Arqun ağa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə canişin haqqındadır. elxan üçün Arqun xan səhifəsinə baxın.
Arqun ağa
Tarix-i Cəhanqüşa əsərində Arqun ağa miniatürü
Tarix-i Cəhanqüşa əsərində Arqun ağa miniatürü
1243 – 1275
ƏvvəlkiKörgüz
SonrakıBuğa qoyon
Şəxsi məlumatlar
Doğum tarixi 1210
Vəfat tarixi 17 iyun 1275(1275-06-17)
Fəaliyyəti hərbi qulluqçu
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arqun ağa (121017 iyun 1275) — Oyrat tayfasından olan monqol əsilzadə, Elxanilər dövləti yaradılmazdan əvvəl 1243–1255-ci illərdə Monqol imperiyasının İranda mövcud olmuş darğaçısı.

İlk dövrləri

[redaktə | mənbəni redaktə et]

Rəşidəddinə görə, atası gənc ikən oğlu Arqunu Ögedeyin[1] tərbiyəçisi Cəlair Qadana satıb, o da onu öz oğlu İlügeyə verib.[2] Ataməlik Cüveyniyə görə isə atası minbaşı idi.[3] Ögedey sülaləsinin xidmətində yaşadığı illərdə o, savadlı olduğu və qədim uyğur dilini bildiyi üçün hakim ailə mənsubları arasında nüfuz qazanmışdır. Argun Ögedeyin dövründə bitikçi (katib) kimi fəaliyyətə başlamışdır. Sonralar, onun xanımı Töregene xatun Arqunu monqolların Mavəraünnəhrdəki darğaçısı Körgüzün müavini təyin etmişdir. Körgüzün 1242-ci ildəki edamından sonra Arqun yeni darğaçı təyin edilmişdir.

Yeni katibi Şərəfəddin Xarəzmi ilə birlikdə Amu Dəryadan Anadoluya qədər geniş ərazilərə nəzarət etmək üçün təyin edilmişdi.[4] Güyük xan hakimiyyətə gələndən sonra 1246-cı ildə bu vəsifəsini bir daha təsdiqlədi. Ola bilsin ki, Lombardiyalı Askelin 1247-ci ildə Arqun ağa ilə Baycu noyonun sarayında tanış olub. Arqun ağa 1248 və 1251-ci illərdə təyin olunduqdan sonra iki dəfə paytaxt Qaraqorumu ziyarət edib. Üçüncü səfərində İranı işğala başlayan şahzadə Hülakü tərəfindən saxlanmış, bir müddət sonra fəaliyyətinə geri qayıtmağa icazə verilmişdi. Onun işçiləri arasında məşhur Cuveynilər ailəsi, Fəxrəddin Bihişti (ö. 1256), Hüsaməddin Bihişti, Nəcməddin Əli, Turumtay, Naymaday və s. kimi dövlət xadimləri var idi. O, 1254-cü ildə Nəcməddin Əli ilə birlikdə xaqan Möngkenin fərmanına uyğun olaraq İranda əhalinin siyahıyaalmasını aparmışdı.[4] 1253–1256-cı illərdə Nizari-İsmaili dövlətinə qarşı yürüşlərdə iştirak etmişdir.

1259–61-ci illərdə Gürcüstanda üsyançı VI Davidə qarşı cəza əməliyyatlarına rəhbərlik etmiş, sonra isə Qızıl Orda ilə döyüşmək üçün Xorasana göndərilmişdir. İran mənbələrində o, xaqanın sadiq qulluqçusu kimi göstərilir, gürcü və erməni mənbələrində isə onun qəddar və zorakı nəzarətçi olduğunu deyilir.

Arqunun sarayda çoxlu siyasi düşmənləri var idi, ona görə də sadiqliyini sübut etmək üçün paytaxt Qaraqoruma tez-tez baş çəkməli olurdu. Möngke 1252-ci ildə hakimiyyətə gəldikdən sonra onu əvvəlki vəzifəsinə təyin etsə də, xaqan onu Arqunu yenidən xəyanət ittihamına cavab vermək üçün çağırmışdı. Bu məhkəmədə şahidlik edən Sünik knyazı Smbat Orbelyan Arqunu tamamilə haqlı çıxararaq rəqibi və katibi Şərəfəddin Xarəzmini əsl cinayətkar kimi ittiham etmişdi.[5]

Hülakü dövründə

[redaktə | mənbəni redaktə et]

O, Hülakü dövründə öz inzibati işlərini davam etdirdi və hətta 1261-ci ildə Qvantsa Kaxaberidze, Xaçın knyazı Həsən Cəlal, III Zakare, II Axsitan və başqaları da daxil olmaqla vergi borcu olan az ödəyən vassalları cəzalandırırdı. Həsən Cəlal Sartaq ilə birlikdə Möngke xaqanın hüzurunda olarkən Arqun ağadan ona şikayət etmişdi. Xan isə onun təhlükəsizliyini təmin etmək üçün Həsənə xüsusi vəkalətnamə vermişdi. Bunu eşidən Arqun ağa Həsən Cəlal vətənə qayıdan kimi, bəhanə ilə onun bir neçə qohumunu əsir tutdu. Bu zaman Həsənin qızı Rzukan atasını azad etmək üçün bir dəstə atlı ilə gecə ikən xaqanın yanına yola düşür. Bundan xəbər tutan Arqun ağa Həsənin qızı xaqanın yanına çatmamış, Həsənin haqqında ölüm hökmü çıxarır. Erməni mənbələrinin yazdığına görə 1252-ci ildə Arqun ağa Həsənin boynuna qəlib, ayağına isə dəmir qandal vüraraq Qəzvinə aparır[6] və orada onu gecə ikən bütün oynaqlarından doğratdıraraq böyük əzabla öldürür. Digər mənbələrə görə isə bir müsəlman Həsənin meyidini quyuda saxlayır, sonra isə onu Həsənin oğlu Atabəyə verib.

Abaqa dövründə

[redaktə | mənbəni redaktə et]

Arqun 1265-ci ildə Hülakunun ölümündən sonra Elxanilərə xidmətini davam etdirdi. Onun yeni vəzifəsi Xorasanda şahzadə Tubşinin atabəyliyi idi. Yeni Çağatay xanı Baraq 1270-ci ildə Elxanilərə Əfqanıstanı ona güzəştə getmək barədə hədələmişdi. Arqun ağa 22 iyul 1270-ci ildə Herat döyüşündə şahzadə Yoşmutun başçılığı ilə sol cinahda vuruşmuş, döyüş qələbə ilə nəticələnmişdi. Arqun ağa 1275-ci il iyunun 17-də vəfatına qədər Xorasanda xidmət etmişdi. Bəzi məlumatlara görə Çinaran şəhristanının Radkan şəhərində basdırılmışdır.[1] Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi Pir Hüseyn xanəgahının kitabəsində onun adı xatırlanır.

Arqun ağanın Xorasandakı türbəsi

Bir neçə həyat yoldaşı olmuşdur. 1249-cu ildə Çağatay xanı Yesü Möngkenin qızı ilə evlənmişdir. Bir digər həyat yoldaşı Novruz ağanın anası olmuş Sürmiş xanım idi.[1] Ən az 14 oğlu və 4 qızı olmuşdur:

  • Oğul (ö. 1270, Herat)
  • Girey Məlik
  • Tatarçı
  • Novruz ağa
  • Ləkzi Kürəkən (ö. 2 aprel 1297) — Hülakünün qızı Baba xatunla evlənmişdi
    • Tarcuğan xatun — Olcaytu ilə evlənmişdi
  • Hacı
  • Tarxan Hacı
  • Yol Qutluq
  • Bulduq/Bulquq
  • Oyratay
  • Ərtay Qazan (ö. 1297)
  • Narın Hacı (ö. 1297, Həmədan)
  • Arğun Hacı
  • Məngli Buğa
  • Barğun Hacı
  • Əminə xatun (ö. 1300, Salmas[7]) — vəzir Tacəddin Əlişah ilə evlənişdi.
  • Bəyi xatun — Qutluqxani hökmdarı Müzəffərəddin Həccac ilə evlənmişdi.
  • Bir qız — şahzadə Cumğurun oğlu Kinqşu ilə evlənmişdi.[8]
  • Mənglitəkin — Konqratlardan əmir Tasu ilə evlənmişdi
    • Buluğan xatun Xorasani — Qazan xan ilə evlənmişdi
  1. 1 2 3 Landa, Ishayahu. "New Light on Early Mongol Islamisation: The Case of Arghun Aqa's Family". Journal of the Royal Asiatic Society (ingilis). 28 (1). 2018: 77–100. doi:10.1017/S1356186317000438. ISSN 1356-1863.
  2. "ARḠŪN ĀQĀ – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  3. Ata-Malik Juvaini, Genghis Khan: The History of the World-Conqueror trans. J. A. Boyle (Manchester, 1997), p. 505.
  4. 1 2 Lane, George. "Arghun Aqa: Mongol bureaucrat". Iranian Studies (ingilis). 32 (4). 1999: 459–482. doi:10.1080/00210869908701965. ISSN 0021-0862. 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  5. Howorth, Henry Hoyle. History of the Mongols: From the 9th to the 19th Century ... (ingilis). 3. Longman, Green, and Co. 1888-01-01. 65. 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  6. Hope, Timothy May, Michael, redaktorThe Mongol World (ingilis). London: Routledge. 2022-05-26. 763. doi:10.4324/9781315165172. ISBN 978-1-315-16517-2. 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  7. "Antoin Sevruguin, The tomb of Emir Arghun Agha's daughter, Salmas, Late 19th Century". The Nelson Collection of Qajar Photography (ingilis). 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  8. Landa, Ishayahu. "Oirats in the Ilkhanate and the Mamluk Sultanate in the Thirteenth to the Early Fifteenth Centuries: Two Cases of Assimilation into the Muslim Environment (MSR XIX, 2016)". The Middle East Documentation Center (MEDOC). 2018. doi:10.6082/M1B27SG2. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]