Harri Potter və Sirlər Otağı (film)
Harri Potter -2 və Sirlər Otağı | |
---|---|
Harry Potter and the Chamber of Secrets | |
Janr | fentezi |
Rejissor | Kristofer Kolumbus |
Prodüser | Devid Heyman |
Əsərin müəllifi | Coan Roulinq |
Ssenari müəllifi | Stiv Klovz |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Operator | Rocer Pratt |
Bəstəkar | Con Vilyams |
İstehsalçılar |
İstehsalçı: Heyday Films 1492 Pictures Distribütor: Warner Bros. |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi |
3 noyabr 2002 (London premyerası) 15 noyabr 2002 (BK & ABŞ) |
Müddət | 161 dəqiqə |
Büdcə | $100 milyon |
Gəlir | $879 milyon[1] |
Ölkələr |
ABŞ |
Dil | ingiliscə |
İl | [[2003] |
Əvvəlki film | Harri Potter və Fəlsəfə Daşı |
Sonrakı film | Harri Potter -3və Azkaban Məhbusu |
Rəng | rəngli |
Çəkiliş yeri | London, Oksfordşir[d], Hartfordşir |
IMDb | ID0295297 |
Vikianbarda əlaqəli mediafayllar |
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) — 2002-ci ildə “Warner Bros. Pictures”in distribütorluğu, Kris Kolumbusun rejissorluğu ilə istehsal edilmiş fentezi filmidir. Film, Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından ikinci film olan “Sirlər Otağı”nın ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır.
Filmdə Harri Potterin Hoqvartsda keçirdiyi ikinci il, Salazar Slizerinin varisinin Sirlər otağının qapısını açmasından sonra qorxunc bədheybətin ortaya çıxması təsvir edilir. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uatson isə müvafiq olaraq Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandırmışlar. “Harri Potter və Fəlsəfə Daşı” filminin davamı olan “Sirlər Otağı” filmindəki hadisələr “Harri Potter və Azkaban Məhbusu” filmində davam etdirilmişdir.
Film 15 noyabr 2002-ci ildə Birləşmiş Krallıq və Şimali Amerikada çıxarılmışdır. Tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış film, böyük maddi oğur da qazanaraq bütün dünyadan $879 milyon gəlir əldə etmiş, bütün zamanların ən çox gəlir gətirmiş filmləri sırasında 34-cü yerdə qərarlaşmış, Harri Potter filmlər seriyasında isə yeddinci ən çox gəlir gətirmiş film olmuşdur.[1] Film, 2003-cü ildə BAFTA Film Mükafatına namizəd göstərilmişdir.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Film Harrinin, yeganə qohumları olan Durslilərin evində daha bir darıxdırıcı yay keçirməsi ilə başlayır. Harrinin xalası və xalasının əri tərəfindən verilən nahar zamanı ev-elfi olan Dobbi Harrinin yataq otağına girir və xəbərdarlıq edir ki, əgər Harri Hoqvartsa qayıtsa çox pis hadisələr baş verəcək. Harri buna etiraz edir və Dobbi mətbəxə keçərək Durslilərin mətbəxində səliqəsizlik yaradır, nəticədə Harri otağında həbs edilir. Harri, Ron, onun qardaşları Fred və Corc tərəfindən uçan maşının köməkliyi ilə Durslilərin evindən qaçırılaraq yay tətilinin qalan hissəsini Uzililərlə birgə keçirir. Məktəb ləvazimatlarını almaq üçün Çəp xiyabana gedərkən, Harri təsadüfən xiyabanın Qara magiya ilə bağlı ləvazimatlar satılan hissəsinə gedib çıxır, burada Malfoy ailəsinin Qara magiya ilə bağlı əşyaları evində saxladığını öyrənir. Daha sonra Harri Haqrid tərəfindən tapılaraq Çəp xiyabana aparılır.
Uizlilərlə birlikdə tədris üçün lazım olan kitabları almaq üçün dükana girərkən onlar məşhur sehrbaz Zlatapust Lokansın kitab imzaladığını və ətrafına çoxlu adamın toplaşdığını görürlər. Lokans təntənəli şəkildə bu il Hoqvarsda Qara Qüvvələrdən Müdafiə fənnini tədris edəcəyini bildirir və özünü reklam etməyə olan sevgisini göstərərk, Harri ilə şəkil çəkdirir. Bir müddət sonra vağzalda Uzililər Harri və Rondan ayrılırlar. Uşaqlar Platforma 9 ¾-ə keçə bilmirlər və Uzlilərin uçan maşını ilə Hoqvartsa getmək qərarına gəlirlər. Uçuşun sonuna yaxın Ron maşına nəzarəti itirir və uşaqlar Hoqvarts yaxınlığında ağaca çırpılırlar, ağac da bu zərbəyə cavab olaraq maşını vurur. Ron və Harri qaçaraq ağacdan canlarını qurtara bilsələr də, Ronun sehrli çubuğu sınır. Növbəti gün Ron anası Molli Uizlidən hədələyici məktub alır və anası növbəti dəfə yanlış hərəkət edəcəyi halda Ronu məktəbdən uzaqlaşdıracağı ilə hədələyir.
Məlum olur ki, Lokans heç də qeyd edildiyi kimi yaxşı sehrbaz deyil və o, uşaqlara sehr tədris etməkdən daha çox öz məşhurluğunun qayğısına qalır. Hellovin bayramı zamanı məktəbin xidmətçisi Fliçin pişiyi Mrs. Norris daşlaşmış şəkildə tapılır. Divarda isə yazılır: “Sirlər otağı açılıb, varisin düşmənləri, çəkinin”. Harri, Ron və Hermiona müəyyənləşdirirlər ki, Hoqvartsın banilərindən biri olan məşhur sehrbaz Salazar Slizerin qəsrdə gizli otaq inşa edib və bu otaqda Slizerinin varisinin idarə edə bildiyi bədheybət yaşayır.
Qviddiç oyunu zamanı Harrinin qolu qırılır, lakin o, sniçi tutur və Qriffindor qalib gəlir. Lokans Harrinin sınmış sümüyünü düzəltmək istəsə də, səhv sehr oxuduğundan sümükləri tamamilə ləğv edir. Sümüklərin yenidən yetişdirilməsi üçün bir gün Harrinin xəstəxanada yatması lazım olur və bu zaman Dobbi yenidən Harrinin yanına gəlir. Qviddiç oyunu zamanı baş verən qəribə hadisə nəticəsində Harrinin qolunun sınmasında özünün günahkar olduğunu bildirir və Harrini qorumaq istədiyini söyləyir. Qısa zaman sonra qəsrdə daha bir hücum olur və Kolin Krivi daşlaşır.
Lokansın duel klubunda Harri Drako ilə qarşılaşır, ikinci Harriyə hücum etməsi üçün ilan yaradır və ilan tələbələrdən biri olan Castin Finç-Flitçliyə hücum etməyə çalışır. İlanı dayandırmağa çalışan Harri özü də bilmədən ilan dilində danışmağa çalışır. Harrinin gizli bacarığının – Salazar Slizerin də ilan dilində danışa bilirdi – üzə çıxması hamını təəccübləndirir, insanlar Harrinin Slizerinin varisi ola biləcəyini düşünürlər. Bir müddət sonra Castin Finç-Flitçli və Demək olar ki, başsız Nikin daşlaşmış cəsədlərini tapırlar.
Bir neçə ay sonra Harri Mirtlın tualetində gündəlik tapır. Gündəliyin üstündə onun “Tom Ridl” adlı birinə aid olması yazılıb. Uşaqlar Tom Ridlın 50 il əvvəl Hoqvartsda təhsil aldığı, Sirlər otağını açan adamı aşkarladığına görə mükafatlandırıldığını və həmin dövrdə Haqridin məktəbdən uzaqlaşdırıldığını müəyyən edirlər. Bir müddət sonra Harrinin otağında oğurluq baş verir və gündəlik yoxa çıxır. Bundan sonra Hermiona və Ravenklav fakültəsindən Penelopa Klirvoter daşlaşmış şəkildə tapılırlar. Harri və Ron nəhayət ki, hər şeyi Haqriddən soruşmaq qərarına gəlsələr də, Sirlər otağının yenidən açılması səbəbiylə Sehr Nazirliyi Haqridi həbs edərk Azkabana aparır. Haqrid getməmişdən əvvəl uşaqlara gizli mesaj ötürərək hörümçəkləri izləmələrini söyləyir. Uşaqlar Haqridin sözünə əməl edərək hörümçəkləri izləyir və Qadağan olunmuş meşəyə gedirlər. Burada onlar nəhəng hörümçək olan Araqoqla qarşılaşırlar. Araqoq onlara əlli il əvvəl uşaqları kimin öldürdüyünü söyləyir, Haqridin günahsız olduğunu və qatilin tualetdə gizləndiyini deyir. Uşaqlar nəhəng hörümçəklərin koloniyasından qaçırlar. Harri həm də dəqiqləşdirir ki, əlli il əvvəl Sirlər otağı açılarkən öldürülən tələbə Zırıltılı Mirtl olub.
Harri və Ron daşlaşmış Hermionanın əlində sıxdığı kağızdan öyrənirlər ki, uşaqlara hücum edən bədheybət Vasilisk adlı nəhəng ilandır, kim onun gözlərinə baxsa ölür, kim onu uzaqdan görsə daşlaşır. Onlar müəyyən edirlər ki, Sirlər otağının qapısı Mirtlın tualetində yerləşir və Harri ilan dilində danışaraq qapını açır. Harri və Ron Hoqvartsdan qaçmağa çalışan Lokansla birlikdə Sirlər otağına daxil olurlar. Lokans Ronun sehrli çubuğunu oğurlayaraq uşaqlara yaddaş silmə tilsimi oxumağa çalışır, lakin tilsim onun özünü tutur. Harri mağaraya tək girməli olur.
Sirlər otağının içində Harri Cinni Uizlinin cansız bədənini tapır və onun enerjisi ilə qidalanaraq fiziki görünüş əldə edən Tom Ridlla qarşılaşır. Ridlın Cinnini aldadaraq ondan istifadə etməsi, Cinninin gündəlikdə yazaraq Ridlla əlaqə saxlaması aydın olur. Daha sonra Ridlın əmri ilə Cinni Sirlər otağına girir. Ridl söyləyir ki, onun adı “Tom Riddle” “I am Lord Voldemort” (Mən Lord Voldemortam) ifadəsinin anaqramıdır.
Ridl daha sonra Vasiliski çağıraraq Harriyə hücum etməsini əmr edir. Harrinin bədheybət tərəfindən öldürülməsi üçün heç bir maneə qalmadığı halda Dambldordan kömək gəlir, onun simurq quşu və seçici papaq Harriniyə kömək etməyə çalışır. Simurq Vasiliskin gözlərini çıxardır. Papağın içində peyda olan Qriffindorun qılıncı isə Harriyə Vasiliski öldürməyə kömək edir. Daha sonra Harri Vasilskin dişini gündəliyin ortasına sancır və Cinnini xilas edir. Daha sonra simurq quşunun köməkliyi ilə Harri, Ron, Cinni və Lokans Sirlər otağından çıxırlar. Gündəliyi Cinninin kitablarının arasına Lusius Malfoyun (Drako Malfoyun atası) qoyduğu məlum olur. Harri gündəliyin arasına corab qoyaraq onu Malfoya verir, o isə öz növbəsində Dobbiyə ötürür, beləcə Dobbi azad olur. Yaddaşını itirmiş Lokans müəlicə olunmaq üçün Hoqvartsdan uzaqlaşdırılır. Bütün bunlardan sonra yay tətilini keçirmək üçün Harri yenidən maqlların yanına qayıdır.
Rollarda
[redaktə | mənbəni redaktə et]- Deniel Redkliff – Harri Potter.
- Rupert Qrint – Ron Uizli, Harrinin ən yaxın dostu
- Emma Uotson – Hermiona Qreyncer, Harrinin digər ən yaxın dostu, üçlüyün ən ağıllısı.
- Kennet Brana – Gilderoy Lokart, Hoqvartsın yeni Qara Qüvvələrdən Müdafiə müəllimi. Əvvəlcə bu rol üçün Hyu Qrant seçilsə də, çəkiliş cədvəli tərtib olunduğu zaman uyğun olmadığına görə rolu canlandırmaqdan imtina etmişdir.[2] 25 oktyabr 2001-ci ildə Brananı Qrantın yerinə obrazı canlandıracağı elan edilmişdi.[3]
- Con Kliz – Demək olar başsız Nik, Qriffindor fakultəsinin ruhu.
- Robbi Koltreyn – Rubeus Haqrid, Hoqvartsın açarsaxlayanı.
- Kristian Koulson – Tom Reddl, Hoqvartsın tələbəsi, sonradan Lord Voldemort kimi tanınıb.
- Varvik Devis – Filius Flitvik, Ravenklav fakultəsinin dekanı.
- Riçard Qriffit – Vernon Dursli, Harrinin maql xalasının əri.
- Riçard Harris – Albus Dambldor, Hoqvartsın rəhbəri və yaşayan ən böyük sehrbazlardan biri. Filmin çıxarılmasından qısa müddət sonra aktyor Riçard Harris vəfat etmişdi.
- Tom Felton – Drako Malfoy, Hoqvarts tələbəsi, Harrinin rəqibi.
- Ceyson Ayzek – Lüsius Malfoy, Drakonun atası, sehrbaz.
- Alan Rikman – Severus Sneyp, Sehrli zəhərlərin hazırlanması müəllifi, Slizerin fakultəsinin dekanı.
- Fiona Şou – Petunya Dursli, Harrinin maql xalası.
- Meggi Smit – Minevra MakQonoqal, Transfiqurasiya müəllimi, Qriffindor fakultəsinin dekanı.
- Culi Volters – Molli Uizli, Uzililər ailəsinin ailəsi.
- Robert Hardi – Kornelius Fac, Magiya Naziri.
- Henderson Şirli – Ağlağan Mirtl, Hoqvartsın tələbəsi, Basillisk tərəfindən öldürüldükdən sonra ruhu qəsrdə yaşayır.
- Bonni Rayt – Cinni Uizli, Artur və Molli Uizlilərin qızı, Ronun bacısı.
- Martin Beyfild – Gənc Rubeus Haqrid.
İstehsal
[redaktə | mənbəni redaktə et]Dekorasiya
[redaktə | mənbəni redaktə et]Birinci filmdə quruluşçu-rəssam olmuş Stüart Kreyq bu filmdə də eyni vəzifəni icra etmiş, lakin o, dekorasiyaya birinci filmdə olmayan bəzi əlavələr də etmişdir. Bu əlavələrə oyuq, Dambldorun otağı (Seçici şlyapa, Qriffindorun qılıncı və Dambldorun lövhəsi saxlanılır)[4] , şəhər və Berks, həmçinin Sirlər otağı daxildir. Cənab Uizlinin maşını Ford Anglia avtomobili əsasında hazırlanmışdır.[5]
Çəkilişlər
[redaktə | mənbəni redaktə et]“Harri Potter və Sirlər Otağı”nın istehsalına 19 noyabr 2001-ci ildə[6], “Fəlsəfə Daşı” filminin çıxarılmasından üç gün sonra başlanılmışdır. İlk üç həftə ikinci blok səhnələri, xüsusilə uçan maşın səhnələrinin xüsusi effektləri ilə məşğul olmuşlar.[7] Sonra çəkilişlər Surrey, İngiltərədə aparılmış, burada Durslilərin evi səhnələri çəkilmişdir. Sonra çəkilişlər Men adasında və Britaniyanın müxtəlif yerlərində davam etdirilmişdir; bəzi Hoqvarts səhnələri “Leavesden Film Studiyaları”nda çəkilmişdir. Kinqs Kross dəmir yolu stansiyası Platforma 9¾ səhnəsi də daxil olmaqla digər səhnələr də İngiltərə ərazisində çəkilşmişdir. Məşhur Qloster kafedralının binası Hoqvart məktəbi səhnələrinin çəkilməsi üçün istifadə edilmişdir.[8] Filmin əsas çəkilişləri 2002-ci ilin yayında tamamlanmış[9], oktyabrın əvvəllərinə kimi isə sonrakı istehsal işləri aparılmışdır.[10] Kristofer Kolumbus kinematoqrafiya qaydalarında bəzi dəyişikliklər edərək Sirli Otaq səhnələrini portataiv kameralarla çəkmişdir ki, bu da daha çox manevr azadlığı vermişdir.[11]
Səs effektləri
[redaktə | mənbəni redaktə et]Harri Potter və Sirlər Otağı filmində baş verən hadisələrlə əlaqədar olaraq, xüsusi səs effektləri birinci filmdən daha baha başa gəlmişdir. Səs dizayneri və səs redaktoru Rendi Tom əvvəlki filmdə olduğu kimi, bu filmdə də eyni vəzifəni yerinə yetirmiş, əsasən İngiltərədəki "Shepperton" Studiyalarında aparılmışdır.[12]
Film musiqisi
[redaktə | mənbəni redaktə et]Əvvəlki filmin musiqisini yazmış Con Vilyams “Sirlər Otağı” filminin də musiqisini yazmışdır. Film musiqisinin yazılması xeyli çətin başa gəlmişdir. Vilyams eyni zamanda Ulduz müharibələri. Epizod II: Klonların hücumu, Xüsusi fikir filmlərinin musiqisi üzərində də çalışmış, Tut məni, əgər bacarsan filminin musiqisi üzərində çalışmağa başlamışdır. Buna görə də, Uilyam Ross “Fəlsəfə Daşı” filmi üçün yazılmış musiqiləri və Vilyamsın vaxt tapdıqca “Sehrli otaq” filmi üçün yazdığı xüsusi musiqiləri yeni film üçün aranjiman etmişdir.[13] Film musiqisi albomu 12 noyabr 2002-ci ildə çıxarılmışdır.
Çıxarılması
[redaktə | mənbəni redaktə et]Marketinq
[redaktə | mənbəni redaktə et]Filmin çəkilişlərindən ilk foto görüntülər 2002-ci ilin yayında internetdə yayılmağa başlamış, Skubi-Du filminin çıxarılması ilə isə filmin ilk tizer-treyleri çıxarılmışdır.[14] Filmə əsaslanan video-oyun “Electronic Arts” tərəfindən 2002-ci ilin noyabrında GameCube, PlayStation 2, və Xbox da daxil olmaqla müxtəlif platformalar üçün çıxarılmışdır.[15] Sələfinin uğurunu davam etdirən “Sirlər Otağı”nın da reklam edilməsində Lego oyuncaqlarından istifadə olunmuşdur.[16]
Kinoteatr çıxarışı
[redaktə | mənbəni redaktə et]Filmin BK premyerası 3 noyabr 2002-ci ildə, ABŞ və Kanada premyerası isə 14 noyabr 2002-ci ildə baş tutmuş, kütləvi kinoteatr çıxışı isə 15 noyabr 2002-ci ildə, “Fəlsəfə Daşı”nın çıxarılmasından bir il sonra baş tutmuşdur.
Ev üçün buraxılış
[redaktə | mənbəni redaktə et]Film, BK, ABŞ və Kanadada eyni vaxtda 11 aprel 2003-cü ildə həm VHS kaset, həm də əlavə materiallar, kəsilmiş səhnələr və müsahibələrlə iki DVD disk şəklində satışa çıxarılmışdır.[17] 11 dekabr 2007-ci ildə film Blu-ray versiyada satışa çıxarılmışdır.[18] “Ultimate Edition” versiyası 8 dekabr 2009-cu ildə çıxarılmışdır ki, bu versiyaya filmin ixtisar olunmuş səhnələri ilə montaj edilmiş genişləndirilmiş versiyası, yeni fotolar və “Harri Potter dünyasının yaradılması: Personajlar” sənədli filmi daxil idi.[19] Filmin genişləndirilmiş versiyası 174 dəqiqə davam edir. Bu versiya sonradan bir neçə dəfə televiziya efirində də yayımlanmışdır.[20]
Qəbulu
[redaktə | mənbəni redaktə et]Gəlirləri
[redaktə | mənbəni redaktə et]Çıxarılmasından sonra “Harri Potter və Sirlər Otağı” filmi bir neçə gəlir göstəricisinə görə rekord qırmışdır. ABŞ və Kanadada 3628 kinoteatrda $88.4 milyon açılış gəliri ilə, film, “Hörümçək adam” və “Harri Potter və Fəlsəfə Daşı” filmlərindən sonra dövrün üçüncü ən böyük açılışı olmuşdur.[21] Film həm də iki qeyri-ardıcıl həftəsonunda kassa gəlirlərinə görə birinci olmuşdur.[22] Birləşmiş Krallıqda film, özündən əvvəlki “Fəlsəfə Daşı” filminin bütün açılış rekordlarını qırmışdır.[23] Öncədən baxış da daxil olmaqla film açılışında £18.9 milyon, məhdud baxışdan isə £10.9 milyon gəlir gətirmişdir. Birləşmiş Krallıqdan £54.8 milyon dəlir əldə edən film bölgədə bütün zamanların beşinci ən gəlirli filmi olmuşdur.[24]
Ümumilikdə film $879 milyon gəlir gətirmişdir[1] ki, bu da onu bütün zamanların beşinci ən gəlirli filmi etmişdir.[25] Film bütün dünyada ikinci ən gəlirli film olmaqla, yalnız, “Üzüklərin hökmdarı: İki Qüllə” filmindən geri qalmışdır.[26] Kanada və ABŞ-də $262 milyon gəlir gətirən film, “Hörümçək adam”, “Üzüklərin hökmdarı: İki Qüllə” və “Ulduz müharibələri:II Epizod: Klonların hücumu” filmlərindən geri qalaraq dördüncü olmuşdur..[27] Bununla belə ABŞ-dən kənarda $617 milyon gəlir gətirən film, $584.5 milyon gəlir gətirmiş “İki Qüllə” filmini geridə qoyaraq, ilin ən gəlirli filmi olmuşdur.[28]
Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]Əsasən müsbət rəylər alan film, “Rotten Tomatoes” aqqreqatorunda 83% “təsdiqlənmiş təzə” rəy almışdır (saytda dördüncü ən yaxşı rəy almış film).[29] “Metacritic ”də 100 baldan 63 ballq qiymətləndirilən film “əsasən müsbət rəylər” almışdır (saytda müsbət rəy alan sonuncu Harri Potter filmi).[30] Xüsusilə dekorasiyaları yüksək qiymətləndirən Rocer Ebert “Sirlər Otağı”nı fenomenal film adlandırmış və 4 ulduzluq sistemdə 4 ulduzla qiymətləndirmişdir.[31]
“Entertainment Weekly” filmin sələfindən daha yaxşı və sirrli olduğunu qeyd edir: “Bütün bunlarla yanaşı Harri Potter dərin sirrliliyi və qorxunc atmosferi ilə izləyiciləri cəlb edir. Belə demək olar ki, Harrinin tarixçəsi getdikcə daha da qaranlıqlaşır.”[32] Riçard Roper rejissor işini və filmin kitaba sadiqliyini qiymətləndirərək qeyd edir: “Rejissor Kris Kolumbus kitaba sadiq qalmaqla böyük iş görüb, lakin, həm də onu film dövrünə daşıya bilib.”[33] “Variety ” jurnalında filmin həddən artıq uzun olması vurğulansa da, Fəsəfə Daşında nail olunmamış daha sirli və dramatik aura yüksək qiymətləndirilir.[34] “The New York Times”dan A.O. Skott yazır: “baxmayaraq ki, film başlanğıcda sizin hisslərinizi qarışdıracaq və aşındıracaq, sonda xəyal qırıqlığına rast gələcəksiniz.”[35]
“Rolling Stone”dan Piter Travers filmin çox uzun olmasını və kitaba sadiqliyini qeyd edir: “Növbəti dəfə rejissor Kris Kolumbus vəziyyəti ələ alaraq Roulinqin yaradıcılığına sadiqliyini nümyiş etdirir və üç saata yaxın davam edən bir film ərsəyə gətirir.”[36] “Los Angeles Times”dan Kennet Turan filmi “birinci filmdən sonra yaranmış deja-vü”nü xatırladan klişe adlandırır.[37]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]Film üç nominasiyada BAFTA mükafatına namizəd göstərilmişdir: Ən Yaxşı Qruluşçu-rəssam işi, Ən Yaxşı Səs və Vizual Effektlərdə Uğur.[38] 2003-cü ildə film, 2004-cü ildə isə DVD-si altı nominasiyada Saturn mükafatına namizəd göstərilmişdir.[39]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Harry Potter and the Chamber of Secrets (2002)". Box Office Mojo. 2009-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 aprel 2015.
- ↑ Reiter, Amy. "Hugh can't always get what you want". Salon. 1 October 2001. 13 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Gilderoy Lockhart actor found for Potter 2". Newsround. 25 October 2001. 8 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Harry Potter and the studio tour: Fans to go behind-the-scenes at Leavesden". Daily Mail. 22 August 2011. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Harry Potter's 'flying' car taken". BBC News. 28 October 2005. 25 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "'Harry Potter' making records disappear". USA Today. 18 November 2001. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Kehr, Dave. "At the Movies: Trading Britain For America". The New York Times. 23 November 2001. 9 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ 'Harry Potter Filming Locations' Arxivləşdirilib 2012-03-04 at the Wayback Machine at Gloucestershire on Screen
- ↑ ""Harry Potter and the Chamber of Secrets – Greg's Preview. Yahoo! Movies". 2007-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
- ↑ "Potter film should be finished next week". CBBC Newsround. 4 October 2002. 13 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Lawson, Terry. "The second installment is charmed, direcotr says". The Vindicator. 14 November 2002. səh. D10. 13 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Jackson, Blair. "The Chamber of Secrets". MIX. NewBay Media, LLC. 1 January 2003. 12 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Harry Potter and the Chamber of Secrets (John Williams/William Ross)". Filmtracks. 7 November 2002. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Potter trailer gets Scooby outing". BBC News. 13 June 2002. 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Krause, Staci. "Harry Potter and the Chamber of Secrets: The second outting for the young wizard is better than the first...but how much better?". IGN. 26 November 2002. 23 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Cagle, Jess. "When Harry Meets SCARY". Time. 3 November 2002. 24 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Kipnis, Jill. "Blockbuster Sequels Ensure DVD's Sale Saga". Billboard. 1 March 2003. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Harry Potter and the Chamber of Secrets Blu-ray". Blu-ray.com. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Calogne, Juan. "Ultimate Editions Announced for First Two Harry Potter movies". Blu-ray.com. 18 September 2009. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Exclusive First Look at 'Harry Potter and the Goblet of Fire' to Be Presented During Network Television Debut of 'Harry Potter and the Chamber of Secrets,' Airing May 7 on ABC". Business Wire. 2 May 2005. 16 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Gray, Brandon. "Harry Potter Potent with $88.4 Million Weekend". Box Office Mojo. 18 November 2002. 3 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "November 29-December 1, 2002 Weekend". Box Office Mojo. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Potter conjures up box office record". BBC News. 18 November 2002. 2 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "All time box office". Sky is Falling. 2007-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Strowbridge, C.S. "Chamber of Secrets sneaks pasts Jurassic Park". The Numbers. 28 January 2003. 13 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "2002 WORLDWIDE GROSSES". Box Office Mojo. 2008-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "2002 DOMESTIC GROSSES". 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
- ↑ "OVERSEAS TOTAL YEARLY BOX OFFICE". Box Office Mojo. 2007-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Harry Potter and the Chamber of Secrets (2002)". Rotten Tomatoes. 2013-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "Harry Potter and the Chamber of Secrets". Metacritic. 2009-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Ebert, Roger. "Harry Potter and the Chamber of Secrets". Chicago Sun-Times. 15 November 2002. 13 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Schwarzbaum, Lisa. "Harry Potter and the Chamber of Secrets". Entertainment Weekly. 13 November 2002. 12 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Roeper, Robert. "Harry Potter and the Chamber of Secrets". Ebert & Roeper. 15 November 2002. 11 December 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ McCarthy, Todd. "Harry Potter and the Chamber of Secrets". Variety. 15 November 2002. 13 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Stevens, Dana. "FILM REVIEW; An Older, Wiser Wizard, But Still That Crafty Lad". The New York Times. 15 November 2002. 13 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Travers, Peter. "Harry Potter and the Chamber of Secrets". Rolling Stone. 15 November 2002. 13 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Turan, Kenneth. "Harry Potter and the Chamber of Secrets". Los Angeles Times. 15 November 2002. 11 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ "BAFTA Nominees and Winners 2003 – The Pianist Tops the List". About.com. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
- ↑ Moro, Eric. "The 29th Annual Saturn Awards Nominations – Feature Film Category". Mania.com. 5 March 2003. 18 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2015.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- harrypotter.com — Rəsmi saytı
- Harry Potter and the Chamber of Secrets — Internet Movie Database saytında
- Harry Potter and the Chamber of Secrets AllMovie saytında
- Harry Potter and the Chamber of Secrets Rotten Tomatoes saytında (ing.)