer;
  • Birlik Kuboku: 2007 2-ci yer;
  • Baltik Liqası: 2007 2-ci yer.
  • Ukrayna Kuboku: 2012/13 2-ci yer.
  1. 1 2 Roman Grygorchuk // Transfermarkt (çd.). 2000.
  2. ""Neftçi"nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib". Report İnformasiya Agentliyi (az.). 2024-06-26. İstifadə tarixi: 2024-10-07.
  3. ""Neftçi" Roman Qriqorçukla vidalaşıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2024-10-07. İstifadə tarixi: 2024-10-07.
  4. ""Neftçi" Roman Qriqorçukla yollarını rəsmən ayırıb". Report İnformasiya Agentliyi (az.). 2024-10-07. İstifadə tarixi: 2024-10-07.