Hud
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hud | |
---|---|
ərəb. هود | |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi.
Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var.
Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir.
Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir
Hudun peyğəmbər seçilməsi
[redaktə | mənbəni redaktə et]Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tövhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu.
Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı.
Onların yaşadığı yerin adı Əhqaf idi. Əhqaf Ərəbistan yarımadasının cənub-qərbində ya Yəmən və Həzrəmutun, yaxud da Yəmən və Möhrənin arasında yerləşirdi.
Ad qövmünün camaatı varlı, fiziki cəhətdən qüvvətli və uzun ömürlü idilər. Nəql olunur ki, onların bədənləri o qədər qüvvətli idi ki, çox böyük daş parçalarını dağlardan endirib, onu yerdə sütün kimi basdırıb üstündə evlər tikirdilər. Rəvayətlərdə həmçinin onların boylarını xurma ağaclarına oxşadılır və adi ömürləri isə 400–500 il olması qeyd olunur. Onlar çoxlu münbit torpaqları, yaşıllıqlar və su ilə zəngin yürlərə sahib idilər. Öz qonşuları arasında misli olmayan bir yer kimi tanınırdı.
Çoxlu sərvət, uzun ömür və fiziki cəhətdən qüvvətli olmaları onların təkəbbürlü olmalarına gətirib çıxardı. Bunun nəticəsində də Ad qövmü digərlərinə zəif qövmlərə qarşı zülmkar olmağa və Allaha itaətsizlik göstərməyə başladı. Tədricən bütpərəstlikdən qalmış zehni qalıqlara əsasən büt düzəltməyə başladılar və onlara ibadət etdilər.
Bu zaman Allah Ad qövmünün mədəniyyət və ənənələrindən agah olan Hudu onları düz yola hidayət etmək üçün məbus etdi. O da öz dəvətini yeganə Allaha pərəstiş və cansız bütlərin müqabilində diz çökməkdən çəkindirməklə başladı. Onlara dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız! Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz? Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!"[1] Amma yeganə Allaha itaəti təkəbürlüyünə sığışdırmayan qövm Hudun xeyirxahcasına dediyi sözlərdən itaət etmək əvəzinə dedilər: "Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)".[2]
Camaatın Huda verdiyi əziyyətlər
[redaktə | mənbəni redaktə et]Rəvayətlərdən məlum olur ki, Hud Ad qövmünün inandığı şəxs idi. Lakin Hud onları bütlərə ibadət edib, baş əyməkdən əl çəkməyə dəvət etdikdə, camaat onu o qədər döydü ki, huşsuz halda yerə yıxıldı və bir gecə-gündüz bu vəziyyətdə qaldı. Lakin o peyğəmbərlik missiyasını davam etdirməliydi və buna görə ikinci dəfə camaatın arasına gedib onları yenə haqqa dəvət etdi. Camaat yenə də döymək üçün ona tərəf irəlilədilər. Amma Hud elə fəryad çəkdi ki, hamı qaçmağa üz döndərdilər. Hud onlara Nuhun tayfasını xatırladaraq, Ad qövmünün də həmin tayfa kimi küfr və naşükürlükdə həddi aşdıqlarını, Nuhun tayfası kimi qarğışa layiq olduqlarını bildirdikdə, camaatın Huda cavabı belə oldu ki, bizi onlarla bir eləmə, Nuhun qövmünün Allahları gücsüz və əllərindən heç bir iş gəlmirdi, bizim Allahlar, eləcə də biz, güclü, qüdrətliyik. Sonra da Hudun səfeh adam olduğunu və onun sözlərinin yalan olduğunu bildirdilər.
Hud dəvətində israrlı idi və insanların tövbə edib haqq yoluna gəlməyə çağırırdı.
Ad qövmünün törətdiyi əməllər
[redaktə | mənbəni redaktə et]Quran ayələri və Hudun onları danlamasından Ad qövmünün nə qədər pis əməllərə sahib olmaları məlum olur.
Məsələn onlar hündür yerlərdə, dağların zirvələrində heç bir ehtiyacları olmadan, sadəcə başqalarına iftixar etmək, yaxud əylənmək üçün binalar, eləcə də göyərçinləri saxlamaq və onlarla əylənmək üçün hündür qüllələr tikirdilər.
Bundan əlavə onlar heç vaxt ölüm fikrində olmurdular, çünki çox möhkəm hündür və bərk daşlardan saraylar tikirdilər. Buna görə Hud onları danlayırdı:
-"Siz çox möhkəm binalar tikirsiniz, elə bil ki, əbədi olaraq orada qalacaqsınız. Əgər bu az ölüm və yaşayışın axirəti barəsində fikirləşsəydiniz heç vaxt bu qədər möhkəm binalar tikməzdiniz."
Başqa bir vaxt Hud onlara deyərdi: -"Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onu vəhşicəsinə döyüb öldürürsünüz)." Yəni əgər istəyirsiniz bir nəfəri etdiyi günaha görə danlayasınız onu ölənə qədər döyüb əzab-əziyyət verirsiniz. Daha qısa desək, siz hər iki tərəfdən həm şəhvət, həm də qəzəb həddinizi aşmısınız və insanlıq xəttini tapdalayıb keçmisiniz.
Onun ardınca Allahın onlara əta etdiyi nemətləri sadalayır, Bəlkə bu hədsiz nemətləri xatırlamaqla öz çirkin əməllərindən əl çəksinlər və Allahı, Onun böyük cəza vermə gününü (Qiyamət günü) yada salsınlar. Amma onlar peyğəmbəri yalançı adlandıraraq dedilər: -(Biz əzab edilməyəcəyik.) "Bizə öyüd-nəsihət versən də, verməsən də bizim üçün eynidir (dinimizdən dönən deyilik)." Allah taala camaatın onu təkzib etməsi və faydalı öyüd-nəhisətlərini eşitməməsinin ardınca buyurur: -"Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik, Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədilər."
Ad ölkəsində qıtlıq
[redaktə | mənbəni redaktə et]Tarixçilər yazırlar ki, Ad qövmü Hudu təkzibetmə nəticəsində 4 il (bəzi rəvayətlərdə 7 yaxud 100 il) qıtlıqla üzləşməli oldular.
Bulaqlar qurudu, yağış yağmırdı. İnsanlar su əldə etmək üçün böyük çətinliklə üzləşdilər və dərin quyular qazmağa məcbur oldular. Bu su da kifayət etmirdi və yaşayış get-gedə çətinləşirdi. Bununla Hud haqq dini təbliğ etmək üçün yeni fürsət əldə etdi. Onlara vədə verdi ki, əgər iman gətirsəniz Allah taala göyləri sizin üçün yağdıracaq və qüvvətinizi daha da artıracaq. Amma onlar inadından əl çəkmədilər.
Hudu öz istəyində həddən artıq israr etdiyini gördükdə dedilər: -"Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə (dəlillə) gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq."[3] Yavaş-yavaş onu məsxərəyə qoymağa başladılar və dedilər: -"Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onları tanımağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur."[4] Sənin zehnin zədələnmiş və ağlını əldən vermisən. Sonra daha da əlavə edərək dedilər: -"Sən bizə yalnız yeganə Allaha ibadət etməyimiz və atalarımızın tanıdıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğrudanışanlardansansa bizi qorxutduğun (təhdid etdiyin əzabı) bir gətir görək. (Hud) onlara belə dedi: — Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki, Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu mən də sizinlə bərabər gözləyənlərdənəm."
"Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"[5] Özünüz-özünüzə zərər yetirmisiniz və səadət karvanından geri qalıb bədbəxt olmusunuz.
Əzabın başlanması
[redaktə | mənbəni redaktə et]Hud peyğəmbər uzun müddət öz qövmünün arasında qalaraq Allahın şəriətini təbliğ etdi. Amma bunu demək olar ki, qövmündən çox az miqdarda iman gətirdilər. Onlar da Samın övladlarından idilər.
Nəhayət Hüd peyğəmbərin Ad qövmünü Allahın əzabını dadmalarından öncə haqq yola gəlmələrinə dəvət etməsinə baxmayaraq onlar Huddan Allahın əzabının gəlməsini istəyirlər. Bu barədə Quranda deyilir: "Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir görək!" — deyə cavab vermişdilər."[6]
Ad qövmü bu qürur və təkəbbürlüyü üzündən əzaba düçar oldular. Allah Sərsər və Əqim küləkləri göndərərək onları məhv etdi. Belə ki, quraqlıq səbəbindən qəhətlik üz verdiyindən bütün tayfa yağış gözləyirdi. Amma quraqlığın onların bütpərəstliyi, müşrikliyi və haqq dəvəti qəbul etməmələrindən irəli gəlməsindən xəbərsiz idilər. Eyni halda özlərini Allah dərgahının ən abırlı bəndələri sanırlar. Beləliklə, günlərin bir günü gördülər ki, uzaqdan böyük qara buludlar onlara tərəf hərəkətdədir. Bu barədə Quranda qeyd olunur: "Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: "Bu bizə yağış yağdıracaq buluddur!" — dedilər. (Hud isə onlara belə dedi:) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!"[7]
Birdən külək əsməyə başladı. Quran bu küləyin bir neçə xasiyyətini zikr etmişdir: "Əqim" küləyi[8], "sərsər" küləyi[9], "atiyə" küləyi[10]
Küləyin şiddəti həddən artıq idi. Elə ki, o qüvvətli, ucaboylu insanları yerindən qopardıb oyan bu yana atırdı. Həmçinin xurma ağaclarını da kökündən qoparıb o tərəf, bu tərəfə aparıb yerə çırpırdı. Qabağına çıxan hər bir şeyi məhv edirdi. Hər bir şeyə yetişcək onu çürümüş sümük kimi üyüdüb una döndərirdi. Nəhayət sağlam bir şey qoymadı. İnsan, heyvan, ağac və hündür binalar yerlə yeksan oldular.
Deyilən külək yeddi gecə və səkkiz gündüz ardıcıl şəkildə həmən şiddət və soyuqluqla əsdi. Hamını cansız heykəllərə döndərmişdi.
Hud peyğəmbər həlakətdən sonra Həzrəmuta gəldi. Yaxınlıqda Teyrim adlı bir şəhərdə məskunlaşdı. Ömrünün qalan hissəsini orada keçirdi və 807 yaşında dünyanı tərk edərək Həzrəmutda dəfn olundu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hud surəsi, 50–52
- ↑ Hud surəsi, 53–54
- ↑ Hud surəsi, 53
- ↑ Hud surəsi, 54
- ↑ Hud surəsi, 57
- ↑ Əhqaf, 22
- ↑ Əhqaf, 24
- ↑ Əqim (ərəb sözü olub, sonsuz qadına, ya nəsli artmayan kişiyə deyilir) adlandırılmasının səbəbi bu idi ki, bu külək şər və əzabdan başqa bir şey özü ilə gətirmirdi.
- ↑ Sərsər küləyi ya soyuq külək, ya da şiddətlə əsən külək mənasındadır
- ↑ Yəni tüğyan və fəğan edən külək. Rəvayətdə onun tüğyan və fəğan etməsi üçün zərif bir ifadə gəlmişdir.