≛

Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nürnberq prosesi zamanı müttəhimlər kürsüsündə əyləşmiş təqsirləndirilən şəxslər, noyabr 1945-ci il.[1]

Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib.[2]

Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi.[3] Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.[3] Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır.[3][Ş 1] Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır.[3]

İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər.[5] 1945-ci il 29 avqust tarixində əsas hərbi cinayətkarların siyahısı dərc edildi.[5] Bu siyahıda 24 nəfərin adı var idi. Hərbi cinayətkarlara qarşı dörd müxtəlif istiqamətdə ittiham irəli sürüldü:[5]

  1. Nasist partiyasının planları, bütün dünyaya qarşı təcavüzkarlıq;
  2. Sülhə qarşı cinayət;
  3. Hərbi cinayətkarlıq;
  4. İnsaniyyətə qarşı cinayət.[Ş 2]

1945-ci ilin 18 oktyabr tarixində ittiham materialları artıq hazır idi. Məhkəmə prosesinə bir ay qalmış hər bir müttəhim bu materiallarla tanış oldu.[5] Materialla tanış olduqdan sonra, 25 oktyabr 1945-ci ildə nasist partiyasının funksioneri Robert Ley özünə qəsd etdi.[6] Nasist hərəkatına xeyli maddi yardım göstərmiş Qustav Krupp isə səhhətindəki problemlərə görə məhkəmə prosesi başlamamış azad edildi.[7] Digər müttəhimlər isə hakim qarşısına çıxdı. London sazişinə əsasən, beynəlxalq hərbi tribunal dörd dövlətin, yəni ABŞ, SSRİ, Böyük BritaniyaFransanın nümayəndələrindən təşkil edilmişdi.[5] Məhkəmənin sədri britaniyalı hüquqşünas Ceffri Lourens idi.[5]

Tribunal 217 günə başa çatdı. 403 dinləmə keçirildi. Bu dinləmələr ümumi olaraq 24 min saat demək idi. İclas stenoqramları yazılmış sənədlərin hündürlüyü 10 metr idi. 3 milyon sənəd və uzunluğu 2400 metr olan kinolent arxivə göndərildi. Sübut olaraq çoxsaylı şahid ifadələri, əsir düşərgələrinin sakinləri, foto və kino sənədlərdən istifadə edildi. Eyni zamanda, ittiham olunanlar tərəfindən imzalanmış və yazılmış əmrlər, raportlar da sübut kimi istifadə edilib.[4]

1946-cı il sentyabrın 30-da və oktyabrın 1-də hökm oxundu.[2] Herman Görinq, İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Martin Borman,[Ş 3] Frits Zaukel, Alfred Yodl, və Artur Zeys-İnkvart asılmaqla ölüm cəzasına məhkum edildilər.[5] Hans Friçe, Frans von PapenYalmar Şaxt bəraət qazandılar.[5] Digər müttəhimlər barədə isə müxtəlif həbs cəzaları hökmü oxundu.[5]

Cədvəldəki rənglərin və şərti işarələrin izahı

[redaktə | mənbəni redaktə et]
  • Məhkəmənin hökmü ilə edam edilmiş şəxslər cədvəldə boz rənglə ayrılmışdır.
  • Məhkəmə hökmündən əvvəl və ya sonra özünə qəsd etmiş və yaxud başqa şəraitdə həlak olmuş şəxslər cədvəldə qəhvəyi rənglə ayrılmışdır.
  • Sağ qalan şəxslər cədvəldə ağ rənglə ayrılmışdır.
  • T — müttəhim elan edilmiş ittihamın bu bəndinə əsasən təqsirli bilinib.
  • TZ — müttəhim elan edilmiş ittihamın bu bəndinə əsasən təqsirsiz bilinib.
  • İİS — müttəhimə bu bəndə əsasən ittiham irəli sürülməyib.

Nürnberq prosesində təqsirləndirilən və məhkum edilmiş şəxslərin siyahısı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Nürnberq prosesi
Tam adı Şəkli Rütbəsi və vəzifəsi
İttiham olunduğu bəndlər
Məhkəmənin hökmü və sonrakı taleyi İstinad
1 2 3 4

Martin Borman
(alm. Martin Bormann‎)


(17 iyun 1900 – 2 may 1945)

NSAFP dəftərxanasının rəisi; Reyxslyayter;
Portfelsiz reyxsministr.
Fürerin şəxsi katibi.

TZ İİS T T

Qiyabi şəkildə məhkəməyə cəlb edilib, asılmaqla ölüm cəzasına məhkum edilib. Uzun müddət hesab edilirdi ki, Borman sağdır və ədalət məhkəməsindən gizlənir. 1973-cü ildə rəsmən ölmüş hesab edilib.[Ş 4]

[9]

Herman Vilhelm Görinq
(alm. Hermann Wilhelm Göring‎)


(12 yanvar 1893 – 15 oktyabr 1946)

Üçüncü Reyxin Reyxsmarşalı və Hərbi Hava Qüvvələrinin baş komandanı.
Reyxstaqın sədri; Aviasiya reyxsministrı.
23 aprel 1945-ci ildə, fürerin əmri ilə tutduğu bütün vəzifələrdən azad edilib və ev həbsinə alınıb.

T T T T

İttihamın bütün bəndləri üzrə təqsirli bilinib, asılmaqla ölüm cəzasına məhkum edilib. Asılma yolu ilə ölüm hökmünün güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. Edama bir neçə saat qalmış zəhər qəbul edərək intihar edib.[Ş 5]

[11]

Rudolf Hess
(alm. Rudolf Heß‎)


(26 aprel 1894 – 17 avqust 1987)

SS və SA-nın oberqruppenfüreri.
Reyxslyayter; Portfelsiz reyxsministr.
Fürerin NSAFP üzrə müavini.

T T TZ TZ

Prosesdə əsas hərbi cinayətkarlardan biri adlandırılıb, bununla belə, onun müharibənin əvvəlində əsir düşdüyü nəzərə alındığından, o, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirsiz bilinib. Ömürlük həbs cəzasına məhkum edilib. Cəzasını Berlindəki Şpandau həbsxanasında çəkib. 1987-ci ildə müəmmalı şəraitdə ölmüş vəziyyətdə tapılıb.[Ş 6]

[13]

Karl Dönits
(alm. Karl Dönitz‎)


(16 sentyabr 1891 – 24 dekabr 1980)

Qross-admiral.
Üçüncü Reyxin Hərbi Dəniz Qüvvələrinin baş komandanı (1943–1945).
Reyxsprezident və Üçüncü Reyxin Silahlı Qüvvələrinin baş komandanı (1945-ci il aprelin 30-dan mayın 23-dək).

TZ T T İİS

Hərbi cinayətlərə görə (xüsusilə, sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibə aparılması) 10 il müddətinə həbs cəzası alıb. 1956-cı ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb. 24 dekabr 1980-ci il tarixində vəfat edib.

[14]

Ernst Fridrix Kristof "Frits" Zaukel
(alm. Ernst Friedrich Christoph "Fritz" Sauckel‎)


(27 oktyabr 1894 – 16 oktyabr 1946)

SS və SA-nın oberqruppenfüreri.
Türingiyanın reyxsştatqalteri və qaulyalteri.
İşçi qüvvəsinin istifadəsi üzrə baş müvəkkil və dördillik planın idarəsində işçi qüvvəsi üzrə komissar.

TZ TZ T T

İlk növbədə Ostarbayterlər və hərbi əsirlərlə amansız rəftara görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Asılıb.

[15]

Artur Zeys-İnkvart
(alm. Arthur Seyß-Inquart‎)


(22 iyul 1892 – 16 oktyabr 1946)

SS-in oberqruppenfüreri.
General-qubernatorun müavini (1939–1940);
Niderlandın reyxskomissarı (1940–1944).

TZ T T T

İlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, sülhə qarşı cinayət, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Öz günahını boynuna almış azsaylı müttəhimlərdən biri olub. Asılıb.

[16]

Alfred Yodl
(alm. Alfred Jodl‎)


(10 may 1890 – 16 oktyabr 1946)

General-polkovnik.
Üçüncü Reyxin Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının operativ idarəsinin rəisi.

T T T T

İttihamın bütün bəndləri üzrə təqsirli bilinib, asılmaqla ölüm cəzasına məhkum edilib. Asılma yolu ilə ölüm hökmünün güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. Asılıb. 1953-cü ildə A. Yodlun həyat yoldaşı Münhen məhkəməsi vasitəsilə onun tam bəraət qazanmasına nail ola bilib, lakin qərar ictimaiyyətin təzyiqi altında elə həmin ildəcə ləğv olunub.

[17]

Ernst Kaltenbrunner
(alm. Ernst Kaltenbrunner‎)


(4 oktyabr 1903 – 16 oktyabr 1946)

SS-in oberqruppenfüreri.
Polis və SS qoşunlarının generalı.
Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi.

TZ İİS T T

İlk növbədə işğal olunmuş ərazilərin əhalisi və hərbi əsirlərlə amansız rəftara, həmçinin yəhudilərin təqib olunmasının təşkilinə görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Asılıb.

[18]

Vilhelm Bodevin Yohann Qustav Keytel
(alm. Wilhelm Bodewin Johann Gustav Keitel‎)


(22 sentyabr 1882 – 16 oktyabr 1946)

General-feldmarşal.
Üçüncü Reyxin Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının qərargah rəisi.

T T T T

İttihamın bütün bəndləri üzrə təqsirli bilinib, asılmaqla ölüm cəzasına məhkum edilib. Asılma yolu ilə ölüm hökmünün güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. Asılıb.

[19]

Qustav Georq Fridrix Mariya Krupp von Bolen und Halbax
(alm. Gustav Georg Friedrich Maria Krupp von Bohlen und Halbach‎)


(7 avqust 1870 – 16 yanvar 1950)

Hərbi iqtisadiyyatın füreri.
"AG Krupp" konsernin sahibi və rəhbəri.

Hər dörd bənd üzrə ittiham olunurdu, lakin onu müayinə etmiş beynəlxalq tibbi komissiya müəyyən edib ki, o, səhhətindəki problemlərə görə məhkəmə qarşısında dayana bilməz.[Ş 7]

[20]

Robert Ley
(alm. Robert Ley‎)


(15 fevral 1890 – 25 oktyabr 1945)

SA-nın oberqruppenfüreri.
Reyxslyayter, NSAFP-ın təşkilat şöbəsinin müdiri.
Alman əmək cəbhəsinin rəhbəri.

Hər dörd bənd üzrə ittiham olunurdu. Prosesinin başlanmasına az qalmış həbsxanada intihar edib.

[21]

Konstantin fon Neyrat
(alm. Konstantin von Neurath‎)


(2 fevral 1873 – 14 avqust 1956)

SS-in qruppenfüreri.
Xarici işlər naziri (1932–1938).
Bohemya və Moraviyanın reyxsprotektoru. (1939–1941).

T T T T

İttihamın bütün bəndləri üzrə təqsirli bilinib. 15 illik həbs cəzasına məhkum edilib. 1954-cü ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 14 avqust 1956-cı il tarixində vəfat edib.

[22]

Frans Yozef German Mixael Mariya von Papen
(alm. Franz Joseph Hermann Michael Maria von Papen‎)


(29 oktyabr 1879 – 2 may 1969)

Reyxskansler (1932); Vitse-kansler (1933–1934).
Almaniyanın Avstriya və (1934–1938) Türkiyədəki (1939–1944) səfiri.

TZ TZ İİS İİS

İlk iki bənd üzrə ittiham olunurdu. Məhkəmə araşdırmaları nəticəsində günahsız elan olunaraq sərbəst buraxılıb. 1947-ci ildə denasifikasiya nəticəsində səkkiz ay müddətinə həbs cəzası alıb. 2 may 1969-cu il tarixində vəfat edib.

[23]

Erix Yohann Albert Reder
(alm. Erich Johann Albert Raeder‎)


(24 aprel 1876 – 6 noyabr 1960)

Qross-admiral.
Üçüncü Reyxin Hərbi Dəniz Qüvvələrinin baş komandanı (1935–1943).

T T T İİS

İttihamın ilk üç bəndi üzrə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Həbs cəzasının güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. 1955-ci ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 6 noyabr 1960-cı il tarixində vəfat edib.

[24]

Ulrix Fridrix Vilhelm İoahim fon Ribbentrop
(alm. Ulrich Friedrich Wilhelm Joachim von Ribbentrop‎)


(30 aprel 1893 – 16 oktyabr 1946)

SS-in oberqruppenfüreri.
Xarici işlər naziri (1938–1945).

T T T T

İttihamın bütün bəndləri üzrə təqsirli bilinib (Məhkəmə materiallarında nazirliyin və şəxsən Ribbentropun Üçüncü reyxin Kukla dövlətlərinin ərazilərində Holokostun təşkil olunmasında böyük rolu olduğu vurğulanmışdır). Asılıb.

[25]

Alfred Rozenberq
(alm. Alfred Rosenberg‎)


(12 yanvar 1893 – 16 oktyabr 1946)

SA-nın oberqruppenfüreri.
Reyxslyayter, NSAFP-ın xarici siyasət idarəsinin rəhbəri, işğal olunmuş şərq ərazilərinin reyxsministri. (1941–1945).

T T T T

İttihamın bütün bəndləri üzrə təqsirli bilinib. Asılıb.

[26]

Hans Mixael Frank
(alm. Hans Michael Frank‎)


(23 may 1900 – 16 oktyabr 1946)

SS və SA-nın oberqruppenfüreri.
Reyxslyayter, Portfelsiz reyxsministr, Alman Hüquq Akademiyasının prezidenti.
Polşanın general-qubernatoru.

TZ İİS T T

İlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Öz günahını boynuna almış azsaylı müttəhimlərdən biri olub. Asılıb.

[27]

Vilhelm Frik
(alm. Wilhelm Frick‎)


(12 mart 1887 – 16 oktyabr 1946)

Reyxslyayter, NSAFP fraksiyasının reyxstaqdakı rəhbəri.
Daxili işlər naziri (1933–1943); Portfelsiz reyxsministr (1943–1945).
Bohemya və Moraviyanın reyxsprotektoru (1943–1945).

TZ T T T

İlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, sülhə qarşı cinayət, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Asılıb.

[28]

Hans Friçe
(alm. Hans Fritzsche‎)


(21 aprel 1900 – 27 sentyabr 1953)

Daxili mətbuat xidmətinin rəisi (1938–1942); Xalq Maarif və Təbliğat Nazirliyinin radio verilişləri şöbəsinin rəisi (1942–1945).
Radioaparıcı, jurnalist.

TZ TZ TZ İİS

Təbliğat nazirliyinin yüksək vəzifəli məmuru qismində prosesə cəlb olunub. Məhkəmə araşdırmaları nəticəsində günahsız elan olunaraq sərbəst buraxılıb. 1947-ci ildə denasifikasiya nəticəsində 9 il müddətinə həbs cəzası alıb. 1950-ci ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 27 sentyabr 1953-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.

[29]

Valter Emanuel Funk
(alm. Walther Emanuel Funk‎)


(18 avqust 1890 – 31 may 1960)

İqtisadiyyatın reyxsministri (1938–1945), hərbi iqtisadiyyat məsələləri üzrə baş müvəkkil.
Reyxsbankın prezidenti (1939–1945).

TZ T T T

İlk növbədə Ostarbayterlər və hərbi əsirlərlə amansız rəftara görə, həmçinin konslager məhbuslarından əldə olunan vəsaitlərin leqallaşdırılmasının təşkilinə görə, sülhə qarşı cinayət, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Ömürlük həbs cəzasına məhkum olunub. 1957-ci ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 31 may 1960-cı ildə şəkərli diabet xəstəliyindən dünyasını dəyişib.

[30]

Yalmar Horas Qrili Şaxt
(alm. Hjalmar Horace Greeley Schacht‎)


(22 yanvar 1887 – 3 iyun 1970)

İqtisadiyyatın reyxsministri (1934–1937), portfelsiz reyxsministr (1937–1942).
Reyxsbankın prezidenti (1933–1939).
1944-cü ilin sentyabrında, eyni ilin iyul ayında Hitlerə edilən sui-qəsd cəhdində iştirakına görə, gestapo tərəfindən həbs edilib, müharibənin sonuna qədər konslagerlərdə saxlanılıb.

TZ TZ İİS İİS

Məhkəmə araşdırmaları nəticəsində günahsız elan olunaraq, sərbəst buraxılıb. 1947-ci ildə denasifikasiya nəticəsində 8 il müddətinə həbs cəzası alıb. Bir il sonra sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. Sonralar AFR-də bank sahəsində çalışıb. 3 iyun 1970-ci il tarixində vəfat edib.

[31]

Baldur Benedikt fon Şirax
(alm. Baldur Benedikt von Schirach‎)


(9 may 1907 – 8 avqust 1974)

SA-nın oberqruppenfüreri.
Reyxslyayter, Hitleryugendin reyxsyuqendfüreri (1931–1940).
Vyananın qaulyayteri (1940–1945).

TZ İİS İİS T

İlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, insaniyyətə qarşı cinayət bəndi üzrə təqsirli bilinib. 20 il müddətinə həbs cəzası alıb, 1966-cı ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb. 1967-ci ildə Hamburqda özünün xatirələrindən ibarət olan "Mən Hitlerə inanırdım" kitabını dərc edib. 8 avqust 1974-cü il tarixində vəfat edib.

[32]

Albert Şpeer
(alm. Albert Speer‎)


(19 mart 1905 – 1 sentyabr 1981)

А. Hitlerin şəxsi memarı.
Silahlandırma və hərbi sənaye reyxsministri (1942–1945).

TZ TZ T T

İlk növbədə Ostarbayterlər və hərbi əsirlərlə amansız rəftara görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Öz günahını boynuna almış azsaylı müttəhimlərdən biri. Əfv ərizəsi yazmamış yeganə müttəhim. 20 il müddətinə həbs cəzası alıb, 1966-cı ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb. 1 sentyabr 1981-ci ildə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

[33]

Yulius Ştrayxer
(alm. Julius Streicher‎)


(12 fevral 1885 – 16 oktyabr 1946)

SA-nın oberqruppenfüreri.
Frankoniyanın qaulyalteri (1933–1940).
"Der Sturmer" həftəlik qəzetinin baş redaktoru.

TZ İİS İİS T

İlk növbədə yəhudilərin təqib olunması ilə nəticələnən — millətlərarası ədavətin qızışdırılması, antisemit təbliğat və soyqırım çağırışlarına görə, insaniyyətə qarşı cinayət bəndi üzrə təqsirli bilinib. Asılıb.

[34]

  1. 1945-ci ildə ABŞBöyük Britaniya əhalisinin 70 faizi bu fikri dəstəkləyirdi.[4]
  2. Bu bənd alman hüquqşünasları tərəfindən əlavə edilib. Onların fikrinə görə, müttəfiqlər tərəfindən Drezdenin bombalanması, Hiroşima və Naqasakiyə nüvə hücumunu da bu bəndə əlavə etmək olardı.[4]
  3. Martin Borman tapılmadığı üçün onun haqda çıxan hökm qiyabi idi.[5]
  4. Şahidlərin sözlərinə görə, Martin Borman 2 may 1945-ci ildə mühasirəyə alınmış Reyxskanselyariyadan çıxmağa çalışarkən həlak olub. Lakin bu ifadələr nəzərə alınmayıb. O, beynəlxalq hərbi tribunal tərəfindən təqsirləndirilən şəxslərin siyahısına daxil edilib və qiyabi olaraq edam cəzasına məhkum edilib. 1972-ci ildə Berlində yol işləri zamanı sonradan Martin Bormanın qalıqları olduğu müəyyənləşəcək qalıqlar aşkar edilib. Növbəti il, rəsmi araşdırmalardan sonra onun ölmüş olduğu elan edilib. 1998-ci ildə DNT ekspertizasının nəticələri qalıqların həqiqiliyini təsdiqləyib.[8]
  5. Görinqin ciddi nəzarət altında saxlanıldığı məkanda bunu necə bacardığı barədə indiyədək dəqiq məlumat yoxdur. 2005-ci ildə məlumat yayılıb ki, zəhəri ona amerikalı mühafizəçilərdən biri verib.[10]
  6. 1987-ci ildə sovet hökuməti Hessin humanizm baxımından azadlığa buraxılması məsələsinin mümkünlüyünə baxmağa hazır idi. İntihar etməsi barədə rəsmi versiya onun doğmaları və həbsxananın bəzi əməkdaşları tərəfindən şübhə altına alınıb.[12]
  7. Qustav Krupp azad edildikdən sonra ittihamçılar onun oğlu Alfridi məsuliyyətə cəlb etməyə çalışırdılar, lakin tribunal onun işinə baxmaqdan imtina edib.
  1. "View of the defendants in the dock at the International Military Tribunal trial of war criminals at Nuremberg". Derechos.org. 14 İyun 2017 tarixində arxivləşdirilib.
  2. 1 2 "1945-Cİ İL NOYABRIN 20-DƏ NÜRNBERQ MÜHAKİMƏSİ BAŞLANMIŞDIR". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 14 İyun 2017 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 "Нюрнбергский трибунал придумал Сталин". "Komsomolskaya pravda". 15 İyul 2017 tarixində arxivləşdirilib.
  4. 1 2 3 "Nürnberq məhkəməsi — tarixin ən müəmmalı səhifəsi". Olke.az. 15 İyul 2017 tarixində arxivləşdirilib.
  5. 1 2 3 4 5 6 7 8 9 10 "Нюрнбергский процесс: следствие, обвинение, приговор". Pravo.ru. 15 İyul 2017 tarixində arxivləşdirilib.
  6. "Robert Ley". Britannika Ensiklopediyası. 20 İyun 2017 tarixində arxivləşdirilib.
  7. "Почему не состоялся суд над нацистскими спонсорами?". İsrageo.com. 26 iyun 2017 tarixində arxivləşdirilib.
  8. Bezımenski, 1999. səh. 382—383, 401, 413
  9. Zalesski, 2002. səh. 78—82
  10. "Тайна самоубийства Германа Геринга раскрыта?". Подробности. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.
  11. Zalesski, 2008. səh. 372—375
  12. "Тайна смерти Рудольфа Гесса". Военное обозрение. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.
  13. Zalesski, 2002. səh. 194—198
  14. Zalesski, 2008. səh. 699—700
  15. Zalesski, 2002. səh. 295—296
  16. Zalesski, 2002. səh. 301—303
  17. Zalesski, 2008. səh. 102
  18. Zalesski, 2002. səh. 317—319
  19. Zalesski, 2008. səh. 107—108
  20. Zalesski, 2002. səh. 385—386
  21. Zalesski, 2002. səh. 411—413
  22. Zalesski, 2002. səh. 487—489
  23. Zalesski, 2002. səh. 503—505
  24. Zalesski, 2008. səh. 779—780
  25. Zalesski, 2002. səh. 561—564
  26. Zalesski, 2002. səh. 570—573
  27. Zalesski, 2002. səh. 633—636
  28. Zalesski, 2002. səh. 642—645
  29. Zalesski, 2002. səh. 649—650
  30. Zalesski, 2002. səh. 652—654
  31. Zalesski, 2002. səh. 713—716
  32. Zalesski, 2002. səh. 733—735
  33. Zalesski, 2002. səh. 750—753
  34. Zalesski, 2002. səh. 781—782
  1. Lev Aleksandroviç Bezımenski. Hitlerin arxasındakı adam. Martin Borman və onun gündəliyi (10000 nüs.). Moskva: Veçe. 1999. 432. ISBN 5-7838-0500-9.
  2. Konstantin Aleksandroviç Zalesski. Üçüncü reyxdə kim kim idi (AST 5000 nüs.). Moskva. 2002. 944. ISBN 5-271-05091-2..
  3. Konstantin Aleksandroviç Zalesski. Üçüncü reyxin silahlı qüvvələri. Tam ensiklopediya. Vermaxt, lüftvaffe, kriqsmarine (Eksmo 4000 nüs.). Moskva. 2008. 944. ISBN 978-5-903339-73-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]