Görünüşcə çox gözəl, bəzəkli, insanda bədii təsir oyadan. Qəşəng ev. Qəşəng mənzərə. Qəşəng paltar. – Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar kolun dalısında Sona xanım qəşəng səfər paltarını geymiş, .. o yan-bu yana baxır. M.F.Axundzadə. Göy üzündə bir qəşəng; Tağ görünür yeddi rəng. A.Səhhət. [Hüseyn] ikimərtəbə qəşəng bir evin qapısını qorxa-qorxa döydü. S.Rəhman. // Gözəl, zərif, incə, lətif, məlahətli. Qəşəng bədən. Qəşəng üz. Qəşəng saç. Qəşəng səs. – Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni. Qurbani. Batmış gör necə də qəşəng naxışlar vurub. İ.Əfəndiyev. // Çox yaxşı. Onun qəşəng üslubu var. // Zərf mənasında. Qəşəng oxumaq. Qəşəng geyinmək.