I Adil
I Adil | |
---|---|
əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub ərəb. بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب | |
| |
1196 – 1218 | |
Əvvəlki | Mənsur Məhəmməd |
Sonrakı | Kamil Məhəmməd |
1200 – 1218 | |
Əvvəlki | Əfdal Əli |
Sonrakı | Müəzzəm İsa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (73 yaşında) |
Atası | Nəcməddin Əyyubi |
Ailəsi | Əyyubilər sülaləsi |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
I Adil (tam adı : əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub; ərəb : بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب; iyun 1145 – avqust 1218) — Nəcməddin Əyyubinin oğlu və Səlahəddin Əyyubinin kiçik qardaşı. 1196–1218-ci illərdə Şam Əyyubi sultanı, 1200-cü ildə Misirdəki hakimiyyəti ələ keçirdikdən sonra həmçinin Misir Əyyubi sultanı kimi hakimiyyətdə olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səlahəddin Əyyubi dövründə
[redaktə | mənbəni redaktə et]Adilin harada anadan olması barədə mənbələrdə məlumatlar müxtəlifdir. Mənbələrə görə 1145-ci ildə Dəməşqdə, və yaxud Bəəlbekdə anadan olub.
Onun haqqında ilkin məlumatlar Şamdakı Zəngi atabəyi Nurəddin Zənginin ordusuna rəhbərlik edən əmisi Sirkuhun 1168–1169-cu illərdə Misirə üçüncü və sonuncu səfərində iştirakı və burada göstərdiyi hərbi uğurlarla bağlıdır. 1169-cu il yanvarın 18-də əmisi Sirkuh Fatimilər tərəfindən vəzir təyin olunsa da, bir neçə gün sonra gözlənilmədən öldü.
Onun yerinə Sirkuhun qardaşı oğlu və Adilin böyük qardaşı Səlahəddin Əyyubi seçildi. Səlahəddinin Qahirədə inzibati vəzifələrə öz adamlarını yerləşdirməsi və getdikcə güclənməsi Fatimilərə tabə olan hərbi qüvvələrin üsyanı ilə nəticələndi. Lakin bu üsyan Adil tərəfindən sərt şəkildə yatırıldı. Həmçinin üsyançıların Nubiyadakı hərbi düşərgələrinə basqın edildi və üsyana rəhbərlik edən şəxslər də daxil olmaqla üsyançıların əksəriyyəti öldürüldü.[1] Son Fatimi sultanı Ədidin 13 sentyabr 1169-cu ildə vəfatından sonra Qahirədə və Fustatda Abbasi xəlifəsi Müstadhinin adından xütbələr oxundu və beləliklə Fatimi şiə xilafətinə və Fatimi dövlətinin varlığına son qoyuldu. Faktiki olaraq bundan sonra hərbi və siyasi rəhbərlik tam olaraq Səlahəddin Əyyubinin əlində olsa da, yenə də Əyyubilər Zəngilərin vassalı kimi hakimiyyətdə idilər. Misirdə yeni sünni əsilli Əyyubi idaretmə sisteminin qurulmasında Adil qardaşından böyük dəstək aldı.[2]
Nurəddin Zənginin 1174-cü ildə ölümündən sonra onun azyaşlı oğlu Saleh İsmayıl Suriya və Şam atabəyi kimi taxta oturdu. Lakin Zəngilərin Hələb atabəyi Gümüştəkin onun hakimiyyətini qəbul etmədi və hakimiyyəti ələ keçirmək üçün ordusu ilə Suriyaya doğru hərəkətə keçdi. Həmçinin Səlahəddin də 1174-cü ilin noyabrında Misiri tərk etdi və noyabrın 27-də Şama daxil oldu. Kiçik qardaşı Adili isə Misirə vali təyin etdi.[3]
Bundan sonra 1174-cü ilin noyabr ayından başlayaraq Səlahəddin Əyyubi Qüds krallığına və bu dövlətə tabe olan yerli feodallara qarşı geniş hərbi əməliyyatlara başladı. Misir valisi Adil böyük qardaşı Səlahəddinin hərbi yürüşlərinə dəstək olmaq üçün Misir ordusu ilə bir neçə dəfə Qəzzəyə və Fələstinə yürüşlər təşkil etdi. Xüsusən də Səlahəddin Tripoli qraflığının tabeliyindəki Beyrutu ələ keçirmək üçün yürüşdə olarkən, Adil Qəzzaya və Fələstinə doğru hərəkət edərək Qüds kralı I Amalrikin və IV Bolduinin Tripoli qraflığına dəstək verməsinin qarşısını aldı.[4]
IV Boduin 1176-cı ildə həbsdən çıxan Şatilyonlu Reynaldın dəstəyi ilə 1177-ci ildə Monjisar döyüşündə Əyyubi ordusuna qarşı qələbə qazandı. Bundan sonra Əyyubilər ilə Qüds krallığı arasında azad ticarətlə bağlı müqavilə imzalandı. Lakin Şatilyonlu Reynald bu müqaviləyə əməl etmədi. Onun tabeliyindəki hərbi dəstələr və donanma bölgədəki müsəlman ticarət karvanlarına və Məkkəyə gedən zəvvarlara qarşı pirat və quldur hücumları təşkil edirdi. Bu hücumların qarşısını almaq üçün Misir valisi Adil 1182-ci ilin noyabrında Hicaza hərbi yürüş təşkil etdi və Mədinə yaxınlığında Şatilyonlu Reynaldın başçılıq etdiyi piratları məğlub etdi, Şatilyonlu Reynald isə az sayda əsgərlə birlikdə qaçmağı bacardı. Əsir götürülən dəniz quldurları Qahirəyə aparılaraq orada edam edildi.[5]
1183-cü ildə Hələb Səlahəddinin qüvvələri tərəfindən tutuldu və Adil buraya əmir təyin edildi. Adilin yerinə isə Misirə Səlahəddinin ikinci oğlu Əziz Osman və Adilin oğlu Təkiyəddin Abbas əmir təyin edildi. 1186-cı ildə isə Səlahəddin Hələbə Adilin yerinə digər oğlu Zahir Qazini əmir təyin etdi və Adilin oğlu Təqiyəddin Abbası da Misir əmirliyindən uzaqlaşdırdı. Adil isə Urfa və Hərrana vali təyin edildi.[6]
1187-ci ilin payızında Səlahəddin Konrad Montferratlının rəhbərlik etdiyi Avropadan yeni gəlmiş səlibçi qüvvələrinin müdafiə olunduğu Sur qalasını mühasirəyə aldı. Adil oğlu Təkiyyəddinlə birlikdə bu mühasirədə iştirak edirdi. Lakin bu mühasirə Əyyubilər üçün uğursuzluqla nəticələndi və 1187-ci ilin dekabrında mühasirə dayandırıldı.[7] Bundan dərhal sonra Səlahəddin Adilə səlibçilərin hakimiyyəti dövründə Şatilyonlu Reynalda məxsus torpaqları bağışladı və onu Misirə göndərdi.[7]
20 avqust 1189-cu ildə Səlahəddin Qüds krallığının paytaxtı Əkkanı mühasirəyə aldı. Həmin ilin noyabrında Adilin komandanlığı altındakı Misir ordusu da mühasirəyə qatıldı. 1190-cı ilin yazında Səlahəddin xəstələndi və mühasirəyə Adil rəhbərlik etdi. 1190-cı il iyulun 30-da alman səlibçi qüvvələri gözlənilmədən Adilin qərargahına hücum edərək qərargahı ələ keçirdilər. Səlibçilərin qərargahı qarət etməsindən istifadə edən Adil əks-hücuma keçdi və demək olar ki, səlibçilərin canlı qüvvəsinin hamsını öldürüldü.[8]
Üçüncü Səlib yürüşü dövründə Adil yenidən Misirə vali kimi göndərildi və 1186–1192-ci illərdə bu vəzifədə oldu.
Səlahəddinin ölümündən sonra varislərinin əmisi kimi həyatı
[redaktə | mənbəni redaktə et]Səlahəddin 1186-cı ildə idarə etdiyi torpaqları böldü. Belə ki, ölümündən sonra oğullarından Əfdal Əli Şam sultanı, Əziz Osman Misir sultanı, Zahir Qazi Hələb əmiri olacaqdı. Qardaşı Adilə isə Urfa və Harranda Əlcəzirə əmiri vəzifəsini verdi. Səlahəddin 1193-cü il martında vəfat etdikdən sonra vəsiyyəti Əyyubi əyyanları tərəfindən olduğu kimi qəbul edildi.
Lakin bir müddət sonra Misir Sultanı Əziz Osmanla qardaşı Şam sultanı Əfdal Əli arasında qarşıdurma yarandı. Əziz Osman 1194-cü ildə Misir ordusu ilə Şama gedərək həmin şəhəri mühasirəyə aldı. Əfdal əmisi Adildən kömək istədi. Adil qardaşı oğulları arasında vasitəçi oldu və tərəflər arasında sülh imzalandı. Əziz Osman Şamın mühasirəsini dayandıraraq Misirə qayıtdı.
1195-ci ildə Əziz Osman yenidən Əfdala qarşı yürüş təşkil etdi. Adil Əfdalı qorumaq üçün Əziz Osmanın ordusundakı bəzi mühüm əmirləri ordunu tərk etməyə razı saldı. Ordusu parçalanmaqda olan Əziz Osman Misirə qayıtdı. Sultan Əfdal fürsətdən istifadə edərək Misirə girib Qahirəni ələ keçirimək istəsə də Adil onu hücumdan çəkindirdi. Bəzi mənbələrə görə Adil qardaşlardan heç birinin bütün Əyyubi sultanlığı ərazisində tək hökmdar olmasını və güclənməsini istəmirdi.
Bu dövrdə Adil dövlət işlərindən uzaqlaşdığını bəyan edərək Əlcəzirə əmirliyini tərk etdi və Misirdə yaşamağa başladı. Əfdalın dövlət işlərindən uzaqlaşması və Suriya əhalisinin onun hakimiyyətindən narazılığı 1193-cü ildə Əziz Osman və Adilin onun üzərinə yürüş etməsinə gətirib çıxardı. 1196-cı ilin iyununda hərəkətə keçən Misir ordusu 1196-cı il iyulun 3-də Şama daxil oldu. Əfdal Suriya taxtından endirildi və kiçik şəhərlərdən birinə vali təyin edildi. Adil isə Suriya əmiri təyin edildi. Beləliklə, Əyyubilər dövlətindəki hakimiyyət faktiki olaraq Adilin əlinə keçdi.
Əziz Osman 29 noyabr 1198-ci ildə piramidalar yaxınlığında ov zamanı atdan yıxıldı və vəfat etdi. Misir əyanları Əziz Osmanın yerinə onun 9 yaşlı oğlu Mənsur Məhəmmədi sultan elan etdilər. Əmisi Əfdal Əli isə sultanln naibi (atabəyi) təyin edildi.
Adilin üzərinə hərəkətə keçən Əfdal 1199-cu il iyunun 14-də Dəməşqə çatdı və şəhəri mühasirəyə aldı. Amma tərəflərdən heç biri döyüşə getməyə cəsarət etmədilər. Əfdal əyanların israrına baxmayaraq Adillə altı aylıq sülh müqaviləsi imzaladı və Misirə qayıtdı. Həmçinin Əfdal kənd təsərrüfatı məşğul olmaq istəyən Misir ordusu əsgərlərinin əksəriyyətini evlərinə geri göndərdi və beləliklə Misir ordusu demək olar ki, dağıldı. Lakin Adil bu müqaviləyə əməl etmədi və az müddət sonra Misirə daxil oldu. Əfdal dağılmış ordusunu yenidən toplamaq fürsəti tapmadı və toplaya bildiyi əsgərlərlə Bilheysdə Adilin ordusu ilə qarşı-qarşıya gəldi. Adil Bilbəys döyüşündə qalib gəldi və 5 fevral 1200-cü ildə Qahirəni tutdu.
Adil 11 yaşındakı Mənsur Məhəmmədi taxtdan saldı və dördüncü Əyyubi sultanı kimi taxta çıxdı. Mənsur Məhəmməd Urfa valisi, Əfdal isə Əlcəzirədəki Həvrana sürgün etdi.
Sultanlıq dövrü
[redaktə | mənbəni redaktə et]Adil hakimiyyəti dövründə Əkkada yerləşən Qüds krallığı və Tripoli qraflığı ilə siyasi münasibətləri və ticarət əlaqələrini genişləndirdi.
Habelə ara müharibələri dövründə boşalmış xəzinənin vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra pul və vergi islahatları həyata keçirdi.[9] 1199-cu ildəki zəlzələ zamanı və 1199–1202-ci illərdə Nil çayının daşmasından sonra görülən tədbirlər bu dövrdə Əyyubi xəzinəsinin dolu olmasının göstəricisi idi. Beləliklə, Sultan Adil iqtisadi böhranlar zamanı ictimai və siyasi sabitliyi qorudu və iqtisadiyyatın tez bir zamanda toparlanmasını təmin etdi.[9]
Adil Avropadan gələn yeni səlib yürüşlərinin qarşısını almaq məqsədilə avropalı tacirlərə Əyyubilərin sahilkənarı ərazilərində böyük ticarət imkanları verirdi. Xüsusilə italyan tacirlər bu iqtisadi imkanlardan çox faydalanırdılar. Lakin bu tədbirlər tam uğurlu olmadı. Frank gəmiləri 1204-cü ildə Misirin Rəşid limanına və 1211-ci ildə isə Dümyat limanına hücumlar təşkil etdilər.[9]
Adilin əhəmiyyət verdiyi üçüncü məsələ Əyyubilərin hakimiyyəti altında olan torpaqlarda zor tətbiq etmədən Əyyubi hakimiyyətini qorumaq idi. 1200-cü ildə baş verən daxili qarşıdurmalardan sonra Adil bu məqsədə nail oldu və Əyyubi torpaqlarında daxili çəkişmələr aradan qaldırıldı. Sultan Adil 1212-ci ildə qızını Səlahəddinin oğlu, Hələb əmiri Zahir Qazi ilə evləndirdi. Həmçinin bu dövrdə Əyyubilərə aid qalalar və istehkamlar əsaslı təmir edildi. Məsələn, dövrümüzə qədər gələb çatan Dəməşq qalasının sonuncu təmiri Adil dövründə olmuşdur.[10]
Adil dövründə Mosul və Sincar istisna olmaqla, əvvəllər Zəngilərin hakimiyyəti altında olan torpaqların çoxu Əyyubilərin hakimiyyətinə keçdi. 1207-ci ildə Əxlata yürüş təşkil edildi və oradakı bəylik ləğv edilərək Əyyubilərin Şam əmirliyinə birləşdirildi.
Ölümü
[redaktə | mənbəni redaktə et]Sultan Adilin xarici siyasətdə əsas məqsədi yeni bir Səlib yürüşünün olmaması və avropalıları Əyyubi torpaqlarına basqın etməkdən çəkindirmək idi. Lakin bu siyasət baş tutmadı, 1217-ci ildə Səlib ordusu yenidən Fələstin və Misirə yürüş təşkil etdi. Adil səlibçi qüvvələrinin Fələstində quruya çıxacağını düşünsə də, səlibçilər 1218-ci ilin avqustunda Misir ərazisində quruya çıxdılar və Dümyat qalasını mühasirəyə aldılar. Yaşlı sultan Adil bu ərəfədə xəstələndi və 1218-ci ilin avqustunda öldü. Böyük oğlu Kamil Məhəmməd onun yerinə taxta çıxdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Runciman, Steven (çev. Fikret Işıltan) (1992), Haçlı Seferleri Tarihi: II. Cilt Kudüs Krallığı ve Frank Doğu, Ankara:Türk Tarih Kurumu Yayınları ISBN 975-16-0497-4
- ↑ Grousset, Rene (1934–1936) Histoire des Croisades et du royaume franç de Jérusalem, 3 Cilt. Paris: Plon. OCLÇ 37267632
- ↑ Grousset (1935)… c.2 s. 637
- ↑ Grousset (1935)… c. 2. s. 671–672
- ↑ Grousset (1935), C. 2, s. 695–698
- ↑ Grousset (1935), C. 2, s. 720–721
- ↑ 1 2 Grousset (1936), C. 3, s. 50–51
- ↑ Grousset (1935) C.2 s.64–71
- ↑ 1 2 3 The Cambridge History of Egypt, eds. M. W. Daly, Carl F. Petry, Volume 1, p.221
- ↑ The New Cambridge Medieval History: pts. 1–2. c. 1024-c. 1198 eds. Roşamond McKitterick, David Edward Luscombe, David Abulafia p.748
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Grousset, Rene (1934–1936) Histoire des Croisades et du royalume frank de Jerusalem [1] 27 iyun 2014, 3 cild. Paris: Plon. OCLC 37267632 (fr.)