Mudanya barışığı
Mudanya barışığı — 1922-ci ilin oktyabrın 11-də Mudаnyаda (Türkiyənin Mərmərə dənizi sahilində yaşayış məntəqəsi) Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti (Ismət paşa) ilə Böyük Britaniya (gen. Harrinqton), Fransa (gen. şarpi) və Italiya (gen. Mombelli) nümayəndələri arasında imzalanmış barışıq sazişi (оktyabrın 13-də Yunanıstanda Mudanya barışığına qoşulmuşdu)
Tarixi
[redaktə | mənbəni redaktə et]Mudanya barışığı türk xalqının Antanta dövlətlərinin təcavüzünə qarşı milli azadlıq müharibəsinin uğurla başa çatdığı və türk ordusunun İstаnbulа və Frаkiyаya həlledici hücuma hazırlaşdığı bir şəraitdə bağlanmışdı. İlk əvvəl danışıqların üç günə başa çatacağı gözlənilirdi. Lakin Mudanyada aparılan danışıqlar oktyabrın 3-dən 10-dək davam etmiş, bəzən isə kəsilmək təhlükəsi qarşısın da qalmışdı (hətta bir dəfə Antanta nümayəndələri Türkiyənin Frakiyanı bir ay ərzində boşaldaraq türklərə qaytarmaq tələbini öz hökumətləri ilə razılaşdırmaq üçün Mudanyanı tərk etmiş, İsmət paşa isə türk ordusuna İstanbul və Frakiya üzərinə irəliləmək əmri vermişdi). Mudanya barışığına görə yunan qoşunları Maritsa çayına qədər şərqi Frakiyanı (Ədirnə şəhəri də daxil olmaqla) boşaldıb türklərin ixtiyarına verməli, Maritsanın sağ sahili (Qaraağac da daxil olmaqla) isə sülh müqaviləsi bağlanana qədər müttəfiqlərin ixtiyarında qalmalı idi. Mudanya barışığında Türkiyə tərəfi güzəştə gedərək, "qarşıdakı sülh konfransının qəti qərarınadək İstanbul və Boğazlar zonasına" qoşun yeritməmək barədə təəhhüd götürmüşdü.
Mudanya barışığı türk xalqının yadelli işğalçılara qarşı mübarizədə qazandığı böyük qələbənin beynəlxalq səviyyədə ilkin olaraq tanınması və təsdiqi idi. Mudanya barışığını imzalamaqla Antanta dövlətləri həm də TBMM hökumətini ölkənin yeganə qanuni hökuməti kimi tanıdılar.
Mudanya barışığı Lozanna sülh müqaviləsi (1923) bağlanana qədər qüvvədə olmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hüseynov Q. H., Atatürk dövründə Türkiyənin xarici siyasətinə dair, B., 1970;
- О r е ş k о v а S. F. i dr., Oçerki istorii Turüii, M., 1983.