Torpağın humusu
Əgər, torpaq hissəciklərinə lupa altında baxmalı olsaq, orada müxtəlif bitki və heyvan qalıqlarını görmək mümkündür. Pinset vasitəsi ilə bu qalıqları torpağın mineral hissəsindən asanlıqla ayırmaq olur. Sonra kimyəvi yolla torpaqda olan humusun və yaxud çürüntünün miqdarını təyin etmək olar. Belə ki, götürülmüş torpaq nümunəsi üzərinə qələvi məhsul əlavə edilməklə, qara maddəni humusu ayırmaq mümkündür[1].
Torpaqlarda gedən proseslər
[redaktə | mənbəni redaktə et]Bütün torpaqlarda eyni iki proses gedir.
- Birinci prosesdə mürəkkəb üzvi birləşmələr axıra qədər parçalanır. Bu proses üzvi maddələrin minerallaşması adlanır.
- İkinci proses humusəmələgəlmə prosesidir. Humusəmələgəlmə prosesi çox mürəkkəb bir prosesdir. Humusun əmələgəlmə mənbəyini bitkilərin məhv olan kök və budaqları, tökülən yarpaqları (meşədə) torpaqda yaşayan və tələf olan müxtəlif heyvan və mikroorqanizmlər təşkil edir.
Üzvi qalıqların torpaqda parçalanmasının bir hissəsini atmosfer amilləri təşkil edirsə, digər bir hissəsini isə torpaqda yaşayan soxulcanların, həşərat və yereşən qurdların fəaliyyəti təşkil edir. Lakin üzvi maddələrin parçalanaraq torpaq humusuna çevrilməsində əsas amil olaraq mikroorqanizmlər, bakteriyalar və göbələklərin fəaliyyəti hesab olunur. Torpağın hər qramında mikroorqanizmlərin sayının 2 milyardı keçməsi sübuta yetirilmiş¬dir. Məhz mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində torpaqda humus əmələ gəlir, toplanır və çevrilir.
Humusun kimyəvi tərkibi
[redaktə | mənbəni redaktə et]Humusun kimyəvi tərkibi çox mürəkkəb olduğu üçün, onu bir və bir neçə birləşmə şəklində göstərmək mümkün deyildir. Bir sıra yeni tədqiqat¬lar torpağın üzvi maddəsindən çoxlu miqdarda xüsusi və dəqiq müəyyən edilmiş azotlu və azotsuz kimyəvi birləşmələr ayırmağa imkan vermişdir. Ancaq onların heç birini humus adlandırmaq olmaz.
Çürüntü maddələr
[redaktə | mənbəni redaktə et]Torpaqda olan çürüntü maddələr həllolma və ekstraksiya qabiliyyətinə görə iki əsas qrupa bölünür:
- Humin turşuları
- Fulvo turşular (əvvələr kren və apokren adlanırdı).
Humin turşular
[redaktə | mənbəni redaktə et]Humin turşular - aerob şəraitdə əmələ gəlir. O, zəif qələvidə həll olur, lakin suda və turşuda həll olmur. Humin turşularının məhlulu tünd rəngdə olur. Çöllər zonasının qara torpaqlarının çürüntü hissəsində humin turşusu-nun element tərkibi aşağıdakılardan ibarətdir: karbon 52-62 %, oksigen 31- 39 %, azot 2,6-5,1 % hidrogen 2,5-5,8 %. Bunlardan əlavə 10 %-ə qədər Si, P, S, Fe, Ca, К və s. ibarət kül elementləri olur. Humin turşuları torpağın mineral hissələrilə qarşılıqlı təsirə girdikdə humatlar əmələ gətirir. İki və üç valentli kationların Ca, Mq, Fe, Al humatları suda həll olmur. Onlar kolloid çöküntülər (gellər) əmələ gətirir. Bir valentli kationların - K, Na, NH4 humatları isə suda həll olur və Kolloid məhluludur (zol). Torpaqda humin turşuların çox hissəsi gel, az hissəsi mütəhərrik kolloid və çox cüzi bir hissəsi isə molekulyar məhlul halında olur. Əsasən qara, şabalıdı, bəzən boz - meşə torpaqlarda üstünlük təşkil edir. Azərbaycanda dağqara (meşə altından çıxmış), dağ boz-qəhvəyi (şabalıdı), çəmən-boz torpaqlarında humin turşusu fulvoturşulara nisbətən üstünlük təşkil edir.
Fulvoturşular
[redaktə | mənbəni redaktə et]Fulvoturşular - kolloid maddələr olmaqla, torpaq hissəciklərini yüksək udma qabiliyyətinə malikdir. Onun udma qabiliyyəti hər 100 qr maddəyə 200-60 ml ekv. miqdarı ilə ölçülür. Fulvoturşuların podzol torpaqlarda elementar tərkibi 45,3 % karbon, 5 % hidrogen, 47,3 % oksigen və 2,4 % azotdan ibarətdir. Humin turşuları ilə müqayisədə oksigen n miqdarı çox, azot və karbonun miqdarı nisbətən azdır. Humin turşulardan fərqli olaraq onlar suda, turşuda və qələvidə yaxşı həll olur. Fulvoturşuların məhlulu açıq-qonuru rəngdə, quru preparatı isə qonuru rəngdə olur. Meşə döşənəyində turş mühitdə podzoləmələgəlmə prosesi aktiv gedir. Fulvoturşuların tərkibində humin turşularından fərqli olaraq C, H, O elementləri çox olur. Fulvoturşuların külündə Al, Fe üstündür. Onların sulu məhlulunda pH-ı 2,5-3-dür. Azərbaycanın dağ-çəmən, qonur dağ-meşə, şoranlı, şorakətli torpaqlarında fulvoturşuları humin turşularından üstündür. Yer kürəsində müxtəlif torpaqlarda təbii şəraitdən asılı olaraq humusun miqdarı da fərqlidir. Mərkəzi Asiyanın boz torpaqlarında humus daha az olub, 1-2%-ə bərabərdir. Aparılmış hesablamalara görə ayrı-ayrı torpaqlarda humusun ehtiyatın da fərqlidir. Məsələn, mülayim qurşağın boz-meşə torpaqlarının 100 m-lik qatında bir hektara 175 ton təşkil edir. Bu göstərici tipik qara torpaqlarda 700 tona çatır, Mərkəzi Asiyanın boz torpaqlarında 70 tona duşur.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Quliyev İ.Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası Bakı, 2014