V Murad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
V Murad
osman. مراد خامس
30 may 1876 – 31 avqust 1876
ƏvvəlkiƏbdüləziz
SonrakıII Əbdülhəmid
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1840(1840-09-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 29 avqust 1904(1904-08-29)[1][2] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet
Dəfn yeri
Fəaliyyəti rəhbər
Atası I Əbdülməcid
Anası Şövqəfza Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Murad (Osmanlı türkcəsi: مراد خامس‎ Murâd-ı xâmis) (21 sentyabr 1840[1][2], Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası29 avqust 1904[1][2], Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası) — 33-cü Osmanlı sultanı və 112-ci İslam xəlifəsi. Ən qısa müddət səltənətdə qalan və mason təşkilatına üzv olan yeganə Osmanlı sultanıdır.

22 sentyabr 1840-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Əsl adı Mehmed Murad olub, atası Sultan Əbdülməcid, anası isə onun dördüncü xanımı Şevkəfza Sultandır. 1847-ci ildə qardaşı Şahzadə Əbdülhəmidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Şahzadəlik illərində mükəmməl saray təhsili aldı. Müxtəlif müəllimlərdən Osmanlı türkcəsi, ərəbcə, fransızca, Osmanlı tarixi və piano dərsləri aldı. 1861-ci ildə əmisi Sultan Əbdüləziz taxta çıxdı və Murad Əfəndi vəliəhd elan olundu. Sultan Əbdüləzizin Misir (1863) və Avropa (1867) səyahətlərinə vəliəhd ünvanıyla qatıldı. Vaxtının çoxunu əmisinin ona hədiyyə etdiyi Kadıköydəki villasında keçirirdi. Bu illərdə məşrutiyyət tərəfdarı olan Yeni Osmanlılarla əlaqələr qurdu. Tez-tez görüşdüyü Şinasi, Namiq KamalZiya bəylərlə məşrutiyyət, demokratiya və azadlıq mövzularında söhbət edirdi. 23 oktyabr 1872 tarixində mason təşkilatına qatıldı. Bu hadisə isə qardaşları tərəfindən birmənalı qarşılanmadı. İçkiyə aludəçiliyi və bədxərcliyi də məhz bu dövrdə başlamışdır. Ziya Paşa və şəxsi həkimi Kapoleon Əfəndi vasitəsilə, Sultan Əbdüləzizə müxalif olan qüvvələrin lideri sayılan Mithat Paşayla da danışıqlar aparırdı. Bu illərdə Osmanlı imperiyası çətin vəziyyətdə idi. Herseqovina üsyanıyla (1875) başlayan Balkan böhranı, bolqar ayaqlanması (2 may 1876) və 2 səfirin ölümü ilə nəticələnən Saloniki iğtişaşları (6 may 1876) ölkənin beynəlxalq əlaqələri təhlükəli həddə çatdırmışdı.

Taxta çıxışı

[redaktə | mənbəni redaktə et]

Böyük güclərin Osmanlı imperiyasına müdaxiləyə hazırlandığı bu əsnada müxalif qruplar Sultan Əbdüləzizi devirib, Murad Əfəndini taxta çıxarmağı planlayırdı. Mithat Paşanın köşkündə toplanan iclasda Sultan Əbdüləzizin səltənətdə qalması həm ölkənin, həm də müxalif qüvvələrin gələcəyi üçün təhlükəli olaraq görüldü və mədrəsə tələbələrinin üsyana sövq edilmələrinə qərar verildi. Digər tərəfdən isə Murad Əfəndi üsyan edəcək tələbələrə paylamaq üçün şəxsi sərrafı Xristaki Əfəndidən təmin etdiyi sandıq-sandıq qızılı Mithat Paşaya göndərdi. Softalar ayaqlanması adlanan bu hadisələr 10 may 1876-cı ildə başladı. Mehmed Rüşdü Paşanın sədarətə, Həsən Xeyrullah Əfəndinin şeyxülislamlığa, Hüseyn Avni Paşanın sərdarlığa və Mithat Paşanın məclisə daxil edilməsi elan edildi (12 may) və üsyançılar dağıldı. Sultan Əbdüləziz düşmənliyində ortaq olan və "möhtəşəm dördlük" adı verilən bu qrup iqtidarı ələ aldıqdan sonra Sultan Əbdüləziz devrilməsi məsələsində razılaşdılar və planı Murad Əfəndiyə bildirdilər. Çevrilişin 31 mayda olması planlaşdırılsa da, bəzi hadisələrin ardından çevriliş 29-30 may gecəsi baş tutdu. Dolmabağça sarayı dənizdən və qurudan mühasirəyə alınaraq giriş-çıxışları tutuldu və telefon xətləri kəsildi. Tələbələri silahlandıraraq Daşqışlağında tərtib olunan xüsusi batalyonla Dolmabağça sarayına gələn Quru qoşunları naziri Süleyman Paşa, saraydakı vəliəhd otağına gəlib Murad Əfəndini saraydan çıxarmaq istədi. Çevriliş tarixinin önə çəkilməsindən xəbərdar olmayan Murad Əfəndi, gələn Süleyman Paşanın onu həbs edəcəyindən qorxaraq otağından çıxmamış, nəhayət Süleyman Paşanın təkidləriylə saraydan ayrılmağı qəbul etmişdir. Hüseyn Avni Paşanın da onlara qatılmasıyla, Murad Əfəndi şiddətli yağış altında qayığa mindirildi. Qayıqla Fatehə gətirilən Murad Əfəndi, Hüseyn Avni Paşa ilə birlikdə arabayla Bəyazid məscidi yaxınlığındakı Sədarət binasına gəldi. Burada onu gözləyən sədrəzəm, şeyxülislam və digər bəzi dövlət adamları onu sultan elan edərək sədaqət andı içdilər. Ardından Sultan Əbdüləzizin devrilməsi haqqında fətva oxundu. Fətvada Sultan Əbdüləzizin dəli olduğu və dövlət işlərini idarə edə bilmədiyi bəhanə göstərilirdi. Sabiq sultan Topqapı sarayına aparıldı və burada həbs olundu. Bu səbəblə Sultan Murad səltənət nişanəsi olaraq, Topqapıya gedərək burada Yavuz Sultan Səlimin qızıl taxtına əyləşə bilmədi. Bunun yerinə Dolmabağça sarayına gedən Sultan Muradın cülusu top atəşləri ilə elan olundu və burada ikinci taxt mərasimi tərtibləndi. Bu əsnada Dolmabağça sarayında Sultan Əbdüləziz və ailəsinə aid əşyalar qarət edildi. Qiymətli əşyalar və ləl-cəvahiratın bir hissəsi yeni sultanın anası tərəfindən alındı. Bir hissəsi isə Sultan Muradın bir milyona yaxın borcları üçün sərrafı Xristaki Əfəndiyə verildi.

Sultan Murad ilk iş olaraq, onu taxta çıxaranlar arasında Ziya Paşanı baş katib təyin etdi. Sədrəzəmə xəbər göndərərək əmisinin sürgünə yolladığı Namiq Kamal və digər dostlarının geri çağırılmasını istədi. Ancaq bu əmri heç vaxt yerinə yetirilmədi. Onu taxta çıxaran "möhtəşəm dördlük" arasında qısa zamanda anlaşmazlıqlar yarandı. Yalnız Mithat Paşa azad demokratiya tərəfdarı olaraq qalmışdı. Digərləri isə keçmiş siyasi rejimin davam etməsindən tərəfdar idi. Sərdar Hüseyn Avni Paşa əsl diktator kimi hərəkət edir və hər işə müdaxilə edirdi. Saraya giriş-çıxışları nəzarət altına alan Hüseyn Avni Paşa, sultanla görüşmək istəyənlərin ondan icazə almasını tələb edirdi. Ziya Paşa baş katiblikdən alındı və yerinə Sadullah Paşa gətirildi. Sabiq sultan Fəriyə sarayına aparılmış, 3 gün sonra isə biləkləri kəsili halda ölü tapılmışdı (4 iyun). Sultan Əbdüləzizin qaynı olan Çərkəz Həsən bəy, sabiq sultanın ölümündən sonra intiqam almaq üçün Hüseyn Avni Paşanı Mithat Paşanın köşkündə keçrilən iclas əsnasında öldürdü (15-16 iyun gecəsi). 

Əvvəllər də əqlən zəifliyi bilinən Sultan Muradın baş verən hadisələrdən sonra əsəbləri daha da korlanmışdı. Cülus günü Sədarət binasında keçirilən mərasimdə pərişan halda olan Sultan Əbdüləzizin məlum vəziyyəti səbəbilə mərasim çox çəkməmişdi. Anormal hərəkətləri Ayasofya məscidində keçirilən ilk cümə salamlığında da müşahidə edilmişdi. Əmisinin müəmmalı ölümündən sorna şoka düşən Sultan Murad Yıldız sarayına alındı. Burada vəziyyəti daha da pisləşən sultanın özünü hovuza atmasından sonra yenidən Dolmabağça sarayına gətirildi. İkinci cümə salamlığındakı davranışları onun əqli zəifliyinin və psixi vəziyyətinin yaxşı olmamasını bir daha sübut etdi. Saraya məhkum edilən sultan heç kimlə görüşdürülmədi və artıq cümə salamlığına da çıxarılmadı. Ənənəvi olaraq, Əyyubsultan məscidində tərtiblənən qılınc qurşanma mərasimi də keçirilməmiş, əcnəbi elçilər krallarının təbrik məktublarını yeni sultana təqdim edə bilməmişdir. Sultan Muradın xəstəliyini gizlətməyə çalışan hökumət, sultanın üzündə və belində çiban çıxdığını, bu səbəblə cümə salamlığına çıxmadığı şayəsini yayırdı. Ancaq sultanın xəstəliyi artıq bütün paytaxtda bilinirdi və sədrəzəmin səltənət naibi kimi dövləti tək başına idarə etməsi şiddətlə tənqid edilirdi. Üləmlar isə sultanı əqli zəif olan bu ölkədə cümə namazının qılınmamasını irəli sürürdü. Bu vəziyyət qarşısında hökumət, sultanı yenidən cümə salamlığına çıxarmağa başladı. Araba ilə ən yaxın məscidə aparılan sultanın önündə, ənənəyə zidd olaraq, 2 zabit əyləşir, sultan isə bir küncə qısılırdı. Çıxdığı cümə salamlığından birində saraya dönən sultan əynini dəyişmədən yatağa girmiş, ertəsi gün otağın şüşələrini sındıraraq özünü öldürmək istəmiş, ardından həkim heyəti tərəfindən müayinə edildi. Heyətin gəldiyi nəticə isə sultanın sağalma ehtimalının az olması oldu. Hökumət isə, İngiltərə səfirinin tövsiyəsilə sultanı Vyanalı həkim Leydesdorfa müayinə etdirdi. Ondan da alınan mənfi rəyin ardından Sultan Muradın taxtdan endirilməsi müzakirəyə qoyuldu. Mithat Paşa vəliəhd Əbdülhəmid Əfəndini ziyarət etdi. 30 avqust 1876 tarixində keçirilən gizli iclasda Sultan Muradın devrilməsinə və Əbdülhəmid Əfəndinin taxta çıxarılmasına qərar verildi. Ertəsi gün sultanın devrilməsi haqqında verilən fətva oxundu (31 avqust 1876). Beləliklə, 93 gün davam edən Sultan Murad səltənəti başa çatdı. Bu müddət ərzində yalnız 7 gün iqtidarı əlində tuta bildi.

Məhbus illəri

[redaktə | mənbəni redaktə et]

Taxtdan endirildikdən sonra Çırağan sarayında yaşamasına icazə verildi. Bir neçə dəfə müalicə edilmək istənsə də, bir nəticə alınmadı. Başda mason birliyi olmaq üzrə, tərəfdarları onun əqlən sağlam olması və haqsız yerə devrilməsi şayələrini yayırdı. Bunun ardından Sultan Əbdülhəmid, qardaşını yerli və əcnəbi həkimlərdən ibarət tibbi heyətə müayinə etdirdi. Ancaq bu dəfə xəstəliyinin davam etdiyi və müalicəsinin mümkün olmadığı görüldü. Ancaq bu müayinədən 3 ay sonra sabiq sultanı qaçırmağa cəhd etdilər. İkisi türk, ikisi əcnəbi olan dörd nəfərlik dəstə Sultan Muradı Avropaya qaçırmaq və yenidən səltənətə gətirmək üçün qadın geyimində Çırağan sarayına girərkən ələ keçirilmişdi (noyabr 1876). Ardından Kleanti Skaliyeri-Əziz bəy komitəsi onu qaçırıb taxta çıxarmağa cəhd etdi. Ancaq komitə daxilindəki bir nəfərin xəbər verməsi nəticəsində bu cəhd baş tutmadı (15 aprel 1877). Üçüncü qaçırma cəhdi isə Əli Suavi tərəfindən baş tutdu. Çırağan hadisəsi olaraq anılan bu hadisə nəticəsində Əli Suavi qətlə yetirildi (20 may 1878). 

Bu qaçırma cəhdləri Sultan Əbdülhəmidi narahat edirdi. Bu səbəblə Sultan Murad bundan sonra daha sərt nəzarətdə yaşadı. 28 il boyunca əsl məhbus həyatı yaşayan Sultan Murad 29 avqust 1904-cü ildə şəkər xəstəliyindən vəfat etdi və Yeni məsciddə anasının yanına dəfn edildi. 

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  • Ahmed Midhat, Üss-i İnkılâb, İstanbul 1294, I, 228-274;
  • Ahmed Sâib, Târîh-i Sultan Murâd-ı Hâmis, Kahire 1326;
  • a.mlf., Vak‘a-i Sultan Abdülaziz, Kahire 1326, s. 134-215;
  • Süleyman [Paşa], Hiss-i İnkılâb yâhud Sultan Abdülaziz’in Hal‘i ile Sultan Murâd-ı Hâmis’in Cülûsu, İstanbul 1326;
  • Mehmed Memduh [Paşa], Mir’ât-ı Şuûnât, İzmir 1328;
  • a.mlf., Hal‘ler ve İclâslar, İstanbul 1329;
  • Mir’ât-ı Hakîkat, I, 91-167;
  • Ziya Şakir, Çırağan Sarayı’nda 28 Sene: Beşinci Murad’ın Hayatı, İstanbul 1943;
  • Halûk Y. Şehsuvaroğlu, Sultan Aziz: Husûsî, Siyâsî Hayatı, Devri ve Ölümü, İstanbul 1949, s. 73-200;
  • Danişmend, Kronoloji, IV, 265-284;
  • Mufassal Osmanlı Tarihi, İstanbul 1972, VI, 3223-3279;
  • Semih S. Tezcan - İsmail İşmen, İlk Türk Masonları ve Sultan Murat V, İstanbul 1998, s. 27-68;
  • İsmail Hakkı Uzunçarşılı, “Ali Suâvi ve Çırağan Sarayı Vak’ası”, TTK Belleten, VIII/29 (1944), s. 71-118;
  • a.mlf., “V. Murad’ı Tekrar Padişah Yapmak İsteyen K. Skaliyeri-Aziz Bey Komitesi”, a.e., VIII/ 30 (1944), s. 245-328;
  • a.mlf., “Beşinci Murad ile Oğlu Salahaddin Efendiyi Kaçırmak İçin Kadın Kıyafetinde Çırağan’a Girmek İsteyen Şahıslar”, a.e., VIII/32 (1944), s. 589-597;
  • a.mlf., “Beşinci Murad’ı Avrupa’ya Kaçırma Teşebbüsü”, a.e., X/37 (1946), s. 195-209;
  • a.mlf., “Beşinci Sultan Murad’ın Tedavisine ve Ölümüne Ait Rapor ve Mektuplar, 1876-1905”, a.e., X/38 (1946), s. 317-367;
  • Baha Gürfırat, “Bir Rus Yazarına Göre V. Murad’ın Hastalığı ve Mithat Paşa’nın Muhakemesi”, BTTD, II/11 (1968), s. 42-45;
  • Suha Umur, “Belgelere Göre 5. Murad’ın Masonluğu”, TT, VII/38 (1987), s. 100-103;
  • Hüseyin Çelik, “Sultan V. Murad ile İlgili İngiliz Gizli Belgeleri”, MÜTAD, sy. 7 (1993), s. 173-186;
  • E. J. Zürcher, “Murād V”, EI² (İng.), VII, 599
V Murad
Doğum: 22 sentyabr 1840 Vəfat: 29 avqust 1904
Hakimiyyət titulları
Sələfləri 
Əbdüləziz

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

30 may 1876-31 avqust 1876
Xələfləri 
II Əbdülhəmid
Sünni İslam titulları
Sələfləri 
Əbdüləziz

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Əbdülhəmid
  1. 1 2 3 4 Murad V // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Brozović D., Ladan T. Murat V. // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.