Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Yozef Mengele

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yozef Mengele
alm. Josef Mengele
Yozef Mengele 1944-cü ildə.
Yozef Mengele 1944-cü ildə.
Doğum tarixi 16 mart 1911(1911-03-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 fevral 1979(1979-02-08)[1][2][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Təhsili
Fəaliyyəti antropoloq, hərbi həkim, həkim-yazıçı[d], işgəncə verən
Fəaliyyət illəri 1939–1979
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yozef Mengele (alm. Josef Mengele‎; 16 mart 1911[1][2][…], Güntsburq[d], Bavariya Krallığı, Almaniya imperiyası[4]8 fevral 1979[1][2][…], Bertioqa[d], San-Paulu ştatı), Ölüm mələyi (alm. Todesengel‎)[5] və ya Ağ mələk (alm. der Weisse Engel‎ və ya Weißer Engel)[6]) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində[a] iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən 280 kilometr (170 mil) uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir.

Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir. Auşvitzdə o, insan üzərində genetik tədqiqatlar aparmaq imkanı əldə edir. Öz eksperimentlərini əsasən əkizlər üzərində aparmağa fokuslanmış Mengele qurbanlarının sağlamlığını və həyat təhlükəsizliyini nəzərə almır və ya buna çox az əhəmiyyət verirdi.[7][8]

Müharibədən sonra Cənubi Amerikaya qaçır. 1949-cu ilin iyul ayında keçmiş SS üzvlərindən ibarət bir şəbəkənin köməyi ilə Argentinaya gedir. Əvvəlcə Buenos-Ayres və ətraf ərazilərdə yaşayan Mengele daha sonra 1959-cu ildə Paraqvaya, 1960-cı ildə Braziliyaya qaçır. Bütün bu dövrlər ərzində onun məhkəmə prosesinə çıxarılmasını istəyən Qərbi Almaniya, İsrailSimon Vizental kimi nasist ovçuları tərəfindən axtarışlar davam etdirilir. Mengele, Qərbi Almaniya hökumətinin ekstradisiya tələblərinə və İsrail xüsusi xidmət orqanı Mossadın gizli əməliyyatlarına baxmayaraq qaçıb qurtula bilir. 1979-cu ildə Bertioqa sahillərində üzərkən insult keçirib boğulur və Volfqanq Gerhard adı altında dəfn edilir.[6] Onun cəsədinin qalıqları 1985-ci ildə məhkəmə ekspertizasına təqdim edildikdən sonra Yozef Mengeleyə məxsus olduğu təsdiq edilir.

Mengele 16 mart 1911-ci ildə Güntsburqda anadan olub. Valburqa Hupfauer və Karl Mengelenin üç oğlundan ən böyüyüdür.[9] Karl və Alois onun kiçik qardaşlarıdır. Atası kənd təsərrüfatı avadanlıqları istehsal edən "Karl Mengele və Oğulları" şirkətinin təsisçisi olub.[10] Mengele məktəbdə əla oxuyur və musiqi, incəsənət, xizəkçiliklə maraqlanırdı.[11] Orta məktəbi 1930-cu ilin aprelində bitirib fəlsəfə üzrə təhsil almaq məqsədilə Nasist Partiyasının qərargahının yerləşdiyi[12] Münhenə gedir.[13] 1931-ci ildə Polad dəbilqə (alm. Stahlhelm, Bund der Frontsoldaten‎) adlı paramilitar təşkilata qoşulur. Həmin təşkilat 1934-cü ildə nasist Hücum bölüklərinə (alm. Sturmabteilung‎) daxil edilir.[13][14] 1935-ci ildə Mengele Münhen Universitetində antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi alır.[13] 1937-ci ilin yanvarında Frankfurtdakı İrsi Biologiya və İrqi Gigiyena İnstitutunda işə başlayır: burada əkizlərin araşdırılmasına xüsusi maraq göstərən alman genetiki həkim Otmar Frayherr fon Ferşuer ilə çalışır.[13]

Ferşuerin köməkçisi kimi, Mengele diqqəti dodaq-damaq yarığı və çənə yarığı ilə nəticələnən genetik amillərə yönəldirdi.[15] Bu mövzuya dair tezisi ona 1938-ci ildə Frankfurt Universitetindən tibb üzrə doktorluq dərəcəsi qazandırmışdı.[16] Hər iki elmi dərəcəsi 1960-cı illərdə müvafiq universitetlər tərəfindən ləğv edilir.[17] Öz rəyində Ferşuer Mengelenin etibar ediləcək biri olduğunu qeyd edir və mürəkkəb materialı şifahi formada aydın şəkildə təqdim etmək bacarığını yüksək qiymətləndirir.[18] Amerikalı müəllif Robert Cey Lifton Mengelenin nəşr olunan əsərlərinin dövrün elmi fəaliyyətlərinə uyğun olduğunu və ehtimal ki, hətta Nasist Almaniyasından kənarda da mötəbər elmi səylər kimi qiymətləndiriləcəyini qeyd edirdi.[18]

28 iyul 1939-cu ildə Mengele Leypsiqdə rezidenturada olarkən tanış olduğu İren Şönbeynlə evlənir.[19] Onların yeganə oğlu Rolf 1944-cü ildə dünyaya gəlib.[20]

Hərbi xidmət dövrü

[redaktə | mənbəni redaktə et]

Nasizm ideologiyası antisemitizm, irqi gigiyenayevgenika elementlərini bir araya gətirir və alman xalqı üçün daha çox yaşayış sahəsi (alm. Lebensraum‎) əldə etmək məqsədi ilə onları pangermanizm və ərazi ekspansionizmi ilə birləşdirirdi.[21] Nasist Almaniyası Polşaya və Sovet İttifaqına hücum edərək burada yaşayan və nasistlər tərəfindən Ari ali irqinə tabe hesab edilən yəhudilərislavyanları deportasiya etmək və ya öldürmək niyyəti ilə bu yeni əraziləri ələ keçirməyə çalışırdı.[22]

Mengele 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə (mühafizə eskadronu) üzv olur. İlk əsas təlimini 1938-ci ildə yüngül piyada dağ qoşunları (alm. Gebirgsjäger‎) ilə alır. 1940-cı ilin iyununda İkinci Dünya müharibəsinin başlamasından bir neçə ay sonra Vermaxta (Nasist silahlı qüvvələri) hərbi xidmətə çağrılır. Tezliklə SS-in döyüş qolu olan SS qoşunlarında (alm. Waffen-SS‎) könüllü olaraq tibbi xidmətə başlayır. Burada o, 1940-cı ilin noyabrına qədər tibbi ehtiyat taborunda SS-Unterşturmfürer (ikinci leytenant) rütbəsi ilə xidmət edir. Daha sonra Poznanda SS-in irq və məskunlaşma məsələləri üzrə əsas idarəsinə təyin edilən Mengele burada namizədlərin germanizasiyasını qiymətləndirirdi.[23][24]

1941-ci ilin iyun ayında Mengele II dərəcəli Dəmir xaç ordeninə layiq görüldüyü Ukraynaya göndərilir. 1942-ci ilin yanvarında 5-ci SS Tank Diviziyası "Vikinq"də taborun hərbi həkimi kimi fəaliyyət göstərir. İki alman əsgərini yanan bir tankdan xilas etdikdən sonra I dərəcəli Dəmir xaç ordeni, qara rəngdə "Yaraya görə" döş nişanı və alman xalqına qayğısına görə medalla təltif edilir. 1942-ci ilin ortalarında Rostov-na-Donu yaxınlığında döyüş zamanı ağır yaralandığına görə fəal hərbi xidmət üçün yararsız elan edilir. Sağaldıqdan sonra SS-in irq və məskunlaşma məsələləri üzrə əsas idarəsinin Berlindəki baş qərargahına köçürülür; həmin dövrdən etibarən Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsi və Yevgenika İnstitutunun yeni direktoru Ferşuer ilə əməkdaşlığını davam etdirir. Mengele 1943-cü ilin aprelində SS-Hauptşturmfürer (kapitan) rütbəsinə yüksəlir.[25][26][27]

Birkenaunun girişində Macarıstan yəhudilərinin "seçimi" aparılır. 1944-cü ilin may–iyun ayları.

Əvvəlcə əsir işçilər üçün nəzərdə tutulan Auşvitz II-Birkenau 1942-ci ildə əmək düşərgəsi və məhvetmə düşərgəsi olaraq istifadə edilməyə başlandı.[28][29] Məhbuslar düşərgəyə Almaniyanın işğalı altında olan Avropanın hər yerindən dəmir yolu ilə daşınır və müşayiət altında gətirilirdilər.[30] 1942-ci ilin iyul ayına qədər SS həkimləri gələn yəhudilərin ayrıldığı yerlərdə "seçimlər" aparırdılar və işləməyə qadir olanlar düşərgəyə daxil olur, əmək qabiliyyəti olmayan hesab edilənlər isə dərhal qaz kameralarında öldürülürdülər.[31] Ölümə göndərilənlər əraziyə gələnlərin dörddə üç hissəsini təşkil edirdi.[b] Onların sırasına demək olar ki bütün uşaqlar, azyaşlı uşağı olan qadınlar, hamilə qadınlar, bütün yaşlılar və SS həkiminin qısamüddətli və səthi aparılan müayinəsinə əsasən tamamilə qeyri-sağlam və yararsız hesab edilən bütün şəxslər daxil idi.[33][34]

1943-cü ilin əvvəlində, Ferşuer tərəfindən həvəsləndirilən Mengele, həbs düşərgəsinə göndərilmək üçün müraciət edir.[25][35] Müraciəti qəbul edilir və o, Auşvitzə göndərilir. Burada Auşvitzin baş hərbi həkimi SS-Ştandortarzt Eduard Virts tərəfindən Auşvitz kompleksində yerləşən alt düşərgələrdən birinin — Birkenaudakı qaraçı ailə düşərgəsinin (alm. Zigeunerfamilienlager‎) baş həkimi vəzifəsinə təyin edilir.[25][35] SS həkimləri Auşvitz dustaqlarını müalicə etmir, sadəcə düşərgənin səhiyyə xidmətində çalışmaq məcburiyyətində qalan dustaq həkimlərin fəaliyyətinə nəzarət edirdilər.[36] Üzərinə qoyulan vəzifələrini icra edən Mengele hər həftə xəstəxana-baraklara baş çəkir və iki həftə ərzində yataqda müalicə aldıqdan sonra sağalmayan hər bir məhkumun qaz kameralarına göndərilməsini əmr edirdi.[37]

Mengele həm də öz eksperimentləri üçün tədqiqat obyekti tapmaq ümidilə,[38] hətta ona belə bir tapşırıq verilməsə də, xüsusi maraq göstərdiyi əkizlərin seçilməsi ilə məşğul olurdu.[39] Seçimləri ən stresli və xoşagəlməz vəzifələrindən biri kimi görən digər SS həkimlərinin əksinə, o, bu vəzifəni gözəbatan tərzdə böyük bir sevinclə, tez-tez gülümsəyərək və ya mahnı zümzümə edərək icra edirdi.[40][36] O, eyni zamanda Birkenau qaz kameralarında kütləvi qırğınlarda istifadə olunan sianid əsaslı pestisid olan Siklon B-nin istifadəsinə nəzarət edən SS həkimlərindən biri idi. Bu vəzifəsini IV və V krematoriylərdə yerləşən qaz kameralarında icra etmişdi.[41]

1943-cü ildə qaraçı düşərgəsində noma xəstəliyinin (ağız və üzün qanqrenli bakterial xəstəliyi) baş qaldırması ilə Mengele xəstəliyin səbəbini müəyyənləşdirmək və müalicəni inkişaf etdirmək üçün bir araşdırma başladır. Praqa Universitetinin yəhudi əsilli uşaq həkimi və professoru Bertold Epştaynı işə cəlb edir. Xəstələr ayrı bir barakda təcrid edilir. Ağrılara tab gətirə bilməyən bir neçə uşaq öldürülür ki, onların başları və orqanları Qratsdakı SS Tibb Akademiyasına və digər müəssisələrə göndərilsin. Bu tədqiqat qaraçı düşərgəsi ləğv edilənədək və 1944-cü ildə qalan sakinləri öldürülənədək davam etdi.[7]

Qadın düşərgəsindəki tif epidemiyasına cavab olaraq, Mengele altı yüz yəhudi qadının bir blokunu düşərgədən təmizlədi və qaz kameralarında ölümə göndərdi. Bundan sonra bina təmizləndi və dezinfeksiya edildi, qonşu blokun sakinləri yuyuldu, bitdən və bakteriyalardan təmizləndi və təmiz bloka keçməzdən əvvəl onlara yeni geyim verildi. Bu proses bütün baraklar dezinfeksiya olunana qədər təkrarlandı. Bənzər prosedurlar daha sonra skarlatina və digər xəstəliklərin epidemiyaları üçün də istifadə edildi, bu zaman qaz kameralarında yoluxmuş məhkumlar öldürüldü. Bu fəaliyyətinə görə, Mengele Döyüş ləyaqət xaçına layiq görüldü və 1944-cü ildə Birkenau alt düşərgəsinin birinci həkimi vəzifəsinə irəli çəkildi.[42]

İnsanlar üzərində eksperimentlər

[redaktə | mənbəni redaktə et]
Rixard Baer, Yozef Mengele və Rudolf Höss Auşvitzdə. 1944-cü il.
10-cu Blok — Mengelenin Auşvitzdəki "tibbi" palatası.

Mengele Auşvitzi antropoloji tədqiqatları və irsiyyət üzərində araşdırmalarını davam etdirmək üçün bir fürsət olaraq istifadə edərək, təcrübə üçün məhkumlardan istifadə edirdi.[7] Tibbi prosedurları həyata keçirərkən qurbanlarının sağlamlığına, təhlükəsizliyinə və ya fiziki və emosional əzablarına əhəmiyyət vermirdi.[7][8] Xüsusilə də eyni yumurta əkizləri, heteroxromiyalı insanlar (hər biri fərqli rəngdə gözlərə malik olan şəxslər), cırtdanlar və fiziki pozğunluqları olan insanlarla maraqlanırdı.[7] Qrant, Mengeledən mütəmadi olaraq hesabatlar və nümunələr alan Ferşuerin müraciəti əsasında Almaniya Tədqiqat Birliyi (alm. Deutsche Forschungsgemeinschaft‎) tərəfindən təmin edilirdi. Qrant Auşvitz II-Birkenauda II Krematoriyə aid patologiya laboratoriyasının tikintisinə sərf edilir.[43] 29 may 1944-cü ildə Auşvitzə gələn Macarıstan yəhudisi həkim-patoloq Mikloş Nisli bu laboratoriyada meyidləri yararaq nümunələr götürür və çatdırılması üçün hazır edirdi.[44] Əkizlər üzərində aparılan araşdırma qismən də irsiyyətin ətraf mühit üzərində üstünlüyünü sübut etmək və beləliklə də ari irqinin üstünlüyü ilə bağlı nasistlərin mövqeyini gücləndirmək məqsədi daşıyırdı.[45] Nisli və digərləri, əkizlər üzərində aparılan araşdırmaların, eyni zamanda, irqi baxımdan arzuolunan insanların əkiz olma şanslarını artıraraq alman irqinin artma faizini yüksəltmək niyyəti ilə əlaqəli olduğunu bildirmişdi.[46]

Mengelenin üzərində tədqiqat apardığı şəxslər digər məhkumlara nisbətən daha yaxşı qidalanır və yerləşdirilirdi və müvəqqəti olaraq qaz kameralarında ölümdən uzaq tutulurdu.[47] Mengele, eksperimentlərinin obyekti olan uşaqlar üçün, habelə qaraçı düşərgəsindən olan məktəbəqədər uşaqlar üçün uşaq bağçası da qurmuşdu. Bu düşərgədə digər düşərgələrə nisbətən daha yaxşı yemək və yaşayış şəraiti təmin edilmiş, hətta uşaqlar üçün oyun meydançası yaradılmışdı.[48] Azyaşlı tədqiqat obyektlərini ziyarət edərkən özünü "Mengele əmi" kimi təqdim edən və onlara konfet təklif edən bu şəxs,[49] eyni zamanda, öldürücü inyeksiya, güllələmə, döymə və ölümcül eksperimentləri ilə öldürdüyü naməlum sayda qurbanlarının qətlinə görə şəxsən məsuliyyət daşıyırdı.[50] 1986-cı ildə yazdığı kitabda Lifton, Mengeleni yəhudilərin aşağı səviyyəli və təhlükəli bir irq kimi yer üzündən tamamilə silinəcəyinə inanan sadist, empatiyasız və son dərəcə antisemit biri kimi təsvir edirdi.[51] Rolf Mengele sonralar müharibə dövründəki fəaliyyətinə görə atasının vicdan əzabı çəkmədiyini iddia etmişdi.[52]

Auşvitzin keçmiş məhkum həkimi Mengele haqqında bunları demişdi:

" Uşaqlara qarşı bu qədər mehriban ola, özünü onlara sevdirə, konfet gətirə, onların gündəlik həyatındakı xırda detalları düşünə və bizim həqiqətən də heyran qalacağımız hərəkətlər edə bilmişdi ... və sonrasında, ... krematoriya tüstüsü və bu uşaqları, səhərisi gün, ya da elə yarım saat ərzində, ora göndərirdi. İşin anormal olan tərəfi də elə bu idi.[53] "
Mengelenin eksperimentlərində istifadə etməsi üçün Auşvitzdə saxlanılan, lakin sağ qalan yəhudi əkizləri. Qızıl Ordu bu uşaqları 1945-ci ilin yanvarında almanlardan xilas edir.

Əkizlər Mengele və ya köməkçilərindən biri tərəfindən həftəlik müayinələrə və fiziki xüsusiyyətlərinin ölçülməsinə məruz qalırdılar.[54] Əkizlər üzərində apardığı təcrübələrə bədən üzvlərinin lazımsız yerə amputasiya edilməsi, tif və ya başqa bir xəstəliyi olan bir əkizin qəsdən yoluxdurulması və bir əkizin qanını digərinə köçürməsi daxil idi. Qurbanların çoxu bu prosedurlar yerinə yetirilərkən ölürdü.[55] Təcrübədən sağ çıxanlar bəzən öldürülür və Mengelenin sonrakı dövrlərdə istifadə etməyəcəyi zaman cəsədləri yarılırdı.[56] Nisli, Mengelenin bir gecədə on dörd əkizi, ürəklərinə xloroform vuraraq şəxsən öldürdüyü bir hadisəni xatırlayırdı.[36] Əgər bir əkiz xəstəlikdən ölərdisə, Mengele digər əkizi öldürməklə tədqiqat məqsədi ilə ölümdən sonrakı müqayisəli hesabatların hazırlanmasına imkan yaradırdı.[57]

Mengelenin həyata keçirdiyi təcrübələr arasında sağlam insanların gözlərinə kimyəvi maddələr yeridərək göz rəngini dəyişdirmək cəhdləri də vardı. O, heteroxromatik gözləri olan insanları öldürürdü ki, onların gözləri çıxarılsın və tədqiqat üçün Berlinə göndərilsin.[58] Onun cırtdanlar və fiziki qüsurlu insanlar üzərində apardığı təcrübələr fiziki ölçmə aparmaq, qan almaq, sağlam dişi çıxarmaq və lazımsız dərmanlar və rentgen şüaları ilə müalicə aparmaqdan ibarət idi.[8] Qurbanlarının çoxu təxminən iki həftədən sonra qaz kameralarına, skeletləri isə sonrakı təhlillər üçün Berlinə göndərilirdi.[59] Mengele, qaz kameralarına göndərilməzdən əvvəl üzərində təcrübələr aparacağı hamilə qadınlar axtarırdı.[60] Şahidlərdən Vera Aleksandr, Mengelenin bitişik əkizlər yaratmaq məqsədilə iki qaraçı əkizini bir-birinə arxa-arxaya necə qəddarcasına tikdiyindən danışırdı.[55] Veranın dediyinə görə hər iki uşaq bir neçə gün əzab çəkdikdən sonra qanqrendən ölmüşdü.[61]

Auşvitzdən sonra

[redaktə | mənbəni redaktə et]
Mengelenin şəxsiyyət vəsiqəsindəki fotoşəkil. Argentina. 1956-cı il.

Digər Auşvitz həkimləri ilə birlikdə 17 yanvar 1945-ci ildə Aşağı Sileziyadakı Qross-Rozen həbs düşərgəsinə köçürülən Mengele özü ilə birlikdə iki qutu nümunə və Auşvitzdəki təcrübələrinin qeydlərini götürür. Düşərgənin tibbi sənədlərinin bir çoxu, yanvarın 27-də Qızıl Ordu Auşvitzi azad edənədək,[62] SS tərəfindən məhv edilir.[63][64] Mengele, Sovetlərin Qross-Rozenə gəlməsindən bir həftə əvvəl — fevralın 18-də burdan qaçır və Vermaxt zabiti kimi gizlənərək qərbə doğru yol alıb Çexoslovakiyanın Jatets şəhərinə gedir. Burada onun əleyhinə olan ittihamedici sənədlərini əlaqə qurduğu tibb bacısına müvəqqəti olaraq əmanət edir.[63] Sonra o və dəstəsi Sovetlərin əlinə keçməmək üçün qərbə doğru tələssə də, 1945-ci ilin iyun ayında amerikalılar tərəfindən əsir götürülürlər. Mengele ilk əvvəl öz adı ilə qeydiyyata alınmış olsa da, Müttəfiqlərin, axtarılan şəxslərin siyahılarının paylanması ilə əlaqədar işini düzgün təşkil etməməsi, eləcə də Mengeledə SS qoşunlarının üzvlərinə məxsus olan, qan qrupunun müəyyən edilməsi məqsədini daşıyan tatuirovkanın aşkar edilməməsi səbəbindən onun adı müharibə cinayəti törədən əsas şəxslərin siyahısında əks olunmamışdı.[65] İyul ayının sonunda sərbəst buraxılan Mengele "Fritz Ullman" adı ilə saxta sənədlər alır, sonradan həmin sənədlərdə adını "Fritz Hollmann" olaraq qeyd etdirir.[66]

Qaçdıqdan bir neçə ay sonra Auşvitzdəki sənədlərini götürmək məqsədilə Sovetlərin işğalı altında olan əraziyə gedir. Daha sonra Rozenhaym yaxınlığında fermer işi tapır.[67] Mengele əmin idi ki, tutulsa, məhkəmə qarşısına çıxarılacaq və barəsində ölüm hökmü veriləcək. Nəhayət, 17 aprel 1949-cu ildə Almaniyadan qaçır.[68][69] Keçmiş SS üzvlərindən ibarət şəbəkənin köməyi ilə Genuyaya gedir. Burada "Helmut Qreqor" adı altında Beynəlxalq Qırmızı Xaç Komitəsindən pasport alır və 1949-cu ilin iyulunda dəniz yolu ilə Argentinaya gedir.[70] Həyat yoldaşı onunla gəlməkdən imtina edir və cütlük 1954-cü ildə boşanır.[71]

Cənubi Amerikada

[redaktə | mənbəni redaktə et]
Mengelenin Argentinaya daxil olması üçün istifadə etdiyi İtaliya pasportu.

Mengele Visente Lopes şəhərinin yaxınlığındakı pansionatda yaşayır və Argentinanın Buenos-Ayres şəhərində dülgər işləyir.[72] Bir neçə həftədən sonra Floridanın "milyonerlər" məhəlləsinə bir nasistin evinə köçür. Sonra ailəsinin kənd təsərrüfatı avadanlıqları istehsal edən "Karl Mengele və Oğulları" şirkətində satış mütəxəssisi olaraq çalışır və 1951-ci ildə regional satış nümayəndəsi olaraq tez-tez Paraqvaya səfərlər etməyə başlayır.[73] 1953-cü ildə Buenos-Ayresin mərkəzində bir mənzilə köçür, dülgərlik konsernində iştirak payı almaq üçün ailə şirkətindəki səhmlərindən istifadə edir və sonra 1954-cü ildə Olivos şəhərinin ətrafında ev kirayəyə götürür.[74] Argentina hökuməti tərəfindən 1992-ci ildə yayımlanan sənədlər, Mengelenin Buenos-Ayresdə yaşadığı müddətdə lisenziyasız dərmanlardan istifadə etdiyini və abort əməliyyatları həyata keçirdiyini göstərirdi.[75]

1956-cı ildə Qərbi Almaniya səfirliyi vasitəsi ilə doğum şəhadətnaməsinin bir nüsxəsini aldıqdan sonra Mengeleyə əsl adı ilə, Argentina hökuməti tərəfindən yaşayış icazəsi verilir. Qərbi Almaniya pasportu almaq üçün həm bu sənəddən, həm də əsl adından istifadə edən Mengele Avropaya səyahətə başlayır.[76][77] İsveçrədə ikən oğlu Rolf və dul baldızı Marta ilə xizək tətilində bir araya gəlir. Rolfa Mengele "Fritz əmi" kimi təqdim olunur.[78] Daha sonra Mengele bir həftə doğma Güntsburqda qalır.[79][80] 1956-cı ilin sentyabrında Argentinaya qayıdarkən Mengele əsl adı ilə yaşamağa başlayır. Marta və oğlu Karl Hans təqribən bir ay sonra onun yanına gəlir və üçü birlikdə yaşamağa başlayırlar. Yozef və Marta 1958-ci ildə Uruqvayda tətil edərkən evlənir və Buenos-Ayresdə bir ev alırlar.[76][81] Mengele əczaçılıq şirkəti olan "Fadro Farm"ın bir hissəsinə sahib olur.[79] Abortdan sonra vəfat edən yeniyetmə qızın əməliyyatında lisenziyasız dərman tətbiq etməkdə şübhəli bilinən Mengele 1958-ci ildə bir neçə həkimlə birlikdə sorğuya alınır, lakin sərbəst buraxılır. Tanındığı halda nasist keçmişinin və müharibə dövründəki fəaliyyətlərinin ortaya çıxacağının fərqində olan Mengele Paraqvaya uzun bir iş səyahətinə çıxır və 1959-cu ildə "Yoze Mengele" adı altında Paraqvayda vətəndaşlıq alır.[82] İşlərini həll etmək və ailəsini ziyarət etmək məqsədilə Mengele bir neçə dəfə Buenos-Ayresə qayıdır. Şəhərdə pansionatda yaşamaqda olan Marta və Karl 1960-cı ilin dekabrında Almaniyaya qayıdırlar.[83]

1940-cı illərin ortalarında Nürnberq prosesində Mengelenin adı bir neçə dəfə çəkilsə də, Müttəfiq qüvvələr onun artıq ölmüş olduğunu ehtimal edirdilər.[84] İren Mengele və Yozefin Güntsburqdakı ailəsi də onun öldüyünü iddia edirdilər.[85] Qərbi Almaniyada işləyən nasist ovçuları Simon Vizental və Hermann Lanqbayn, Mengelenin müharibədəki fəaliyyəti ilə əlaqədar şahidlərdən məlumat toplayırlar. İctimaiyyətə açıq olan sənədlərin axtarışı zamanı Lanqbayn, Mengelenin Buenos-Ayresdə ünvanının qeyd olunduğu boşanma sənədlərini tapır. O, Vizental ilə birgə Qərbi Almaniyanın səlahiyyətli orqanlarına ekstradisiya əməliyyatlarına başlamaları üçün təzyiq göstərirlər. Nəhayət, 5 iyun 1959-cu ildə həbs qərarı verilir.[86][87] Argentina əvvəlcə ekstradisiya tələbindən imtina edir, çünki qaçaq artıq sənədlərdə göstərilən ünvanda yaşamırdı. Ekstradisiya 30 iyun tarixində təsdiqlənir. Həmin vaxta qədər Mengele artıq Paraqvaya qaçmışdı və Argentina sərhədi yaxınlığında bir fermada yaşayırdı.[88]

Mossadın cəhdləri

[redaktə | mənbəni redaktə et]

Mossadın (İsrail kəşfiyyat agentliyi) rəhbəri İsser Harel 1960-cı ilin mayında Buenos-Ayresdə Adolf Eyxmanın tutulması ilə nəticələnmiş uğurlu əməliyyata özü şəxsən rəhbərlik etmişdi. Mengelenin İsraildə mühakimə edilə bilməsi üçün onun da izinə düşməyi ümid edirdi.[89] Ayhman dindirmə zamanı nasist qaçaqları üçün təhlükəsiz ev kimi istifadə edilən pansionatın ünvanını vermişdi. Evə baxış keçirilsə də, Mengele və ya ailə üzvlərinin heç biri burada aşkar edilməmişdi. Məhəllənin poçtalyonu iddia edirdi ki, Mengele bu yaxınlaradək əsl kimliyi ilə məktublar alsa da, o vaxtdan etibarən yeni poçt ünvanını da bildirmədən pansionatı tərk etmişdi. Mengelenin ortaq olduğu mexaniki avadanlıq dükanında da Harelin sorğuları heç bir nəticə vermir, buna görə də axtarışdan imtina etməyə məcbur olur.[90]

1956-cı ildə Menegeleni həqiqi adının qeyd olunduğu rəsmi sənədlərlə təmin edən (bu sənədlər Mengeleyə Argentinada daimi yaşayış yerini rəsmiləşdirməyə imkan vermişdi) Qərbi Almaniya indi onun tutulması üçün mükafat təklif edirdi. Mengelenin müharibə dövründəki fəaliyyətinin şəkillər ilə birlikdə qəzetlərdə çıxmaqda davam etməsi 1960-ci ildə onu yenidən köçməyə vadar edir. Keçmiş pilot Hans-Ulrix Rudel Mengeleni, sərhədi keçib Braziliyaya getməsinə kömək edəcək nasizm tərəfdarı Volfqanq Gerhard ilə əlaqələndirir.[83][91] Mengele daimi yaşayış yeri tapılana qədər macar mühacirləri Giza və Gitta Ştammer ilə birlikdə San-Paulu yaxınlığındakı fermada qalır. Mengelenin sərmayə yatırımı sayəsində cütlük Nova Europada ferma satın alır; fermanın idarəsi Mengeleyə verilir. Üçü birgə 1962-ci ildə Serra Neqrada qəhvə və maldarlıq ferması satın alır; Mengele fermanın yarsına sahib olur.[92] Gerhard ilk əvvəl Ştammerlərə Mengelenin adının "Piter Hoxbixler" olduğunu söyləsə də, 1963-cü ildə onun əsl kimliyini aşkar edirlər. Gerhard Mengelenin yerini səlahiyyətli şəxslərə bildirməmələri məsələsində Ştammerləri yola gətirərək onları inandırır ki, özləri də bir qaçağı evlərində gizlətməkdə ittiham edilə bilərlər.[93] Bu arada Mengelenin Braziliyaya köçmək ehtimalını nəzərə alan Qərbi Almaniya hökuməti isə 1961-ci ilin fevralında Braziliyaya qarşı ekstradisiya tələbi irəli sürür.[94]

Bu zaman Adolf Eyxmanın tutulmasında iştirak edən Mossad agentlərindən Zvi Aharoni, Mengelenin izlənilməsi və İsraildə mühakimə edilməsinə dair tapşırıq alan agentlər qrupunun rəhbəri təyin edilir. Paraqvaydakı təhqiqat nəticəsində Mengelenin yeri barədə heç bir ipucu əldə edilmir və agentlər Mengele ilə həmin vaxt İtaliyada yaşayan həyat yoldaşı Marta arasında yazışmaların qarşısını ala bilmirlər. Rudelin hərəkətlərini izləyən agentlər də heç bir nəticə əldə edə bilmirlər.[95] Aharoni və komandası Gerhardın izinə düşərək San-Paulu yaxınlığında bir kənd ərazisinə gedir və burada Mengele olduğunu düşündükləri bir avropalı kişi aşkar edirlər.[96] Bu barədə Harelə məlumat verilsə də, tutulma prosesinə, axtarış əməliyyatına büdcədən ayırmalarda məhdudiyyətlərin olması və İsrailin Misirlə münasibətlərinin pisləşməsinə diqqət yetirilməsi Mossad rəhbərliyinin 1962-ci ildə Mengele üçün aparılan araşdırmaları dayandırmasına səbəb oldu.[97]

Sonrakı həyatı və ölümü

[redaktə | mənbəni redaktə et]
Mengelenin boğulduğu Braziliya, San-Paulu sahillərindəki Bertioqadakı Enseada çimərliyi.

1969-cu ildə Ştammerlər Kaeyrasda Mengele ilə ortaq ferma satın alırlar.[98] Volfqanq Gerhard 1971-ci ildə xəstə arvadı və oğlunun müalicəsi üçün Almaniyaya qayıdanda şəxsiyyət vəsiqəsini Mengeleyə verir.[99] 1974-cü ilin sonlarında San-Pauluda ev alan Ştammerlər bu barədə xəbər vermədiklərinə görə Mengele ilə dostluqları pozulur.[c] Daha sonra Ştammerlər San-Paulu yaxınlığındakı Eldoradoda bunqalo satın alır və Mengeleyə kirayəyə verirlər.[102] 1956-cı ildə xizək tətilindən bəri atasını görməyən Rolf 1977-ci ildə bungaloda onu ziyarət edir; nasist Mengele oğluna şəxsən heç kimə zərər vermədiyini, bir məmur kimi yalnız ona tapşırılanları icra etdiyini, bununla belə heç peşmanlıq çəkmədiyini bildirir.[103]

Mengelenin səhhəti 1972-ci ildən bəri davamlı olaraq pisləşirdi. 1976-cı ildə insult keçirən[104] Mengelenin təzyiqi yüksək idi. Qulaq infeksiyası da kifayət qədər irəliləmiş və müvazinətini itirməyinə səbəb olmuşdu. 7 fevral 1979-cu ildə Bertioqa sahil kurortunda dostları Volfram və Liselotte Bosserti ziyarət edən Mengele dənizdə üzərkən ikinci dəfə insult keçirir və boğularaq ölür.[105] Mengele, 1971-ci ildən bəri şəxsiyyət vəsiqəsini istifadə etdiyi Volfqanq Gerhardın adı ilə Embuda dəfn edilir.[106]

Mengele Cənubi Amerikada yaşayarkən "Həkim Fausto Rindon" və "S. Xosi Alvers Aspiazu" kimi saxta adlardan da istifadə etmişdir.[107]

Almaniyanı tərk etdiyi gündən bəri tez-tez Mengelenin müxtəlif ölkələrdə görülməsinə dair xəbərlər yayılırdı. Vizental, Mengelenin ölkəni tərk etdikdən sonra on səkkiz il ərzində bir neçə ölkə dəyişdirdiyini bildirir və əlində 1960-cı ildə yunan adası Kitnosda,[108] 1961-ci ildə Qahirədə,[109] 1971-ci ildə İspaniyada,[110] 1978-ci ildə isə Paraqvayda görüldüyünə dair məlumatlar olduğunu iddia edirdi.[111] Mengelenin ölümündən altı il keçməsinə baxmayaraq 1985-ci ildə onun hələ də sağ olduğunu təkidlə qeyd edirdi. Daha öncə 1982-ci ildə onun tutulmasına görə 100,000 ABŞ dolları məbləğində (2019-cu il üzrə bu məbləğ 264,931 ABŞ dollarına bərabərdir) mükafat vəd vermişdi.[112] 1985-ci ilin fevralında Qüdsdə keçirilən və Mengelenin eksperimentlərinin qurbanlarının şahid ifadələrinin yer aldığı səhnələşdirilmiş məhkəmə prosesi ilə dünya miqyasında işə maraq daha da artdı. Qısa müddətdən sonra Qərbi Almaniya, İsrail və ABŞ hökumətləri Mengelenin harada olduğunu müəyyənləşdirmək üçün koordinasiya edilmiş fəaliyyətə başladılar. The Washington TimesSimon Vizental Mərkəzi kimi Qərbi Almaniya və İsrail hökumətləri də onun tutulması üçün mükafatlar təklif etdilər.[113]

31 may 1985-ci ildə, Qərbi Almaniya prokurorluğu tərəfindən aparılan əməliyyat-axtarış fəaliyyətinə əsasən polis, Mengelenin ömür-gün dostu və Güntsburqdakı ailə şirkətinin satış meneceri Hans Sedlmayerin evinə basqın edir.[114] Polis kodlanmış ünvan kitabçası və Mengeleyə göndərilən və alınan məktubların nüsxələrini tapır. Kağızların arasında Volfram Bossertin Mengelenin ölümü haqqında Sedlmayeri xəbərdar edən bir məktubu vardı.[115] Almaniyanın səlahiyyətli qurumları daha sonra Bossertlər ilə əlaqə quran San-Paulu polisinə məlumat bildirirlər. Dindirmə zamanı onlar Mengelenin qəbrinin yerini aşkar edir[116] və 6 iyun 1985-ci ildə qəbri qazırlar. Hərtərəfli məhkəmə-tibbi ekspertizası cəsədin həqiqətən Yozef Mengeleyə məxsus olması ehtimalının yüksək olduğunu ifadə edirdi.[117] İyunun 10-da Rolf Mengele cəsədin atasına aid olduğunu təsdiqləyən bəyanat verdi və etiraf etdi ki, atasının ölüm xəbəri illərlə ona sığınacaq vermiş insanları qorumaq məqsədilə gizlədilmişdi.[118]

1992-ci ildə DNT müayinəsi Mengelenin şəxsiyyətini təsdiq etsə də,[119] ailə üzvləri Braziliya rəsmilərinin cəsəd qalıqlarının Almaniyaya təhvil verilməsi barədə dəfələrlə etdiyi tələbləri rədd edirlər.[120]

Mengelenin skeleti hazırda San-Paulu Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda saxlanılır və burada San-Paulu Universitetinin tibb məktəbində məhkəmə-tibbi ekspertizası dərsləri zamanı tədris vasitəsi kimi istifadə olunur.[121]

2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Holokost Memorial Muzeyinə Karl-Fridrix Höker tərəfindən çəkilmiş, Auşvitz heyətinin fotoşəkillərindən ibarət "Höker Albomu" daxil olur. Fotoşəkillərin səkkizində Mengele də vardı.[122]

2010-cu ilin fevral ayında Mengelenin 180 səhifəlik gündəliyi "Alexander Autographs" tərəfindən, Holokostdan xilas olan bir şəxsin nəvəsinə, açıqlanmayan bir məbləğə auksionda satılır. Gündəliyin naməlum əvvəlki sahibi onu Braziliyada ikən əldə etmişdi. Həmin şəxsin Mengele ailəsinə yaxın olduğu bildirilir. Holokostdan qurtulanların təşkilatlarından biri bu satışı "ən iyrənc nasist cinayətkarlarından birinin yazılarından qazanc əldə etməyi hədəfləmiş, aşağılayıcı istismar hərəkəti" olaraq xarakterizə etmişdi.[123] Simon Vizental Mərkəzinin ravvini Marvin Hier, gündəliyin yəhudilərin əlinə düşdüyünə görə çox şad olmuş və bunları bildirmişdi: "İranda Əhmədinejad tərəfindən mütəmadi olaraq Holokostun və antisemitizmin inkar edildiyi və yəhudilərə olan nifrətin təkrarlandığı bir dövrdə bu hadisə xüsusilə əhəmiyyətlidir".[124] 2011-ci ildə Mengelenin gündəliklərinin daha 31 cildi yenidən qalxan etirazlara baxmayaraq, eyni auksion evi tərəfindən İkinci Dünya müharibəsinə aid əşyaları toplayan kolleksiyaçıya 245.000 ABŞ dollarına satıldı.[125]

  1. İşləməyə qadir olan yeni gələnlər düşərgəyə, əmək qabiliyyəti olmayan hesab edilənlər qaz kameralarına göndərilirdi.
  2. Söhbət 1944-cü ilin ortalarında düşərgəyə gətirilən macarlardan gedir. Onların 85%-i dərhal öldürülmüşdü.[32]
  3. Mengelenin gündəliyindəki qeydlərə və yoldaşlarıyla söhbətlərinə əsaslanaraq, Cerald Pozner və Cerald Astor kimi tarixçilər Mengelenin Gitta Ştammer ilə cinsi əlaqədə olduğunu düşünürlər.[100][101]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Josef Mengele // Frankfurter Personenlexikon. 2014.
  3. 1 2 The 7 Most Notorious Nazis Who Escaped to South America. // History (ABŞ teleşəbəkəsi) 2017.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118783262 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Levy, 2006. səh. 242
  6. 1 2 USHMM: Josef Mengele
  7. 1 2 3 4 5 Kubica, 1998. səh. 320
  8. 1 2 3 Astor, 1985. səh. 102
  9. Astor, 1985. səh. 12
  10. Posner, Ware, 1986. səh. 4–5
  11. Posner, Ware, 1986. səh. 6–7
  12. Kershaw, 2008. səh. 81
  13. 1 2 3 4 Kubica, 1998. səh. 318
  14. Posner, Ware, 1986. səh. 8, 10
  15. Weindling, 2002. səh. 53
  16. Allison, 2011. səh. 52
  17. Levy, 2006. səh. 234 (footnote)
  18. 1 2 Lifton, 1986. səh. 340
  19. Posner, Ware, 1986. səh. 11
  20. Posner, Ware, 1986. səh. 54
  21. Evans, 2008. səh. 7
  22. Longerich, 2010. səh. 132
  23. Posner, Ware, 1986. səh. 16
  24. Kubica, 1998. səh. 318–319
  25. 1 2 3 Kubica, 1998. səh. 319
  26. Posner, Ware, 1986. səh. 16–18
  27. Astor, 1985. səh. 27
  28. Longerich, 2010. səh. 282–283
  29. Steinbacher, 2005. səh. 94, 96
  30. Steinbacher, 2005. səh. 104–105
  31. Rees, 2005. səh. 100
  32. Steinbacher, 2005. səh. 109
  33. Levy, 2006. səh. 235–237
  34. Astor, 1985. səh. 80
  35. 1 2 Allison, 2011. səh. 53
  36. 1 2 3 Lifton, 1985
  37. Astor, 1985. səh. 78
  38. Levy, 2006. səh. 248–249
  39. Posner, Ware, 1986. səh. 29
  40. Posner, Ware, 1986. səh. 27
  41. Piper, 1998. səh. 170, 172
  42. Kubica, 1998. səh. 328–329
  43. Posner, Ware, 1986. səh. 33
  44. Posner, Ware, 1986. səh. 33–34
  45. Steinbacher, 2005. səh. 114
  46. Lifton, 1986. səh. 358–359
  47. Nyiszli, 2011. səh. 57
  48. Kubica, 1998. səh. 320–321
  49. Lagnado, Dekel, 1991. səh. 9
  50. Lifton, 1986. səh. 341
  51. Lifton, 1986. səh. 376–377
  52. Posner, Ware, 1986. səh. 48
  53. Lifton, 1985. səh. 337
  54. Lifton, 1986. səh. 350
  55. 1 2 Posner, Ware, 1986. səh. 37
  56. Lifton, 1986. səh. 351
  57. Lifton, 1986. səh. 347, 353
  58. Lifton, 1986. səh. 362
  59. Lifton, 1986. səh. 360
  60. Brozan, 1982
  61. Mozes-Kor, 1992. səh. 57
  62. Steinbacher, 2005. səh. 128
  63. 1 2 Levy, 2006. səh. 255
  64. Posner, Ware, 1986. səh. 57
  65. Posner, Ware, 1986. səh. 63
  66. Posner, Ware, 1986. səh. 63, 68
  67. Posner, Ware, 1986. səh. 68, 88
  68. Posner, Ware, 1986. səh. 87
  69. Levy, 2006. səh. 263
  70. Levy, 2006. səh. 264–265
  71. Posner, Ware, 1986. səh. 88,108
  72. Posner, Ware, 1986. səh. 95
  73. Posner, Ware, 1986. səh. 104–105
  74. Posner, Ware, 1986. səh. 107–108
  75. Nash, 1992
  76. 1 2 Levy, 2006. səh. 267
  77. Astor, 1985. səh. 166
  78. Posner, Ware, 1986. səh. 2
  79. 1 2 Astor, 1985. səh. 167
  80. Posner, Ware, 1986. səh. 111
  81. Posner, Ware, 1986. səh. 112
  82. Levy, 2006. səh. 269–270
  83. 1 2 Levy, 2006. səh. 273
  84. Posner, Ware, 1986. səh. 76, 82
  85. Levy, 2006. səh. 261
  86. Levy, 2006. səh. 271
  87. Posner, Ware, 1986. səh. 121
  88. Levy, 2006. səh. 269–270, 272
  89. Posner, Ware, 1986. səh. 139
  90. Posner, Ware, 1986. səh. 142–143
  91. Posner, Ware, 1986. səh. 162
  92. Levy, 2006. səh. 279–281
  93. Levy, 2006. səh. 280, 282
  94. Posner, Ware, 1986. səh. 168
  95. Posner, Ware, 1986. səh. 166–167
  96. Posner, Ware, 1986. səh. 184–186
  97. Posner, Ware, 1986. səh. 184, 187–188
  98. Posner, Ware, 1986. səh. 223
  99. Levy, 2006. səh. 289
  100. Posner, Ware, 1986. səh. 178–179
  101. Astor, 1985. səh. 224
  102. Posner, Ware, 1986. səh. 242–243
  103. Posner, Ware, 1986. səh. 2, 279
  104. Levy, 2006. səh. 289, 291
  105. Levy, 2006. səh. 294–295
  106. Blumenthal, 1985. səh. 1
  107. Zentner, Bedürftig, 1991. səh. 586
  108. Segev, 2010. səh. 167
  109. Walters, 2009. səh. 317
  110. Walters, 2009. səh. 370
  111. Levy, 2006. səh. 296
  112. Levy, 2006. səh. 297, 301
  113. Posner, Ware, 1986. səh. 306–308
  114. Posner, Ware, 1986. səh. 89, 313
  115. Levy, 2006. səh. 302
  116. Posner, Ware, 1986. səh. 315, 317
  117. Posner, Ware, 1986. səh. 319–321
  118. Posner, Ware, 1986. səh. 322
  119. Saad, 2005
  120. Simons, 1988
  121. The Guardian, 2017
  122. USHMM: SS Auschwitz album
  123. Oster, 2010
  124. Hier, 2010
  125. Aderet, 2011
Əlavə oxu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]