LCD

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

LCD və ya maye kristal monitor (en. Liquid crystal display) — artıq təsvir texnologiyası kimi nəzərə alınmır. Yalnız düz kvadrat deyil, eyni zamanda nazik, daha parlaq və katod şüalı elektron lampalarına nisbətlə daha az enerji sərf edir.

LCD`nin kəşfi adi bir kök`ə qədər uzanır. 1888-ci ildə Avstriyalı botanik və kimyagər Friedrich Reintzer kökdən xolestrini çıxardıqdan sonra, xolestrinin maraqlı bir xüsusiyyətə malik olduğunu kəşf etdi: Xolestrin nə maye, nə də qatı kristallara malik idi, ikisinin arasında bir yerdəydi. Reinitzer, xolestrinin qəribə bir formada iki ərimə nöqtəsinin olduğunu və işığı qəribə formalarda əks etdirtdiyini gördü. Bu kəşf elm adamları arasında bir tufan qopartdı, amma hələ heç kəs xolestrinin faydasının istifadə edilə biləcəyi bir sahə tapa bilmirdi. 1900-cü illərin əvvəllərində bəzi elm adamları maye kristallarını istifadə edərək onları incə lövhələrin arasına axıdırdılar. Lakin ilk praktiki tətbiqi tapmaq böyük bir şirkətə nəsib oldu[1].

1936-cı ildə maye kristalın potensialının əhəmiyyətini görən Marconi Kabelsiz Teleqraf Şirkəti "maye kristal işıq valfı"nın patentini aldı. Lakin əsl böyük yenilik 1960-cı illərdə mühəndis George Heilmeier`ın ABŞ Radio Şirkəti`ndəki əməkdaşı Richard Williams`ın işlərinin əhəmiyyətini qavradıqda reallaşdı. Williams nazik bir maye kristal təbəqəsindən keçirilən bir elektrik axımının zolaqlı bir görüntü yaratdığını gördü. Heilmeier bunun potensialını görərək, maye kristalların ekranlarda istifadə edilməsini təklif etdi. Beləliklə LCD`lər yaranmış oldu[2].

1970-ci illərdə LCD`lər artıq qol saatlarının içindəydi. 90-cı illərdə bu texnologiya nəhayət etibarilə, katod şüalı borulu ekranların yerini alıb, televizorlarda istifadə edilməyə başlanıldı. Müasir dövrdə LCD`lər saatlardan tutmuş noutbuklara, DVD player`lərə və smart saatlara qədər bir çox sahələrdə istifadə edilir. Texnologiya şərhçisi və yazar olan Rahiel Nasir`in də dediyi kimi:

"LCD monitorlar müasir dünyanın hər yerindədi"[3].

LCD texnologiyası

[redaktə | mənbəni redaktə et]

LCD texnologiyası, iki elmi xüsusiyyətdən istifadə edir: İşığın polyarlaşdırılması və maye kristalların elektrik cərəyanına təsir etmə xüsusiyyəti. Birbaşa öz qaynağından çıxan işığın əks etdikdən və sındıqdan sonra meydana gələn xüsusiyyətlərin bütününə polyarlaşma deyilir. Maye kristallar əslində maye deyil. Molekulları sanki maye kimi çox fərqli nöqtələrə hərəkət edə bilir. Ancaq eyni zamanda molekulları kristaldakı kimi yan-yana da düzülə bilir.

LCD monitorda rəng layları

LCD, iki polyarlaşma filtrinin aralarına qoyulmuş bir maye kristal təbəqədir. Ondan sonra onun arxasında ağ arxa işığı var (backlight). Ağ işığın dalğaları hər istiqamətə əsir. Bu mərhələdə, polyarlaşma filtrləri bütün işığın qarşısını kəsərək, yalnız eyni polyarlaşma düzlüyündə olan titrəmələrin keçməsinə icazə verir. Məsələn, şaquli polyarlaşma filtrindən ancaq şaquli polyarlaşmış (şaquli əks edən və sınan) işıq keçir. LCD-nin ikinci filtri isə üfüqidir. Parlayan işığın hər növünün hərəkətinə mane törədilir.

LCD-lərdə istifadə olunan maye kristalların kimyəvi formulu fərqli ola bilər. Düsturlar patentləşdirilə bilər.[4] Məsələn, Merck and Sharp Corporation tərəfindən patentləşdirilmiş 2-(4-alkoksifenil)-5-alkilpirimidin ilə siyanobifenil qarışığıdır. Bu xüsusi qarışığı əhatə edən patentin müddəti bitdi.[5]

Maye kristalın vəzifəsi isə işığı əyməkdir. Maye kristallar molekullar zənciri, "sıraya düzmə təbəqəsi" adı verilən lövhələrə əlavə edilir və işığı 90 dərəcə çevirir. İşıq, polyarlaşmanı şaqulidən üfüqiyə dəyişən kristalları izləyir. İşıq şüaları, beləliklə ikinci filtrdən keçir və nəticədə ekrana parlaq və keyfiyyətli təsvir çıxır.

Böyük bir şəkli göstərmək üçün kiçik tranzistorlar pikselleri bir-bir açıb bağlayır. Bunlar maye kristal təbəqənin müəyyən hissələrinə cərəyan göndərir. Sonra hər piksel qırmızı, yaşıl və mavi alt piksellərə bölünərək ekranda rəngli təsvirlər meydana gəlir. Təsvirin parlaqlığı və canlılığı voltaj tətbiqi ilə təmin edilir. Bu cür LCD ekranlara "aktiv matris" deyilir, çünki ekrandakı hər alt piksel üçün bir tranzistor istifadə edilir. Bu texnologiya, tel şəbəkələr vasitəsilə voltaj tətbiq edən "passiv matris" ekranlara nisbətlə daha yaxşı nəticə verir.

  1. Jheni Osman, "Dünyayı değiştiren 100 fikir", səh.357-358
  2. Jheni Osman, "Dünyayı değiştiren 100 fikir", səh.358-359
  3. Jheni Osman, "Dünyayı değiştiren 100 fikir", səh.359
  4. "Liquid crystal composition and liquid crystal display device". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  5. "Liquid crystal composition". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]