Menios Kutsoyorqas
Menios Kutsoyorqas | |
---|---|
yun. Αγαμέμνων Κουτσόγιωργας | |
| |
Yunanıstanın daxili işlər naziri[d] () | |
17 yanvar 1984 – 9 may 1985 | |
Yunanıstanın daxili işlər naziri[d] () | |
5 iyun 1985 – 5 fevral 1987 | |
Yunanıstanın ədliyyə naziri[d] () | |
23 sentyabr 1987 – 18 noyabr 1988 | |
Yunanıstan parlamentinin deputatı[d] (Panhelenik Sosialist Hərəkatı) | |
1974 – 1989 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 aprel 1991 (68 yaşında) |
Vəfat yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
Aqamemnon Kutsoyorqas (yun. Αγαμέμνων Κουτσόγιωργας; 10 may 1922, Rodini[d], Qərbi Yunanıstan – 18 aprel 1991, Afina) və ya ümumişlək adı ilə Menios Kutsoyorqas — Yunanıstan siyasətçisi, hüquqşünas və polis işçisi. Panhelenik Sosialist Hərəkatının (PASOK) qurucusu və lideri Andreas Papandreunun yaxın adamı olan Kutsoyorqas 1981–1989-cu illərdə PASOK hökuməti dövründə ən güclü kabinet üzvlərindən biri kimi ortaya çıxdı və geniş ictimaiyyətdə Papandreunun varisi kimi qəbul edildi. Lakin Yorqos Koskotas qalmaqalına qarışdığına görə Xüsusi Tribunalın qarşısına çıxarıldı. 11 aprel 1991-ci ildə məhkəmə iclası keçirilərkən Kutsoyorqas zalda yıxıldı və bir həftə sonra öldü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kutsoyorqas 1922-ci ilin mayında Axeyanın Rodini kəndində anadan olub. O, İkinci Dünya müharibəsində Yunanıstanın Məhvər dövlətləri tərəfindən işğalı zamanı Omiros müqavimət qrupunda fəal idi və İtaliyanın işğalçı hakimiyyət orqanları tərəfindən tutularaq həbs edilmişdi. Menios Afina Universitetinin Hüquq fakültəsində oxumuş və 1945-ci ildə hüquq dərəcəsi almışdı. Elə həmin il o, Şəhər Polisinin Afina şöbəsində polis zabiti oldu. O, yeddi il polis məmuru vəzifəsində çalışdıqdan sonra hüquqşünas olmaq və öz hüquq firmasını açmaq üçün 1952-ci ildə işdən çıxdı.[1] Menios 1958-ci ildə Paris Universitetinin Hüquq fakültəsində dövlət hüququ üzrə magistr dərəcəsi aldı.
Müharibədən sonrakı dövrdə Afinanın tanınmış hüquqşünasına çevrilən Menios Kutsoyorqas Liberal Partiyasının və daha sonra Mərkəz İttifaqının lideri olan Georgios Papandreu ilə sıx əlaqədə idi. 1965-ci ildə ASPIDA qalmaqalı zamanı o, Georgios Papandreunun oğlu Andreas Papandreunun müdafiəçisi olub.
1967-1974-cü illərdə Yunan hərbi xuntası dövründə Kutsoyorqas hələ 1967-ci ildə rejimə qarşı silahlı müqavimət təşkil etmək cəhdlərində iştirak etmiş və evində silah və radio ötürücüləri aşkar edildikdən sonra tutulmuş və həbs edilmişdir. Daha sonra sərbəst buraxılsa da, 1970-ci ildə yenidən həbs olunan Menios bir müddət məşhur Yunanıstan hərbi polisi tərəfindən dindirilərək saxlanıldı.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Andreas Papandreunun yaxın əməkdaşı kimi Kutsoyorqas metapolitefsi zamanı Panhelenik Sosialist Hərəkatının (PASOK) qurucu üzvü oldu. O, 1974-cü ilin noyabrında hərbi hökumətin süqutundan sonra keçirilən ilk milli seçkidə parlament üzvü seçildi. O, 1989-cu ilə qədər bütün ardıcıl milli seçkilərdə Axeya prefekturasını təmsil edən deputat oldu. PASOK-un ilk kabinetində Kutsoyorqas 21 oktyabr 1981-ci ildə Nazirlər Kabinetinə rəhbər təyin edildi və daxili işlər naziri təyin olunduğu 17 yanvar 1984-cü ilə qədər bu vəzifəni tutdu. O, 9 may 1985-ci ildə, hələ parlament seçkiləri keçirilməzdən əvvəl bu vəzifədən istefa vermişdi. Avropa Parlamentinə seçkilərin keçirildiyi 22 may 1984-cü ildən 21 iyun 1984-cü ilədək onun nazir vəzifəsini müvəqqəti olaraq başqa şəxs icra etmişdi.[2] Nazir olduğu müddət ərzində Menios Yunanıstanın o vaxtkı prezidenti Konstantinos Karamanlisin ikinci dəfə yenidən namizədliyi ilə bağlı 1985-ci ilin martında baş vermiş siyasi böhranda böyük rol oynamışdı. Papandreu bir neçə dəfə namizədliyə dair vədlər versə də, PASOK partiyasının aparıcı üzvləri və Kutsoyorqas özü şiddətlə buna qarşı çıxmışdı. Nəhayət, əsasən Kutsoyorqasın təkidi ilə PASOK bu vəzifəyə hakim Xristos Sarcetakisi təklif etmişdi.[3][4]
PASOK-un 1985-ci il seçkilərindəki qələbəsindən sonra Kutsoyorqas 5 iyun 1985-ci ildə yenidən daxili işlər naziri vəzifəsinə təyin edildi. 26 iyul 1985-ci il tarixli kadr dəyişikliyində o, ictimai asayiş portfelini də öz üzərinə götürdü və bu səlahiyyəti 25 aprel 1986-cı ilə qədər icra etdi.[5] Menios 1987-ci il fevralın 5-dək daxili işlər naziri vəzifəsində qaldı, 23 sentyabr 1987-ci ildə isə hökumətin vitse-prezidenti və ədliyyə naziri təyin edildi.[5] Güclü partiya bazası olmayan PASOK-un seçiciləri arasında məşhurlaşan bu təyinat onu faktiki olaraq hökumətin ikinci adamı etmişdi. 1988-ci ildə Papandreunun xəstəliyi zamanı, eləcə də avqust-sentyabr aylarında Böyük Britaniyada ürək əməliyyatı olunmaq üçün Yunanıstanda olmadığı müddətdə Kutsoyorqas faktiki baş nazir vəzifəsini icra edirdi.[3]
Bununla belə, Yorqos Koskotas və Krit Bankı qalmaqalına adı qarışdığına görə, Menios Kutsoyorqas mətbuatın tənqidinə məruz qaldı. Bəzi tənqidçilərə görə ozamankı bank sirri haqqında qanunvericilik Koskotasın araşdırmadan yayınmasına imkan verirdi; bu səbəbdən həm mətbuat, həm də PASOK daxilində Meniosa qarşı tənqidlər getdikcə artırdı. O, bununla belə Papandreunun dəstəyini almağa davam etdi: 1988-ci il noyabrın 18-də hökumətin vitse-prezidenti və ədliyyə naziri vəzifələrindən istefa verməyə məcbur qalsa da, yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edildi.[3][5]
1989-cu ilin martında Koskotasın həyat yoldaşı ilə Koskotasın şəriki İ.Macuranis arasındakı söhbətlərin audio lentlərinin artıq qaçaq olan və ABŞ-də həbsdə saxlanılan Koskotas tərəfindən yayımlanması ilə böhran pik həddə çatdı. Həmin kasetlər Kutsoyorqasın Koskotas üçün bank sirri haqqında qanunu "təşkil etmək" məqsədilə İsveçrə bank hesabından 2 milyon ABŞ dolları aldığını göstərirdi. Kutsoyorqas bu iddiaları rədd etdi və Koskotası Yunanıstan qanunlarından qaçdığı və hökumətin hərəkətlərinin onun saxta imperiyasının çökməsinə səbəb olduğu bir vaxtda hökuməti şantaj etməkdə ittiham etdi.
Həmin ərəfədə parlamentdə etimad səsverməsi Papandreunun xeyrinə yekunlaşsa da, Kutsoyorqas 16 mart 1989-cu ildə istefasını təqdim etdi.[3][5] Sonrakı araşdırmalar göstərdi ki, Koskotasın yaxın adamı, əvvəllər PASOK hökumətinin üzvü olan və Menios ilə əlaqəsi olan İ.Macuranis 1988-ci ilin payızında Meniosa İsveçrədə bank hesabı açmaq üçün vasitəçilik edib. İ.Macuranis bir neçə həftə sonra həmin hesaba 1,2 milyon dollar depozit qoyub. Bir neçə həftə sonra depozitdən xəbərdar olan Menios vəsaiti Macuranisə qaytarıb və hesabı bağlayıb. Bu hadisələr 1989-cu ilin martında ortaya çıxdıqda Macuranis Meniosun həmin vəsaiti gözlədiyini iddia etdi. Kutsoyorqas isə bank hesabının şəxsi məqsədlər üçün açıldığını və Koskotasın qanunsuz fəaliyyətinin ifşa olunduğu zamanda Koskotas işinin kritik məqamında pul vəsaitinin göndərilməsinin Koskotas və Macuranis tərəfindən Kutsoyorqası tələyə salmaq cəhdi olduğunu iddia edirdi. Kutsoyorqas məhkəmə prosesində özünü müdafiə edərkən öldüyü üçün bu hadisələrin təfərrüatları araşdırılmadı.[6][7]
Mayın 18-də PASOK Mərkəzi Komitəsi Krit Bankı işi üzrə istintaq tamamlanana qədər Meniosun 1989-cu ilin iyununda keçirilən parlament seçkilərində namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdi.[3] Sentyabrın 27-də parlamentdə keçirilən səsvermədə Menios Kutsoyorqas, Andreas Papandreu, Dimitris Tsovolas və Yorqos Petsos Koskotas qalmaqalını araşdırmaq üçün yaradılmış Xüsusi Tribunala göndərildilər. Təqsirləndirilən şəxslərdən yalnız 68 yaşlı Kutsoyorqas 2 oktyabr 1990-cı ildə məhkəmə iclasınadək Koridalos həbsxanasına göndərildi; bu hərəkət o zamanlar siyasiləşdirilmiş və qeyri-adekvat addım hesab edilərək tənqid olunmuşdu. Bu addım cəmi bir neçə ay əvvəl sosialist partiyasının korrupsiya iddiaları ilə mübarizə aparmaq adı ilə seçilən yeni Mitsotakis höküməti tərəfindən dəstəklənmişdi. Kutsoyorqas dərhal bu qərardan apellyasiya şikayəti vermiş, onun işinə baxan Afina Apellyasiya Məhkəməsinin Apellyasiya Şurası apellyasiya şikayətini təmin etmiş və nəticədə Kutsoyorqas 10 yanvar 1991-ci ildə həbsdən azad edilmişdi.[8]
Məhkəmə iclası 1991-ci il martın 11-də ağır siyasi atmosferdə başladı. Proses canlı televiziyada yayımlanırdı. Kutsoyorqas öz mövqeyində dayandı və ittiham tərəfinin şahidi, Yunanıstan Bankının baş auditoru İoannis Kamarası dindirməsi ittiham tərəfinin işində bir çox qüsurları üzə çıxardı.[9] Aprelin 11-də digər şahidi, Yunanıstan Bankının keçmiş sədr müavini Statis Papaceorciounu dindirərkən Kutsoyorqas məhkəmə zalında yıxıldı və yeddi gün sonra öldü. Onun dəfn mərasimi Afinanın mərkəzində keçirildi. Dəfndə böyük izdiham toplanmışdı. Mərasim Xüsusi Tribunalın davam etməsinə qarşı siyasi etiraz dalğasına çevrildi. Bu hadisələr sonralar mətbuat və əhalinin böyük əksəriyyəti tərəfindən siyasi məqsəd güdən partiya siyasətinin nəticəsi kimi qiymətləndirildi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Menios Kutsoyorqas Aliki Kutsoyorqa adlı xanımla ailə həyatı qurub və üç övladı var. Qardaşı Praksitelis Kutsoyorqas Yunanıstan jandarmasının generalı olub.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- "Xidmətlərə görə" ordeni (Fransa)
- "Xidmətlərə görə" ordeni (Polşa)
- "Nil" ordeni (Misir)
- "Şahzadə Henri" ordeni (Portuqaliya)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Γιώργος Λακόπουλος, Το μυθιστόρημα του ΠΑΣΟΚ, 1999, σελίδες 70-71
- ↑ "ΚΥΒΕΡΝΗΣH ΑΝΔΡΕA ΠΑΠΑΝΔΡΕΟΥ - Από 21.10.1981 έως 5.6.1985" (Greek). General Secretariat of the Greek Government. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
- ↑ 1 2 3 4 5 Giorgos Lakopoulos. "Απολύστε την Αεροσυνοδό". To Vima (Greek). 18 July 1999. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
- ↑ "Ο Μένιος ξεγέλασε Ανδρέα - Καραμανλή". Eleftherotypia (Greek). 9 December 2001. 17 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
- ↑ 1 2 3 4 "ΚΥΒΕΡΝΗΣH ΑΝΔΡΕA ΠΑΠΑΝΔΡΕΟΥ - Από 5.6.1985 έως 2.7.1989" (Greek). General Secretariat of the Greek Government. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
- ↑ [ Εφημερίδα Ελευθεροτυπία 23/3/89]
- ↑ [Εφημερίδα Το Ποντίκι 3/9/90]
- ↑ Η Καθημερινή, 11 Ιανουαρίου 1991, «Ελεύθερος με εγγύηση ο Μένιος
- ↑ Τα Νέα, 22 Απριλίου 1991