Mənsubiyyət (qrammatika)
Mənsubiyyət kateqoriyası — sahib şəxslə mənsub əşya arasındakı münasibəti bildirən ümumi qrammatik kateqoriya.
Formalaşma üsulları
[redaktə | mənbəni redaktə et]Müasir Azərbayсan dilində mənsubiyyət kateqoriyası iki üsulla ifadə edilir: morfoloji üsul, sintaktik üsul. Morfoloji üsulda mənsubiyyət məfhumunun yaranması üçün həmişə iki sözün bir tərkib şəkildə işlənməsi şərt deyildir. Sahib anlayışı verən subyekt (şəxs əvəzliyi) iştirak etmədən də obyektlə-isimlə (mənsub əşya ilə) həmin məzmunu yaratmaq mümkündür.[1] Məsələn: Dərdimin, qəmimin səndin ortağı (B.Vahabzadə).
Sintaktik üsulla ifadə olunan mənsubiyyət kateqoriyasının iki tərəfi var. Birinсi tərəf sahib şəxs, ikinсi tərəf isə mənsub şəxs və ya əşyadan ibarət olur. Məsələn: İndi kimə açım dərdimi bir-bir, Kim mənim dərdimə yanar sən qədər? (B.Vahabzadə).[2]
Rus dilində mənsubiyyət kateqoriyası yalnız sintaktik üsulla yaranır. Çünki bu dildə mənsub əşya mənsubluq anlayışını bildirən qrammatik göstərici qəbul etmir. Məsələn, моя книга.
Mənsubiyyət şəkilçiləri
[redaktə | mənbəni redaktə et]Müasir ədəbi dilimizdə işlənən mənsubiyyət kateqoriyasının şəkli əlamətləri aşağıdakılardır: Birinci şəxsin təki saitlə bitən isimlərdə -m (atam, nənəm), samitlə bitən isimlərdə -ım, -im, -um, -üm (yolum, gözüm). Birinci şəxsin cəmi saitlə bitən isimlərdə -mız, -miz, -muz, -müz (atamız, nənəmiz), samitlə bitən isimlərdə -ımız, -imiz, -umuz, -ümüz (əlimiz, topumuz). İkinci şəxsin təki saitlə bitən isimlərdə -n (atan, nənən), samitlə bitən isimlərdə -ın, -in, -un, -ün (əlin, topun). İkinci şəxsin cəmi saitlə bitən isimlərdə -nız, -niz, -nuz, -nüz (atanız, nənəniz), samitlə bitən isimlərdə -ınız, -iniz, -unuz, -ünüz (yolunuz, gözünüz). Üçüncü şəxsin təki və cəmi saitlə bitən isimlərdə -sı, -si, -su, -sü (nənəsi, atası), samitlə bitən isimlərdə -ı, -i, -u, -ü (topu, gözü).[3]