Uzunbığlar
Uzunbığlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Fəsiləüstü: Fəsilə: Uzunbığlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Uzunbığlar (lat. Cerambycidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Ümumi xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Uzunbığ böcəklərin sürfələri başqa böcəklərin sürfələrindən asanlıqla seçilir. Sürfələrin bədəni yoğun, uzunsov-silindrşəkilli olub, 12 buğumdan ibarətdir. Baş, döş və qarıncıq hissələrindən ibarət olan bədənin baş hissəsi tünd rəngdə, yerdə qalan hissələr isə ağ və ya sarımtıl olur. Başdan sonrakı üç buğum sürfənin döşünü, 9 buğum isə qarıncıq hissəsini təşkil edir. Sürfənin başı möhkəm, tünd rəngdə olub, xitin örtüklə örtülmüşdür.
Başın qabaq hissəsində ağız aparatı yerləşmişdir. Xitin örtükdən başın içərisinə doğru bir sıra çıxıntılar uzanır ki, bunlar da sürfənin başının daxili skeletini təşkil edir. Bir sıra növlərin başının yanlarında 1–5 cüt bəsit gözlər yerləşmişdir. Bəzən bu gözlər olmur. Gözlərin qabağında hər tərəfdə bir ədəd olmaq şərti ilə bir cüt bığ var. Bığlar əsasən 3 qısa buğumdan ibarətdir. Bəzi hallarda dördüncü əlavə buğum da ola bilər. Başın üzəri çox vaxt açıq və ya kürəni rəngdə olan zərif, qısa tüklərlə örtülü olur. Ağız aparatı bir çox başqa cücülərdə olduğu kimi gəmirici tipdə olub, üst çənələr, alt çənələr, üst dodaq və alt dodaqdan ibarətdir. Üst çənələr (mandibulalar) bir cüt olub, buğumsuz, qismən qısa və iridirlər. Bəzi növlərdə üst çənənin içərisində hamar dişciklər yerləşmişdir. Bir sıra böcəklərdə bu dişciklərin ucu dəyirmiləşmiş (Cerambycinae yarımfəsiləndə) və kəsik (Lamiinae yarımfəsiləsində) olur. Alt çənələr (maksillalar) də bir cütdür, lakin 3 buğumludur. Üst dodaq və alt dodaq tək olub, alt dodağın üzərində 2 buğumlu çıxıntı vardır. Alt dodaq üzərində olan dodaq çıxıntıları çənə, çənəaltı və dilcik adlanan 3 hissədən ibarətdir. Dodaqlar qısa hissedici tükcüklərlə örtülüdür. Sürfələrin döşü böcəklərdə olduğu kimi ön döş, orta döş və arxa döş adlanan üç hissəyə bölünür. Ön döş nisbətən iri olub, eni uzunundan böyükdür. Onun üst qalxanı qismən xitinləşmiş, üzərində qırışıqlar və nöqtələr vardır. Ümumiyyətlə ön döş üst qalxan, epiplevralar, episternalar və döşcük adlanan hissələrdən ibarətdir. Orta və arxa döşlərin üzərində isə qalxan, qalxancıq və qalxan qabığı hissələri vardır. Onların yan tərəflərində plevralar yerləşmişdir. Döşün hər buğumunda bir cüt olmaq şərti ilə 3 cüt ayağı vardır. Bu ayaqlar əksər növlərdə olub, qısa və konusşəkillidir (Lamiinae yarımfəsiləsinin bir çox növlərinin sürfələrində ayaqlar olmur.) Ayaqlar buğumlu quruluşdadır və hər bir ayaq çanaq buğumundan, çanaq tacından, burmadan, baldırdan və pəncədən ibarətdir ki, sonuncu hissə caynaqla nəhayətlənir.
Sürfələrin qarıncıq hissəsi 9 buğumludur və onun 9-cu buğumu ifrazat (anal) dəliyi ilə qurtarır ki, çox zaman bu da 10-cu buğum sayılır. İfrazat dəliyi adətən 3 pərli olur.
Uzunbığ böcək sürfələrinin birinci yeddi qarın buğumlarının və çox zaman orta və arxa döşlərin buğumlarının üst və alt tərəflərində döyənəyə oxşar qaba çıxıntılar yerləşmişdir ki, onlar vasitəsilə sürfələr hərəkət edir. Sürfə bədəninin yan tərəflərində 9 cüt kiçik qara ləkələr şəklində tənəffüs dəlikləri yerləşmişdir.
Uzunbığlarda cinsi dimorfizm
[redaktə | mənbəni redaktə et]Uzunbığ böcəklərdə cinsi dimorfizm yaxşı inkişaf etmiş, erkək və dişi fərdlər öz xarici görünüşlərinə görə asanlıqla fərqlənirlər. Dişi fərdlərin bədəni erkəklərə nisbətən iri və enli olur. Qanadüstlükləri qismən təpə tərəfə daralmış, qarın hissəsi isə iri olur. Erkək fərdlərin bığları dişilərinkinə nisbətən uzundur, gözləri isə yaxşı inkişaf etmişdir. Bəzi növlərin erkəklərində üst çənə daha yaxşı inkişaf edərək (Prioninae yarımfəsiləsində) dişi fərdlərinkindən asanlıqla seçilir. Bir çox uzunbığ böcəklərin ön bel hissəsində cinsi dimorfizm daha aydın nəzərə çarpır. Belə ki, erkək fərdlərin ön beli nəinki öz forma və böyüklüyünə görə dişilərinkindən fərqlənir, hətta onun üzərində olan naxışlar belə müxtəlif olur. (məs. Rhaesus cinsində). Erkəklərin qanadüstlükləri dar və uzun olur. Bir sıra növlərdə qanadüstlükləri erkək və dişi fərdlərdə müxtəlif rəngdə ola bilər. (məs. Leptura cinsində). Kökyeyən uzunbığ böcəklərdə (Dorcadion cinsi) isə bununla yanaşı, qanadüstlüyündəki haşiyələrin müxtəlif olması da nəzərə çarpır. Bəzi növlərdə ön döşün üzərində olan naxışların müxtəlifliyi ilə də erkək fərdləri dişilərdən asanlıqla ayırmaq mümkündür. (məs.Prioninae yarımfəsiləsi)
Erkək böcəklərin qabaq ayaqları dişilərin ayaqlarına nisbətən uzun olur və bəzi növlərdə bud üzərində olan qılların sayı adətən dişilərdə iki, erkəklərdə isə bir ədəd olur. (məs.Leptura cinsinin bəzi növlərində). Bundan başqa erkək və dişi fərdlər baldır, pəncə və ayaqlarının quruluşları ilə də bir-birindən fərqlənirlər.
Yarımfəsilələri
[redaktə | mənbəni redaktə et]- Anoplodermatinae
- Dorcasominae
- Əsl uzunbığlar (Cerambycinae)
- Disteniinae
- Lamiinae
- Lepturinae
- Necydalinae
- Parandrinlər (Parandrinae)
- Philinae
- Prioninae
- Spondilidlər (Spondylidinae)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Ślipiński S. A., Leschen R. A. B., Lawrence J. F. Order Coleoptera Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 203–208. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7