Ömər ibn Əbdüləziz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Ömər
ərəb. عمر بن عبد العزيز
ƏvvəlkiSüleyman
SonrakıII Yezid
ƏvvəlkiSüleyman
SonrakıII Yezid
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 681
Doğum yeri
Vəfat tarixi təq. 5 fevral 720 (38 yaşında)
Vəfat yeri Əməvilər xilafəti
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti siyasətçi, qubernator, Xəlifə
Ailəsi Əməvilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti[1][2]təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər.

Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur.

II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur.

Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur. O, həmin zaman iktidarda olan qureyş tayfasının əməvilər nəslinə mənsubdur.

Xalq inanclarına görə Ömər ibn Əbdüləziz ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Ömər ibn əl-Xəttab hakimiyyəti dövründə camaatın necə yaşadığını öyrənmək məqsədilə tez-tez libasını dəyişərək xalqın içərisinə gedərdi. Belə gəzintilərin birində o, süd satan gənc bir qızın anasının südə su qatmaq barədə olan göstərişindən imtina etməsinin şahidi olur. Ertəsi gün qızın bu niyyətdə qalıb-qalmadığını öyrənmək üçün bir məmurunu göndərərək ondan süd aldırır və südün içinə su qarışdırmadığını görür. Ömər bin Xattab qızı və anasını yanına çağırır və aralarındakı anlaşılmazlığı bildiyini söyləyir. Süd satan qızı mükafatlandırmaq üçün ona öz oğlu Asım ilə evlənməyi təklif edir. Qız bunu qəbul edir və bu evlilikdən onların Leyla adlı bir qızları olur. Ömər bin Xəttabin nəvəsi həmin Leyla Ömər ibn Əbdüləzizin anasıdır.

Həyatının ilk illəri

[redaktə | mənbəni redaktə et]

Atası Misir valisi təyin olunduqdan sonra, ailəsi ilə birgə Misirə gedirlər və atası onu Mədinəyə təhsil almağa göndərir. O, Ənəs bin Malik, Abdullah bin Cəfər Təyyar və Səid bin Müseyyib kimi alimlərdən dərs almışdır.

Ömər ibn Əbdüləziz atasının vəfatına qədər Mədinədə yaşayır və sonra əmisi Əbdülməlik xəlifə olanda onu Şama çağırır və onu qızı Fatimə ilə evləndirir. Qayınatası və əmisi Əbdülməlik vəfat etdikdən sonra xəlifə olan əmisi oğlu Vəlidin dövründə 706-cı ildə Mədinənin hakimi təyin olunur. 26 yaşında onu Mədinənin, Məkkənin və Taifin əmiri təyin edirlər. Böyük sərvətinə (illik gəliri 40 min dinar idi ki bu da təxminən 180 kq təmiz qızıl deməkdir) baxmayaraq Ömər təvazökarlıq və dindarlığı ilə tanınırdı.

Xəlifə Vəlidin dövrü

[redaktə | mənbəni redaktə et]

Xəlifə Vəlid Öməri 706-cı ildə Mədinəyə vali təyin edir. Ömər bu vəzifədə çox bacarıqlı və ədalətli bir idarəçi olduğunu göstərdi. Digər Əməvi valilərinin etmədikləri bir şəkildə Ömər Mədinədə müşavirlər şurası qurub, bu şura üzvlərinin düşüncələrinə önəm vərdiyi söylənilir. Valisi olduğu əyalətdən paytaxt Şama gedən şikayətlərin də ardının kəsildiyi bildirilir. Mədinədəki adil idarədən xəbərdar olanlar, xüsusilə də İraqın valisi olan Həccac bin Yusifin şiddətli və qeyri-adil idarəsindən narazı olanlar Mədinəyə köç etməyə başladılar. Bu durum İraq valisinin xoşuna gəlmədi və xəlifə Vəlidə Öməri vəzifədən çıxarılması üçün təzyiqlər etməyə başladı. Vəlid bu təzyiqlər nəticəsində Öməri 712-ci ildə Mədinə valiliyindən geri aldı. Amma Ömərin ədalətinin səsi bütün Müsəlman Əməvi ölkəsinə yayılmışdı. O, əmir vəzifəsini tərk edərək xilafətin ordusu sırasında adi əsgər kimi Bizansla müharibəyə yollanır.

Ömər Vəlidin xəlifəliyi və ondan sonra gələn xəlifə Süleyman bin Əbdülməlikin dövründə Mədinədə yaşamışdır. Süleyman bin Əbdülməlik öz yerinə ondan sonra gələcək bir namizəd axtararkən, öz qardaşlarının və oğlunun əvəzinə çox hörmət etdiyi Ömər bin Əbdüləzizi seçdi. Ömərin hakimiyyətdən imtina etməsindən qorxaraq xəlifə vəsiyyətini ondan gizlədir. Xəlifənin yaxınları susmaq vədi verərək bu sirri gizlədirdilər. Xəlifə Süleymanın vəfatından sonra böyük insan toplumu qarşısında vəsiyyət açıqlandıqda Ömər camaat qarşısında hakimiyyətdən imtina edir. Lakin orada olanların hamısı yekdilliklə ona beyət edir. Beləliklə, gözlənilmədən Ömər özündə böyük əraziləri: Ərəbistan yarımadasını, Şimali Afrikanı, Hindistanı, Orta Asiyanı, İranı, İraqı, Şimali Çini, Cənub və Şimali Qafqazı, Misiri, İspaniyanı və Fransanın cənubunu əhatə edən xilafətin hakimi olur.

Xəlifəlik dövrü

[redaktə | mənbəni redaktə et]

Ömər çox mömin insan olmuşdur və dünya nemətlərinə həris olmamışdır. 717-ci ildə xəlifə Süleyman, Məsləmə bin Əbdülməlikin başçılığı altında bir Əməvi ordusunu və donanmasını Konstantinopolu (İstanbulu) fəth etmək üçün göndərmişdi. Konstantinopola bu ikinci Ərəb yürüşü də uğurlu olmamışdır. Yürüşün çox uzun sürməsi və ordunun arxa təminatınin zəif təşkili əsgərlərin hətta öz atlarını kəsib yemələrinə səbəb olmuşdu. Həmin il xəlifə olan Ömər, Məsləməyə Konstantinopolun mühasirəsini dayandırıb bütün əsgərlərini Suriyaya geri gətirməsi əmrini verdi və bu orduya geri dönmək üçün təminat göndərdi. Məsləmə Şama döndüyündə xəlifənin qəbuluna bütün ordusuyla gəldikdə Ömər onu qəbul etmədi. İkinci dəfə Məsləmə sadəcə 2.000 nəfər heyətlə gəldi və bu səfər də Ömərin hüzuruna çıxardılmadı. Üçüncü dəfə tək başına gəldikdə Ömərin hüzuruna qəbul edildi.

Həmin il Həccacın ölümü, valisi olduğu əyalətdə yaşayan və zülm çəkmiş insanlar üçün də azadlıq ili oldu.

Yezid bin Muhalləb Süleyman bin Əbdülməlik tərəfindən Xorasana vali təyin edilmişdi. Onun valiliyindən çoxlu şikayətlər Şama gəlib çatmışdı, amma Süleyman bunlarla məşğul olmağa imkan tapmadan vəfat etdi. Ömər xəlifəliyə keçən kimi Yezid bin Muhalləbə bir məktub yazaraq ondan sədaqət andı içməsini istədi. Bunun üçün yerinə əyanlarından birini müvəqqəti vali təyin edib işləri ona tapşıraraq özünün Şama gəlməsini əmr etdi. Yezid Xorasanı oğlu Mukhalladın idarəçliyinə vərərək yola çıxdı və Şama çatan kimi həbs olundu və Ömərin hüzuruna gətirildi. Yezid Gürganda hərbi səfərlərdə olarkən İslam hüququna uyğun olmayan şəkildə qənimət toplamaqda ittiham edildi. Ömər 718-ci ildə Cərrah əl Həkəmini Xorasan valisi təyin etdi. Yezid bin Muhalləbə yalnız 720-ci ildə zindandan qaçmağı bacardı.

Ömər bunu səlahiyyətlərini aşan əyalət valilərinə bir örnək olsun deyə etmişdi. Şikayət olunan bir çox valilərin də vəzifələri əllərindən alındı. Bunların arasında həqiqətən də çox vergi toplayan Xorasana Ömərin özünün vali təyin etdiyi Cərrah əl Həkəmi də var idi.

Hakimiyyətə gələn kimi Ömər cəmiyyətin sosial təşkilatını kökündən dəyişdi. O vətəndaşlara sərbəst hərəkət etmək hüququ verdi, müsafirlər üçün dayanacaq yerləri qurdu, çoxlu su quyuları qazdırdı və yollar tikdi. İqtisadi islahatların aparılması nəticəsində əhalinin yaşayış səviyyəsi qalxdı və xilafətdə praktiki olaraq miskin qalmadı. İnsanlar elə yaxşı yaşayırdılar ki, zəkat verməyə yoxsul tapmaq çətin olurdu. Məmur özbaşınalığını aradan qaldırmaq üçün o bütün dövlət məmurlarının məvacibini qaldırdı. Bundan əlavə xilafətin bütün əyələtlərinə Ömərin bu əmri göndərilmişdir: "Kimə zülm edilibsə yanıma icazəsiz girsin". Maraqlısı budur ki, qanun şikayətçinin məsafədən asılı olaraq, 100 dirhəmdən 300 dirhəmə qədər olan yol xərclərinin ödənilməsini də nəzərdə tuturdu.

Alim və tədqiqatçılar tam təminata götürülmüşdülər. Ömər hesab edirdi ki: "Elmi axtarışları maliyyə problemləri yayındırmamalıdır". Ömər ədalətsiz idarə edənləri və dövlət vəsaitlərini israf edən əmir və məmurları vəzifədən kənarlaşdırırdı. Dinindən asılı olmayaraq borclu olan hər xilafət sakini dövlətin təşkil etdiyi xüsusi fondların hesabına borcunun verilməsi zəmanətini alırdı. Ailə qurmaq istəyib, buna imkanı olmayan hər kəs xəzinədən lazımi məbləği alırdı.

Xəlifə Ömərin sələflərindən əsas fərqli xüsusiyyətlərindən biri də xəzinəyə çatacaq vəsaitə xırdaçılığa qədər diqqətli münasibəti idi. Bu işdə Ömər ulu babası, Peygəmbərin (sas) səhabəsi Ömər bin Xəttaba oxşayırdı.

Kəbəni bəzəmək üçün külli miqdarda pul ayırmaq təklif edildikdə o dedi: "Ac müsəlmanların Kəbədən daha çox ehtiyacları var". Xilafətin sakinləri Öməri təvazökarlığına və ədalətli hökmranlığına görə çox sevirdilər.

Bir dəfə Xorasan əmiri yerli əhaliyə qarşı güc tətbiq etmək üçün icazə istəyərək onların yalnız qamçı və qılınc gücünə düzələcəyini dedi. Qəzəblənən xəlifə dedi: "Yalan deyirsən. Onları yalnız ədalət və haqq düzəldəcək. Unutma ki, Allah azğınlıq edəni həlak edəcək".

Ömərin hökmranlığı dövrünü İslamın ən çox yayılması dövrü adlandırırlar. Xilafətin əyalət sakinləri kütləvi şəkildə İslamı qəbul edirdilər. Bu torpaqların əmirləri büdcəyə vergi yığımlarının azalmasından qorxaraq Ömərə yeni dini qəbul edənlər üçün cizyəni saxlamaq təklifi vermişlər. Qəzəblənən xəlifə kəskin etiraz etmişdir: "Allah Məhəmmədi (sas) vergi yığan deyil, doğru yola yönəldən göndərmişdir!". Qısa müddət ərzində Ömərin nailiyyətləri təxəyyülü heyrətə gətirirdi. Xilafətə ümumi çiçəklənmə və xoşbəxtlik gəlmiş idi. Rəvayətə əsasən Ömər əmr etmişdi ki, təpələrin başlarına da taxıl səpilsin ki, onun xilafətində hətta quşların da ehtiyacları olmasın.

Ömər özündən əvvəlki əməvi xəlifələri kimi imperiyanın sərhədlərini genişləndirmək həvəsində olmasa da, bu sahədə fəaliyyətsiz də deyildi. Məhəmməd Təbərinin tarix əsərinə görə o, ibn Hatim ibn əl-Numanın başçılığı altında bir ərəb ordusunu Azərbaycanı istilaya başlayan Xəzər Türklərini geri oturtmaq üçün göndərmişdir. Vəfatından öncə Xaricilər üsyanı təhlükəsi ilə qarşılaşdı və qarşılıqlı müzakirələrlə üsyanın qarşısını alaraq iki Xarici təriqətinin təmsilçisi ilə görüşmüşdür.

Ömər ibn Əbdüləzizin hakimiyəti dövrünü həm də Məhəmməd peyğəmbərin (sas) və dörd böyük səhabəsinin hakimliyi dövrü ilə müqayisə edirlər .

Yaşayış tərzi

[redaktə | mənbəni redaktə et]

Ömər ibn Əbdüləziz bəyaz, incə və nazik üzlü, zəif, gözəl, saqqallı bir şəxs idi. At minməyə çox həvəskar idi. Əməvi xəlifələri arasında Vəlid bina inşa edici və sənatkar ruhlu bir hökmdar, Süleyman hərəminə və qadınlara düşkünlüyü ilə seçilirdi. Onlardan sonra gələn Ömər isə çox dindar və dəbdəbəli yaşayışdan xoşu gəlməyən bir xəlifə idi. Sarayını Süleymanın ailəsinə verib, sadə bir evdə yaşamağa başladı. Onun yeganə gəliri ildə cəmi 200 dinar gəlir gətirən Süveytdə olan torpaq sahəsi idi. Xəzinəyə külli miqdarda vəsaitlərin daxil olmasına baxmayaraq o özünə bir dirhəm də götürmürdü. İş o hala çatmışdı ki, yaxınları ona xatırlatmaq qərarına gəldilər ki, hətta dindarlıq və ixlas nümunəsi olan raşidi xəlifə Ömər də dövlət xəzinəsindən balaca məvacib alırdı. O buna etiraz edərək bildirmişdir ki, ondan fərqli olaraq Ömər bin Xəttabın heç bir mülkü yox idi mənim isə balaca da olsa mülküm var. Ömərin varlı və ərköyün qohumları kəmərlərini sıx bağlamaq məcburiyyətində qalmışdılar. Xəzinəyə yol onlar üçün həmişəlik qapanmışdır. Xəlifə çox saylı lazımsız saray qulluqçu və mədhiyyəçi ordusundan da imtina etmişdir. Pambıqdan və kətandan olan geyimi o qədər sadə idi ki, görənlər onu uşaq hesab edə bilərdilər. Hərdən xəlifə cəmi bir dəst olan yuyulmuş paltarının qurumasını gözləyərək cümə xütbəsinə gecikərdi. Rəvayət edirlər ki, bir gün bir qadın xəlifəni görmək üçün onun evinə gəlir. Bu zaman həyətdə bir kişinin köhnə paltarda evin divarlarındakı uçuqları təmir etdiyini görüb onu xəlifənin qulluqçularından biri hesab edir və Ömərin arvadına deyir: "Sən Allahdan qorxmursanmı? Bu kişinin yanında niyə qapanmırsan?" Qadın həmin "qulluqçunun" xəlifənin özü olduğunu bildikdə isə çox heyrətlənmiş və utanmışdır. Dürüstlüyü və cömərdliyi haqqında olan hekayələr dövrümüzə qədər gəlib çatmışdır. Özündən əvvəlki əməvi əyanlarının malik olduqları sərvətləri hamının ehtiyacını ödəmək məqsədilə xalqa paylamış və bu da gəlirləri azalmış üst təbəqənin narazılığına səbəb olmuşdur. Rüşvət kimi qəbul edilə bilər deyə nadir hallarda hədiyyə qəbul edərdi. Bir xəlifə qızı, digər xəlifənin bacısı və nəhayət əri xəlifə olan arvadının zinət əşyalarını dövlət xəzinəsinə bağışlamasını təlqin etmişdir. Şəriət qaydalarına, xüsusilə Zəkat məsələlərinə daha ciddi riayət edilməsi üçün tədbirlər görmüşdür ki, bunun da nəticəsində ölkədə sədəqə verməyə bir nəfər də olsa kasıb insan qalmamışdır.

Əhali tərəfindən hədsiz sevilməsi və dəstəklənməsinə baxmayaraq, xalqa tam səmimiyyətlə müraciət etmişdir ki, əgər sizi qane etmirəmsə başqa bir nəfəri xəlifə seçə bilərsiniz. Lakin heç kim ondan narazı olduğunu bildirməmişdir.

Ömərin zahid həyat tərzinə o vaxtın alimi və zahidi olan Həsən əl Bəsri ilə sıx əlaqələri təsir etmişdir. Onlar tez-tez ünsiyyətdə olub yazışma aparardılar. Tarixçilər bu hadisəni göstərirlər ki, Ömər ibn Əbdüləzizə hakimlik verildikdə o üç alimi — Səlim ibn Abdullahı, Məhəmməd ibn Kəəbi və Rəcəb ibn Havvanı yanına dəvət edir və onlara deyir: "Həqiqətən mən bu bəla ilə sınaqdayam. Belə ki, mənə məsləhət veriniz". Ömərin yanında yığışmış alimlərdən biri olan Səlim ibn Abdullah dedi: "Əgər xilas olmaq arzulayırsansa dünyaya qarşı oruc tutmuş ol və qoy sənin iftarın ölüm olsun". İbn Kəəb adlı ikinci alim ona belə məsləhət verdi: "Əgər Allah Sübhanə və Təalanın əzabından xilas olmaq istəyirsənsə onda qoy müsəlmanların yaşlısı sənin atan, cavanı – qardaşın, balacası isə — uşağın olsun. Atana ehtiram et, qardaşına hörmət et və uşağına rəhm et". Rəcəb adlı üçünçü alim isə belə dedi: "Allahın əzabından qaçmaq istəyirsənsə özün üçün sevdiyini insanlar üçün də sev. Və özünə arzulamadığını onlara da arzulama. Bundan sonra isə ölə bilərsən. Bu mənim sözlərim və mənim məsləhətimdir. Həqiqətən mən sənin üçün o gündən qorxuram, o gündən ki, onun gəlişində durmaq çətin olacaq".

Şamda qadın və kişilərin birlikdə getdikləri və sərbəstliklə bir-birinə qarışdıqları içkili yerleri və hamamları bağlatdırdı. Yetimlər və miskinlərin rifahını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər həyata keçirdi. Ömər həm də ona görə məşhurdur ki, o, hədislərin unudulmasından ehtiyat edərək ilk dəfə olaraq rəsmi şəkildə onların toplanmasını əmr etmişdir. Əbu Bəkr ibn Muhəmməd ibn Həzm və İbn Şihab əl- Zuhri Ömərin əmri ilə hədisləri toplayan alimlərdən olmuşlar.

Ömərin xalqın hər təbəqəsinə qarşı diqqəti və xüsusilə də kasıb təbəqənin mənafeyinə xidmət edən islahatları, onun zahid həyat tərzi, xəzinəyə olan diqqətli münasibəti və ədalətli islahatları əməvi əyanlarının hüdudsuz və tamahkar istəklərinə uyğun gəlmirdi. Nəhayət Əməvi nəslindən olan yaxınları Ömərin bir köləsini ələ alaraq onun yeməyinə zəhər qatmağı və onu ölümcül zəhərləməyi bacardılar. Ömər ölüm yatağında bu xəyanəti bildi, amma zəhəri verən köləni əfv etdi. Lakin sui-qəsdi hazırlayan digər şəxsləri yaxalatdırdı. İslam hüququna görə bu şəxslər öldrülməli olsalar da Ömər onları da əfv etdi.

Vəfatından əvvəl Ömər orada olanlardan yanında oturmalarını xahiş etdi. Onlar oturdular. Sonra o, əllərini açaraq Allaha dua etdi: "Sən mənə əmr etdin mən isə səhlənkar oldum. Sən mənə qadağan etdin mən isə asi oldum. Lakin mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur". Bundan sonra o gözlərini bir yerə dikərək harasa diqqətlə baxdı. Yanındakılar ona dedilər:"Ey möminlərin əmiri, sənin baxışın şiddətlidir". O, dedi: "Mən burada olanları görürəm, lakin onlar nə insandırlar nə də cinlərdir", – və bu sözlərlə canını tapşırdı. Kimsə bu ayəni oxudu: "Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir".

Xəlifə Ömər ibn Əbdüləziz miladi tarixlə 720-ci ildə 40 yaşında ikən Hələbdə vəfat etd. Yerinə xəlifə II Yezid keçdi.

"Hakimlər adətən öz əmrlərinin yerinə yetirilməsinə nəzarət etmək üçün insanları vəzifəyə təyin edirlər. Mən isə səni mənə və mənim davranışıma nəzarətçi təyin edirəm. Əgər sən mənim sözlərimdə və əməllərimdə səhv tapsan məni səhv edəndə saxla və məni düz yola yönəlt."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]