Varşava gettosu
Varşava gettosu (alm. Warschauer Ghetto; pol. getto warszawskie; ivr. גטו ורשה) — Polşanın paytaxtı Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş getto düşərgəsi. Varşava gettosu III Reyx dönəmində olmaqla 1940-cı ilin oktyabr ayından 1943-cü ilin may ayına qədər fəaliyyət göstərmişdir. Gettonun ümumi ərazisi 3.4 km2 təşkil edirdi və burada toplamda 400.000 min yəhudi saxlanılmışdır.
Varşava gettosunda saxlanılan yəhudilərin 254,000 nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür. Varşava gettosu mövcud olduğu 3 il ərzində; getto daxili üsyanlar, şiddət və zorakılıq faktları ilə birlikdə ümumilikdə 300.000 min yəhudinin ölümünə səbəb olmuşdur.[1][2] Getto dünya tarixində eyni millətdən olan insanların kompakt şəkildə saxlanıldığı ən böyük yer kimi tarixə keçib.
Varşava gettosunda saxlanılan 400 mindən çox yəhudi Varşava şəhər əhalisinin 38% təşkil edirdi. Gettodan icazəsiz çıxmaq, gizli yolla qaçmağa görə ölüm cəzası tətbiq edilmişdir. Gettonun təhlükəsizlik və nəzarətini III Reyx əsgərləri ilə yanaşı, Nasist Almaniyasına tabe olan 3.000 nəfərdən ibarət yəhudi polis birlikləridə təmin etmişdir. Getto ilə bağlı önəmli hadisələrdən biridə Varşava gettosu üsyanıdır. 1943-cü ilin 19 aprelində başlayan və bir ay davam edən Varşava gettosu üsyanı zamanı 56 min yəhudi öldürülmüş, 7 min nəfəri isə Treblinka ölüm düşərgəsinə göndərilərək burada edam edilmişdir.
Yaradılması
[redaktə | mənbəni redaktə et]Varşava gettosunun divarları 1940-cı ilin 1 aprel tarixində inşa edilməyə başlandı. Şəhər əhalisinin əhəmiyyətli hissəsini təşkil edən yəhudilərin kompakt şəkildə yaşaması və işləməsini təmin edəcək bir yerin yaradılması ideyası daha əvvəl olsa da, əsaslı fəaliyyət 1940-cı ilə təsadüf etmişdir. Həmin ilin 16 oktyabr tarixində Üçüncü Reyx generalı Hans Frank Varşava şəhərində yaşayan yəhudilərin gettoda toplanması göstərişini verir. İlk əvvəl şəhərdə yaşayan yəhudilər gettoda yaşamağın məcburi olmayacağını zənn etsələr də, Hans Frank tərəfindən verilən əmr ilə Varşava və ətraf bölgələrində yaşayan yəhudilər eyni adlı gettoda toplanmağa başlamışdır. Toplama işi başa çatandan sonra Varşava gettosunda 400 min nəfər yəhudinin toplandığı müəyyən edildi. Bu rəqəm 1940-cı il Varşavası üçün ümumi şəhər əhalisinin 30% təşkil edirdi. Şəhər əhalisinin əhəmiyyətli bir hissəsinin bir yerdə toplanması üçün isə şəhərin 2,4% ərazisi ayrılmışdı. Göstəricinin bu qədər aşağı olması və şəraitsizlik yaxın gələcəkdə gettoda üsyan və qiyamların baş qaldırması ilə nəticələnmişdir.
Almanlar 1940-cı ilin 16 noyabr tarixində Vaşrava gettosunun giriş və çıxışlarını xarici aləm üçün bağladı. Bu tarixdən etibarən gettoda yaşayan yəhudilərə onlar üçün müəyyənləşdirilmiş ərazini tərk etmək qadağan edilirdi. Gettoda sakinləri yalnız nasist əsgərlərinin və yəhudi polislərin nəzarəti altında ərazini tərk edə və geri qayıda bilərdilər. Yəhudilərin gettodan qaçmamaları üçün 24 saatlıq ciddi rejimli nəzarət həyata keçirdilirdi. Gettonu şəhərdən ayıran hündür divarların ümumi hündürlüyü 3 metr (9.8 fit) olmaqla ucaldılırdı və bununla yanaşı içəridə saxlanılanların qaçmamaları üçün hasarların üzərinə tikanlı məftillər düzülmüşdü. Qaçmağa cəhd edən, divarın üzərinə çıxan şəxslərin nəzarətçi güllələrində dayanan əsgərlər tərəfindən vurulmaq hüququ vardı. Varşava gettosu mövcud olduğu üç il ərzində daxili sərhədləri bir necə dəfə dəyişdirilmişdir.
Gettonun yaradılması səbəbindən Varşvanın əsas küçələrindən biri olan Chłodna küçəsi bölünmüşdür. Küçənin şimal tərəfi Kiçik Getto cənub tərəfi isə Böyük getto olaraq adlandırılırdı. Varşava gettosunun ilk rəisi SA-Standartenführer zabitlərindən olan Valdemer Şön təyin olunmuşdur. Onu 1941-ci ilin mayında Hayns Aurşelvald əvəzləmişdir.
-
Varşava gettosunun inşa edilməsi (1940)
-
Getto daxilində yerləşən fabrikdə işləyən işçilər
-
Getto daxilində yaşayan uşaqlar
Getto rəhbərliyi
[redaktə | mənbəni redaktə et]Polşada yerləşən bütün gettolarda olduğu kimi Varşava gettosunda da inzibati idarə etmənin Judenrat tərəfindən icra edilməsi təklif edilmişdi.[3] Judernat yəhudi nümayəndələrdən seçilmək şərti ilə təşkil edilən yerli idarə orqanı idi. Üçüncü Reyx getto daxilində saxlanılan yəhudilərin maraqlarına cavab vermək üçün Adam Czerniakov adlı yəhudini judenrat olaraq seçir. Adam Czerniakovun fəaliyyət uzun müddətli olmur və o, 1942-ci ilin iyul tarixində baş verən sui-qəsd nəticəsində öldürülür.[4]
Almanlar getto daxilində yəhudilərin inzibati və idarə işlərində işlədilməsinə maraqlı idi. Hətta bu səbəbdən Varşava gettosuna Avropada iş adamı kimi məşhurlaşmış Çaim Rumanovski belə gətirilmişdi. Üçüncü Reyxin Varşava gettosunda gördüyü əsas işlərdən biri isə Yəhudi Getto Polisi adlı təşkilatın yaradılması oldu. Gettoda və ətraf ərazilərdə yaşayan yəhudilərdən təşkil edilmiş bu birliklər alman və polyaklarla birlikdə getto əhalisinə nəzarət edirdi.
Gettoda saxlanılan yəhudilər tərəfindən satqın olaraq adlandırılmasına baxmayaraq, Yəhudi Getto Polisinin əməkdaşlarının sayı 3.000 nəfərdən çox olmuşdur. Almanlar yəhudiləri kiçik vəzifələrə gətirməklə getto daxilində saxlanılan əhalinin mümkün etirazlarının qarşısını almağı planlaşdırıdılar. Yəhudilərə istər Judenrat formasında istərsədə yerli polis formasında hüquqların verilməsinə baxmayaraq, əsas idarə və nəzarət almanların əlində idi.
Ümumi vəziyyət
[redaktə | mənbəni redaktə et]Varşava gettosu yaradılandan sonra getto Varşava şəhərində yaşayan yəhudilərlə yanaşı, ölkənin digər bölgələrində yaşayan yəhudilərə də ev sahibliyi etməyə başladı. Varşava gettosu təkcə Varşava şəhəri üçün yox bütün ölkə üçün yəhudilərin toplanma və saxlanma yeri anlamını daşıyırdı. Gettoda yəhudilərlə yanaşı, qaraçılar və az sayda olmaqla digər xalqların nümayəndələri də saxlanılmışdır. Getto əhalisi arasında yatalaq xəstəliyinin sürətlə yayılması getto daxilində vəziyyəti kiritik həddə çatdırmışdır. 1941-ci ildə şəhərdə yaşayan əhali üçün gündəlik kalori miqdarı müəyyənləşdirilir. Əhali bölgüsü şəhər və ətraf ərazilərdə olmaqla yaşayan və üç əsas etnik qrupu təşkil edən qruplar üzərində aparılır. Beləliklə, almanlar üçün 2.613, polyaklar üçün 699 və yəhudilər üçün 184 kalori günlük norması qəbul olunur.[5]
İşsizlik getto daxilində ən böyük problem olaraq qalırdı. Qanunsuz işlərdə çalışma və qadağan edilmiş malların daşınmasında əsasən uşaq əməyindən istifadə olunmaqda idi. İlk başlarda gettonun ərzaqla təmin olunmasında problemlər olmasa da, zamanla ərzağın vaxtı-vaxtında gettoya çatdırılmaması səbəbindən ərazidə yaşayan yəhudilər arasında ciddi ərzaq problemi yaşanamağa başladı. Yəhudilər ərzaqla bağlı olan problemlərini həll etmək üçün gettoya qaçaq yollarla ərzaq gətirməyə başladılar. Zamanla ərzaq qaçaqmalçılığı genişləndi və hətta Üçüncü Reyxin bu barədə məlumatlı olduğu sadəcə baş verənlərə göz yumduğu da iddia edildi.
Gündəlik qayğılar və problemlərə baxmayaraq, getto daxilində yaşayan yəhudi əhali təhsil və mədəniyyət sahəsində fəaliyyətlərinin davam edilməsinə çalışırdılar. Getto daxilində xəstəxanalar, ictimai mətbəxlər, uşaq evləri və istirahət mərkəzləri yaradılmışdı. Yəhudi uşaqların rahat təhsil almaları üçün isə vahid təhsil sistemi fəaliyyət göstərirdi. Bəzi məktəblər qadağan olunduğu üçün yeməkxana adı altında fəaliyyət göstərirdi. Qadağan olunması səbəbindən kitabxanalar və orkestr qrupları ictimai mətbəx və uşaq evi adı altında fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Ravin olan və gettoda yaşayan Aleksandr Zusia Firdman adlı şəxs gizli şəkildə fəaliyyət göstərməklə böyük bir məktəb şəbəkəsi yaratmışdı. Məktəblər zirzəmilərdə və yeraltı ərazilərdə yerləşirdi. Aleksandr Firdman tərəfindən yaradılmış Yesodei Hatorah — oğlanlar məktəbi və Bais Yaakov — qızlar məktəbi ilə yanaşı, bir neçə dini məktəb də Varşava gettosunda gizli şəkildə fəaliyyət göstərməkdə idi.
Məktəblər və mədəni qurumlarla yanaşı, üç yəhudi institutu da gizli şəkildə fəaliyyət göstərməkdə idi. 1941-ci ilə qədər gizli şəkildə fəaliyyət göstərməyə məcbur olan məktəblər Judenratın dəstəyi və almanların razılığı ilə leqal şəkildə fəaliyyət göstərməyə başlamışdır.[6]
Üsyanı və gettonun ləğv edilməsi
[redaktə | mənbəni redaktə et]1943-cü ilin 18 yanvar tarixində Üçüncü Reyx əsgərləri anidən gettoya daxil olaraq içəridə olan yəhudilərə atəş açdılar. İlk əvvəl bunun deportasiya və ya başqa bir əraziyə köçürülmə olduğu zənn edilsə də, hadisələr anidən şiddətlənməyə və ixtişalara çevrilməyə başladı. Həmin gün baş verən qətliamda 600 yəhudi öldürüldü və 5.000 nəfər isə gettonun yuxarı hissəsinə köçürüldü. Baş verənlərin qarşısında yəhudilər heç bir müqavimət göstərmirdilər. Almanlar müqavimətin yaz aylarında başlanacağını ehtimal edir və bu səbəbdən həmin aylarda hər hansısa təxribatın olmaması üçün ciddi cəhdlə fəaliyyət göstərməkdə idilər.[7] Yəhudilər almanların günü-gündən daha amansız davrandıqlarını görüb özünü müdafiə dəstələri yaratmağa başladılar. Yəhudi Müharibə Təşkilatı və Yəhudi Əsgər Birliyi olaraq adlandırılan silahlı qruplarda toplamda 1.000 nəfərdən çox yəhudi döyüşçü cəmləşmişdi.
Silahlar gettonun xaricində yaşayan yəhudilərdən və anti-faşist birliklərindən təmin edilirdi. Bir həftə ərzində davam edən hazırlıqların ardından 19 aprel tarixində Varşava gettosunda üsyan başladıldı. Almanlar üsyanın başlana biləcəyini təxmin etsələr də, qarşılarında nizamlı yəhudi birliklərinin dayanacağını əsla təxmin etmirdilər. 19 aprel tarixi tərəflər arasında ilk şiddətli toqquşmanının baş verdiyi tarix olaraq tarixə keçmişdir. Üçüncü Reyx ordusunun komandanı Yurgen Stroop vəziyyətin ciddi olduğunu gördükdə əsgərlərə ağır texnika ilə getto daxilində yerləşən binaları və yəhudi silahlıların gizlənə biləcəkləri yerləri vurmaq göstərişi verdi. Getto daxilində yerləşən blok və kvartallar sistemli şəkildə vurularaq məhv edilirdi. 28 aprel tarixində yəhudilərin müqaviməti qırıldı və döyüşlər Varşava şəhərində yerləşən Böyük Sinaqoqun 16 may tarixində dağıdılması ilə tamamilə başa çatdı.
Rəsmi məlumatlara əsasən, 56.065 yəhudi getto daxilində yaşanana üsyan nəticəsində öldürüldü. Öldürülənlərdən cəmi 1.000 nəfəri almanlara qarşı silahlı müqavimət göstərməkdə idi. Getto əhalisinin silahlıları dəstəkləməsi bəhanəsi ilə nasist əsgərləri qarşılarına çıxan bütün yəhudiləri öldürməkdə idilər. Varşava gettosu üsyanı demək olar ki, gettonun sonunu gətirən hadisə oldu. Qiyamdan sonra üsyançılara kömək etmək iddiası ilə 7 min yəhudi gettodan çıxarılaraq Treblinka ölüm düşərgəsinə aparılıb edam edildi. 42.000 getto sakini isə Maydanek həbs düşərgəsinə göndərildi.
Gettonun qalıqları və miras
[redaktə | mənbəni redaktə et]Gettonun əhəmiyyətli dərəcədə böyük hissəsi baş verən üsyan nəticəsində dağıdıldı. Buna baxmayaraq, ərazinin kiçik getto olaraq adlandırılan hissəsində bir neçə inzibati və fərdi bina baş verən hadisələrdən ciddi ziyan görməyərək xilas olmağı bacardı. Müharibədən sonra ərazidə bərpa işləri aparıldı və əsasını yəhudi ailələrin təşkil etdiyi yeni sakinlər bir zamanlar gettonun var olduğu yerlərdə yaşamağa başladılar. Xüsusi ilə 7, 9, 12 və 14 saylı Prozna küçələrində yerləşən evlər orijinal yəhudi üslubunda tikilməklə diqqəti cəlb etməkdə idi. Yeni evlərin tikilməsinə baxmayaraq, evlərin böyük qismi boş qaldı və müharibəyə qədər olan aktivlik əldə edilə bilmədi.
Bir zamanlar gettonun mövcud olduğu ərazidə yəhudilərlə bağlı bir necə müəssisələr, evlər və dükkanlar yerləşməkdədir. Hər il ənənəvi şəkildə təşkil edilən Varşava Yəhudi Festivalı gettonun var olduğu ərazinin üzərində keçirilir. Gettonun yaxınlığında yerləşən Nozyk sinaqoqu mövcudluğunu qorumağı bacardı. Varşava gettosunun fəal olduğu dövrlərdə almanlar bu sinaqoqdan Vermaxta məxsus atların saxlanılması üçün istifadə etmişdilər. Müharibədə sonra sinaqoq təmir edilərək yenidən yəhudilərin istifadəsinə verildi.
Hal-hazırda 1941–1943-cü illərdən bu günə qədər qalmış ən sağlam getto divarları Sienna 55, Zlota 62 və Valikov 11 ünvanları olmaqla yerləşməkdədir. 1946 və 1948-ci illərdə almanların gettoya daxil olduqları yerin yaxınlığında xatirə abidəsi ucaldıldı. Böyük abidələrlə yanaşı gettonun yerləşdiyi küçələr boyunca müxtəlif vaxtlarda kiçik abidələr və lövhələrdə əlavə edilmişdir.
Varşava gettosunda yaşamış məşhur şəxslər
[redaktə | mənbəni redaktə et]Həlak olanlar
[redaktə | mənbəni redaktə et]- Tosiya Altman — Varşava gettosunda müqavimət hərəkatının təşkilatçılardan və rəhbərlərindən biri. 1943-cü ilin may ayında öldürülmüşdür.
- Mordekaj Anielviz — Gettoda yaradılan Yəhudi Müharibə Təşkilatının rəhbərlərindən biri. 8 may tarixində öldürülmüşdür.
- Simon Pulman — Varşava gettosunda fəaliyyət göstərən simfoniya orkestrının şefi. 1942-ci ildə Treblinka ölüm düşərgəsində həlak olmuşdur.
- Emanuel Rinqelblum — Tarixçi, sosial işçi və siysətçi. Getto daxilində fəaliyyət göstərmiş tarixçilər qrupuna rəhbərlik etmişdir.
Xilas olanlar
[redaktə | mənbəni redaktə et]- Vladislav Şpilman — polyak pianoçusu və bəstəkarı. Bütün ailəsi həlak olsa da, özü xilas olmağı bacarmışdır.
- Marek Edelman — polyak siyasətçi və sosial aktivist.
- İrena Sendler — Varşava gettosunda 2.500 dən çox yəhudi uşağın həyatını xilas edən qadın.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "WARSAW GHETTO UPRISING - ushmm.org". 2012-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
- ↑ "Treblinka ölüm düşərgəsi" (PDF). 2022-04-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-10.
- ↑ Dawidowicz, Lucy S. (1975). The war against the Jews 1933–1945. New York: Holt, Rinehart and Winston. pp. 228–229.
- ↑ Hilberg, Raul, et al. (editors). The Warsaw diary of Adam Czerniakow: Prelude to Doom (Stein & Day, NY, 1979).
- ↑ "Scenes of Hunger and Starvation". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
- ↑ Seidman, Hillel. "Alexander Zusia Friedman", in Wellsprings of Torah: An Anthology of Biblical Commentaries, Vol. 1. Nison L. Alpert, ed. The Judaica Press, Inc., 1974, pp. xii–xxiii.
- ↑ Martin Gilbert, 'The Holocaust' (1986), pages 522–523
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Mary Berg, The Diary of Mary Berg: Growing Up in the Warsaw Ghetto, Oxford: Oneworld Publications, 2007 (2nd ed), ISBN 1-85168-472-7 (1st ed: Warsaw Ghetto: a diary by Mary Berg, New York: L. B. Fischer, 1945; translated by Norbert Guterman; edited by S. L. Shneiderman; a "war time book")
- Marek Edelman, The Ghetto Fights, London: Bookmarks, 1994, ISBN 0-906224-56-X
- Israel Gutman, Resistance: The Warsaw Ghetto Uprising, ISBN 0-395-60199-1
- Martin Gray, For Those I Loved, ISBN 0-316-32576-7
- Raul Hilberg, et al. (editors). The Warsaw diary of Adam Czerniakow: Prelude to Doom (Stein & Day, NY, 1979).
- Janusz Korczak, Ghetto diary, ISBN 978-0-89604-004-5
- Dariusz Libionka, Laurence Weinbaum: "Bohaterowie, hochsztaplerzy, opisywacze — Wokół Żydowskiego Związku Wojskowego", Stowarzyszenie Centrum Badań nad Zagładą Żydów, Warsaw 2011
- Emmanuel Ringelblum, Notes from the Warsaw Ghetto, New York: ibooks, 2006, ISBN 1-59687-331-0
- Władysław Szpilman, The Pianist, ISBN 0-312-31135-4
- Dawid Wdowiński, And We Are Not Saved, ISBN 978-0-8022-2486-6, The Warsaw Ghetto: A Guide to the Perished City, ISBN 978-0-300-11234-4
- Barbara Engelking & Jacek Leociak, The Warsaw Ghetto: A Guide to the Perished City, ISBN 978-0-300-11234-4
- Warsaw and Ghetto, Warsaw: B&M Potyralski, 2000, ISBN 83-901501-2-3
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Varşava gettosu foto arxivi — yadvashem.org
- Holokostdan xilas olanların xatirələri — isurvived.org
- Varşava yəhudilərinin tarixi barədə sayt — zmh.um.warszawa.pl Arxivləşdirilib 2014-05-30 at the Wayback Machine
- Varşava gettosunda həlak olanların xatirəsinə açılmış sayt — warszawa.getto.pl Arxivləşdirilib 2015-02-13 at the Wayback Machine
- Varşava gettosunda ədəbi yaradıcılıq — poetryinhell.org