Genetik xəstəliklər
Genetik xəstəliklər— genetikanın öyrənilməsi, ilk növbədə, tibbi biliklərin inkişafı üçün lazımdır. Genetik pozuntulara görə 15% uşaq hələ doğulmamış, 3% uşaq doğuş zamanı, 3% uşaq böyük yaşa çatmamış tələf olur, 20% insan nikaha daxil olmur və 10% ailə uşaqsız qalır[1] İnsan orqanizmində xromosomlar və onların genlərində baş verən dəyişiklikləri xəstəliklərin yaranmasına səbəb olur. Genetik qüsurların səbəb olduğu minlərlə xəstəliklər mövcuddur. Lakin onların hamısı hələ də tam öyrənilməmişdir[2] Belə xəstəliklərə həm xromosomlarda, həm də genlərdə baş verən dəyişikliklər nəticəsində yaranan mutasiyalar səbəb ola bilər. Bu mutasiyalar həm autosom, həm də cinsi xromosomlarda baş verə bilir[3].
- Əlamətin dominantlığı və resessivliyinin, həmçinin onun autosom və ya cinsiyyət xromosomu ilə ilişikliyinin
- Xromosom və ya genom mutasiyaları
- Hormon və fermentlərin sintezinin çatışmazlığı ilə bağlı gen mutasiyalarının
- Ətraf mühit şəraitindən asılı olaraq genotipin yaranmasının
Genom mutasiyalar
[redaktə | mənbəni redaktə et]Bu səbəbdən belə xəstəliklərin irsiyyətin autosom-dominant tipli, məsələn, Marfan sindromu, polidaktiliya və autosom-resessiv tipli, məsələn, albinizm, fenilketonuriya kimi növləri mövcuddur. Cinsiyyətlə ilişikli idarə olunan insan xəstəlikləri haqqında əvvəlki mövzuda artıq danışılmışdır[4]. Xromosom mutasiyaları xromosomun strukturunda baş verən dəyişikliklərlə bağlı ola bilər. Məsələn, beşinci xromosomun hissəsinin itkisi zamanı insanda Lejen sindromu və ya "pişik çığırtısı", xromosomun hissəsinin köçürülməsi və ya xromosomun sahəsinin 180 dərəcə çevrilməsi zamanı leykozun müəyyən formaları özünü göstərir. Genom mutasiyalarının kariotipdə xromosomların sayının dəyişməsi ilə bağlılığı məlumdur. Bilirsiniz ki, Daun sindromu 21-ci cüt xromosomun, Patau sindromu 13-cü cüt xromosomun, Edvards sindromu isə 18-ci cüt xromosomun artıqlığı ilə bağlıdır. Belə mutasiyalar trisomiya adlanır[1].
Daun sindromu
[redaktə | mənbəni redaktə et]Daun sindromu – 21-ci xromosom cütlüyünün surəti hesabına kariotipin 47 xromosomdan ibarət olması ilə səciyyələnən autosom sindromdur[5].
Daun sindromu barədə ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Daun sindromu 500–800 yenidoğulmuşdan birində qeydə alınır. Daun sindromlu uşaqlar arasında cins nisbəti 1:1 təşkil edir. Daun sindromu ilk dəfə 1866-cı ildə ingilis pediatrı L. Daun tərəfindən təsvir olunmuşdur, lakin patologiyanın xromosom təbiəti və mahiyyəti (21-ci xromosom üzrə trisomiya) təxminən 100 il sonra aşkarlanmışdır. Daun sindromunun klinik simptomatikası fərqlidir – anadangəlmə inkişaf qüsurlarından tutmuş ikincili immunodefisit hallara qədər müşahidə olunur. Daun sindromlu uşaqlara müxtəlif mütəxəsislər tərəfindən əlavə tibbi yardım tələb olunduğundan onlar pediatriyada xüsusi kateqoriyaya aid edilir[5].
Daun sindromunun yaranma səbəbləri
[redaktə | mənbəni redaktə et]Daun sindromunun yaranma səbəbləri normada insan orqanizminin hüceyrələrində 23 cüt xromosom olur (normal qadın kariotipi 46, XX; kişi – 46, XY). Hər bir cütlüyün xromosomlarından biri anadan, digəri isə atadan irsən ötürülür. Daun sindromunun inkişafının genetik mexanizmləri autosomların miqdarının pozulmasından ibarətdir, bu zaman 21-ci xromosom cütlüyünə əlavə genetik material qoşulur. 21-ci cüt xromosom üzrə trisomiya Daun sindromu üçün xarakterik cizgilərin meydana çıxmasına səbəb olur. Əlavə xromosomlar genetik təsadüf (ovogenez və ya spermatogenez prosesində cüt xromosomların ayrılmaması), mayalanmadan sonra hüceyrə bölünməsinin pozulması və yaxud ana və ya atadan irsi mutasiyanın ötürülməsi nəticəsində yaranır. Genetikada bu mexanizmləri nəzərə alaraq, Daun sindromlu xəstələrdə kariotip anomaliyasının 3 variantı ayırd edilir: müntəzəm 9sadə) trisomiya, mozaisizm və balanslaşdırılmamış translokasiya[5]. Daun sindromunun əksər halları (təxminən 94%) sadə trisomiya (kariotip 47, XX, 21+ və ya 47,ХY, 21+) ilə bağlıdır. Bu zaman ana və ya atanın cinsi hüceyrələrinin meyozu zamanı cüt xromosomların bölünməsinin pozulması ilə əlaqədar orqanizmin bütün hüceyrələrində 21-ci xromosomun hər 3 surəti mövcud olur. Daun sindromunun 1–2% halları mozaik formanın payına düşür. Bu tip pozğunluq blastula və ya qastrula mərhələsində olan embrionun yalnız bir hüceyrəsində mitozun pozulması zamanı inkişaf edir. Mozaisizm zamanı 21-ci xromosom üzrə trisomiya təkcə bu hüceyrənin derivatlarında aşkarlanır. Hüceyrənin digər hissələri isə normal xromosom dəstinə malik olur. Daun sindromunun translokasion formasına 4–5% pasiyentlərdə qeydə alınır. Belə hallarda 21-ci xromosom və ya onun fraqmenti hər hansı bir autosoma birləşir (translokasiya edir) və meyoz zamanı onunla birgə yeni yaranan hüceyrəyə keçir. Translokasiyanın ən çox rast gəlinən "obyektləri" 14 və 15-ci xromosomlardır. Daha az hallarda 13, 22, 4 və 5-ci xromosomlarda translokasiya aşkar edilir. Xromosomların bu cür dəyişiklikləri təsadüfi xarakter daşıya və ya normal fenotipə malik, lakin balanslaşdırılmış translokasiyanın daşıyıcısı olan valideynlərdən birindən ötürülə bilər. Translokasiyanın daşıyıcısı qismində ata iştirak etdikdə Daun sindromlu uşaqların doğulma ehtimalı 3%, daşıyıcılıq ananın genetik materialı ilə bağlı olduqda isə bu rəqəm 10–15%-ə qədər artır[5].
Daun sindromunun əlamətləri
[redaktə | mənbəni redaktə et]Daun sindromunun əlamətləriDaun sindromlu dölün daşınması yüksək düşük riski ilə müşayiət olunur: qadınların təxminən 30%-də hamiləliyin 6–8-ci həftəsində spontan düşüklər baş verir. Qalan hallarda Daun sindromlu uşaqlar vaxtında doğulsa da mülayim hipoplaziyaya (bədən kütləsinin normadan 8–10% az olması) malik olur. Xromosom anomaliyasının müxtəlif sitogenetik variantlarına baxmayaraq, Daun sindromlu uşaqların əksəriyyəti üçün neonatoloqun ilkin baxışı zamanı patologiyadan şübhələnməyə əsas verən tipik əlamətlər səciyyəvidir. Daun sindromlu uşaqlarda aşağıda qeyd olunan fiziki əlamətlərin bir neçəsi və ya hamısına rast gəlmək mümkündür. Daun sindromlu uşaqların 80–90%-i kəllə-üz dizmorfiyasına: yastılaşmış üz və ənsə, braxisefaliya, qısa və enli boyun, qulaq seyvanının deformasiyası malik olur. Yenidoğulmuşlarda boyun nahiyəsində xarakterik dəri büküşü qeyd olunur. Bundan əlavə monqoloid tipli göz yarıqları, epikantus (gözün daxili bucağını örtən vertikal dəri büküşü), mikrogeniya, iri dodaqlar və dil (makroqlossiya), yarı açıq vəziyyətdə olan ağızdan dilin xaricə çıxması müşahidə edilir. Daun sindromlu uşaqlarda əzələ tonusu adətən aşağı olur; oynaqların hipermobilliyi (o cümlədən atlant-aksial qeyri-stabillik), döş qəfəsinin qıfşəkilli deformasiyası qeydə alınır. Daun sindromlu uşaqlara xas olan fiziki əlamətlərinə qısa ətraflar, braxidaktiliya (braximezofalangiya), çeçələ barmağın deformasiyası (klinodaktiliya), ovuc nahiyəsində köndələn büküş, ayağın 1 və 2-ci barmaqlarının aralı olması (səndəlşəkilli yarıq) və s. aiddir. Bu tip uşaqlara baxış zamanı gözün qüzehli qişasının kənarı boyunca ağ ləkələr (Bruşfild ləkələri), qotik (həddindən artıq hündür) damaq, anomal dişləm, şırımlı dil aşkar edilir[5]. Sadə trisomiyaya nisbətən translokasion variantda xarici əlamətlər daha qabarıq olur. Mozaisizm zamanı fenotipin ifadəliliyi kariotipin tərkibində trisom hüceyrələrin payından asılıdır. Populyasiya ilə müqayisədə Daun sindromlu uşaqlarda anadangəlmə ürək qüsurları (açıq arterial axacaq, mədəciklərarası və qulaqcıqlararası çəpəri qüsuru, Fallo tetradası və s.), çəpgözlük, katarakta, qlaukoma, eşitmə zəifliyi, epilepsiya, leykoz, MBT anomaliyaları (qida borusunun atreziyası, 12 — barmaq bağırsağın stenoz və atreziyası, Hirşprunq xəstəliyi), budun anadangəlmə çıxığına tez-tez rast gəlinir. Pubertat dövrün xarakterik dermatoloji problemlərinə dərinin quruluğu, ekzema, akne, follikulit aiddir. Daun sindromlu uşaqlar infeksion xəstəliklərə meyilli olur. Onlarda uşaq infeksiyaları ağır gedişə malik olur. Bu tip uşaqlar pnevmoniya, orta otit, KRVİ, adenoid, tonzillitə daha çox tutulur. Zəif immunitet və anadangəlmə qüsurlar 5 yaşa qədər uşaqların ən çox rast gəlinən ölüm səbəblərindən sayılır. Daun sindromlu xəstələrdə intellektual inkişafın pozulması – yüngül və orta dərəcəli əqli gerilik müşahidə edilir. Uşaqların motor inkişafı yaşıdlarından geri qalır. Onlarda nitq pozğunluğu qeydə alınır. Daun sindromlu pasiyentlərdə piylənmə, qəbizlik, hipotireoz, yuvalı alopesiya, xayanın xərçəngi. Altsheymer xəstəliyinin erkən inkişafı və digər patologiyalara meyilliyə rast gəlinir. Kişi cinsinə aid xəstələr sonsuz olur; qadınlarda isə anovulyator sikllə əlaqədar fertillik əhəmiyyətli dərəcədə azalır. Yetkin pasiyentlərin boyu orta səviyyədən 20 sm alçaq olur. Xəstələrin orta ömür müddəti təxminən 50–60 il təşkil edir[5].
Şerşevski-Terner sindromu
[redaktə | mənbəni redaktə et]Səbəbi iyirmi üçüncü cüt xromosomun bir vahid azalmasıdır. Əlamətləri: bu zaman cinsiyyət xro- mosomu tək X olduğundan cinsiyyətcə qadın doğulur. Lakin cinsiyyət vəziləri zəif inkişaf edir. Belə insanların boyları qısa olur, qulaqları normadan aşağıda yerləşir. Boyun əzələləri çiyinə qədər genişlənmiş olur.
Patau sindromu
[redaktə | mənbəni redaktə et]Səbəbi on üçüncü xromosom cütündə xromosomun artıq olmasıdır. Əlamətləri: göz almasında, kəllənin beyin və üz şöbələrində qüsurların yaranması, ürək kameralarının arakəsmələrində qüsurlar, böyrək, bağırsaq və daxili cinsiyyət üzvlərində çatışmazlıqlar. Belə xəstələr, adətən, bir ildən çox yaşamırlar[1]. Patau sindromu, ya da Trisomiya 13 normal 2 kopya yerinə hər hüceyrədə 3 kopya xromosom 13 rast gəlməsi ilə xarakterizə olunan bir xromosom anomaliyasıdır. 10.000 canlı doğumda bir görülən bir anomaliyadır. Belə uşaqların yaşam müddəti bu xromosom anomaliyası səbəbiylə qısa olur. Simptomları və şiddəti isə hər uşaqda dəyişiklik göstərir. Bununla yanaşı, belə yenidoğulanlarda:baş beyin, onurğa və üz bölgəsində anomaliyalara, ürək, böyrək, mədə problemlərinə, çox kiçik və ya zəif inkişaf etmiş gözlər(mikroftalmi), əlavə əl və ayaq barmaqları, yarıq damaq və damaqsız yarıq dodaq, zəif inkişaf etmiş əzələ tonusu(hipotoni) və digər fiziki anomaliyalara rast gəlinir. Görülmə riski ananın yaşının artması ilə artar. Əsasən, hamiləlik düşüklə nəticələnir. Düşük, həmçinin hamiləliyin 20-ci həftəsinə qədər gecikə də bilər. Trisomiys 13-ə sahib 200 canlı doğulan uşaqların geniş bir araşdırmada 28%-nin yaşamının ilk həftəsində,44%-nin ilk ayında və 73%-nin isə ilk 4 ayında yaşamını itirdikləri bildirilmişdir. Əsasən 1 yaşa qədər yaşamaları çətin olsa da, ədəbiyatda üçü 18 yaşın üstündə olan, biri 32 yaşında olan və 10 yaşını tamamlamış 7 hadisə bilinməkdədir. Bəzi insanlarda hüceyrələrin bir qismi əlavə xromosom 13-ə (mozaik trisomiya 13 olaraq adlandırılır)sahib olarkən, digər hüceyrələr normal xromosom cütünə sahib olur. Bu mozaik Patau sindromudur. Patau sindromunun translokasiya və mozaik tipi rast gəlinən ailələrdə ana və ata daşıyıcı ola bilər və sonrakı uşaqları xəstəlik riski daşıya bilər. Ana və ata daşıyıcı deyilsə, sonrakı hamiləlikdə təkrarlama riski 1%-dən daha azdır[6]. Ana yaşı da nəzərə alınaraq, daha sonrakı hamiləliklərində genetik konsultasiya və fetusun vaxtından əvvəl xromosom quruluşunun diaqnozu məsləhət görülür[7].
Xromosom mutasiyaları
[redaktə | mənbəni redaktə et]Xromosom mutasiyaları xromosomun strukturunda baş verən dəyişikliklərlə bağlı ola bilər. Cinsi xromosomların çatışmazlığı və ya artıq olması ilə bağlı pozuntulara da rast gəlmək olar. Məsələn, qadının xromosom dəstində bir X xromosomunun olmaması Şerşevski-Terner sindromunun inkişafına, kişilərdə isə artıq X xromosomunun (XXY) olması Klaynfelter sindromuna gətirib çıxarır.
Lejen sindromlu uşaq
[redaktə | mənbəni redaktə et]Beşinci xromosomun hissəsinin itkisi zamanı insanda Lejen sindromu və ya "pişik çığırtısı", xromosomun hissəsinin köçürülməsi və ya xromosomun sahəsinin 180 dərəcə çevrilməsi zamanı leykozun müəyyən formaları özünü göstərir.
Tibbi genetika
[redaktə | mənbəni redaktə et]Tibbi genetikanın tərəqqisi irsi xəstəliklərin diaqnostikasının inkişafına və onların düzgün müalicəsinə imkan yaradır. Bundan əlavə, bir çox ölkələrdə, həmçinin bizim ölkədə də inkişaf etmiş tibbi-genetik məsləhətxanalar yaxın qohum nikahları zamanı yaranan irsi xəstəliklərin inkişafının qarşısının alınmasına imkan verir. Belə nikahların bağlanması zamanı zərərli resessiv genlərin homoziqot vəziyyətə keçməsi nəticəsində nəsildə irsi xəstəliklərin yaranması ehtimalı nəzərəçarpacaq dərəcədə artır. Talassemiya xəstəliyinin fenotipcə üzə çıxması belə baş verir. Bundan əlavə, belə nikahlar ölü uşaqların doğulması hallarını iki dəfə artırır. Tibbi-genetik məsləhətvermələr zamanı sitogenetik, biokimyəvi tədqiqat metodlarından istifadə olunur, gələcək valideynlərin şəcərəsi (nəsil ağacı) araşdırılır. Bəzən valideynlərdə olan xromosom və ya gen pozuntuları fenotipik şəkildə müşahidə olunmur. Belə pozuntular yaxın qohumların nikahlarında özünü göstərə bilər. Bundan əlavə, hamiləlik dövründə dölətrafı mayenin biokimyəvi və sitogenetik müayinəsi — amniosintez müayinəsi aparılır. Bu müayinə daha çox doğulacaq uşaqda Daun və bu kimi digər sindromları təyin etmək üçün aparılır. Bu metodun köməyi ilə oraqvarı hüceyrə anemiyası və s. kimi yüzlərlə genetik xəstəliyi əvvəlcədən müəyyən etmək olar. Onu da yadda saxlamaq lazımdır ki, irsi xəstəliklərin yaranma riski mutagen faktorlarla bağlıdır. Bu faktorlara kimyəvi (məişət kimyası, bəzi qida boyaq maddələri, zəhərli kimyəvi maddələr), intensiv elektromaqnit dəyişkənliyi, bioloji mutagenlər (viruslar, peyvəndlərin bəzi növləri) aiddir. Son zamanlar genetik dəyişmələr, pataloji hamiləlik, inkişafın qüsurları ilə əlaqədar xəstəliklər xeyli çoxalmışdır. Bütün bunlar ətraf mühitdə mutagen maddələrin çoxalması ilə əlaqədardır. Alimlər hesablamışlar ki, şüalanmadan qorunma tədbirləri mövcud olduğu halda belə yeni doğulan uşaqların 0,05 %-i süni radiasiya mənbələri hesabına xəstə gen daşıyıcıları olacaqlar. Mühit amillərinin təsiri nəticəsində somatik hüceyrələrdə baş verən mutasiyalar nəticəsində yaranan xərçəng xəstəliyi XXI əsrin bəlasına çevrilib. Gen xəstəlikləri ayrı-ayrı genlərin molekulyar quruluşunu dəyişən mutasiyalarla əlaqədar yaranır. İnsanın patoloji əlamətlərinin genləri normal əlamətləri idarə edən genlərin allel- ləridir. Hazırda insanın 400-dən çox gen xəstəlikləri məlumdur. Bu xəstəliklərin meydana çıxmasının əsas səbəbi DNT molekulunda baş verən dəyişkənliklərdir[1].
Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər
[redaktə | mənbəni redaktə et]Karbohidrat mübadiləsinin pozulması
[redaktə | mənbəni redaktə et]Karbohidrat mübadiləsinin pozulması monosaxaridləri və disaxaridləri parçalayan fermentlərin genlərində baş verən mutasiyalarla əlaqədardır. Müxtəlif xəstəliklər zamanı sinir sistemi də daxil olmaqla bir çox orqanlar zədələnir. Buna misal olaraq, Tey-Saks xəstəliyini göstərmək olar. Xəstəlik zamanı mielin qişasının dağılması, əqli zəiflik, hərəkət koordinasiyasının itməsi, bəzən tam hərəkətsizlik və bəzi orqanlarda çatışmazlıqlar müşahidə olunur[1].
Lipid mübadiləsinin pozulması
[redaktə | mənbəni redaktə et]Lipid mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikləri iki qrupa bölürlər:
- Mübadilənin pozulması nəticəsində yaranan məhsulların hüceyrə daxilində və ya qanda toplanması ilə yaranan xəstəliklər;
- Lipid mübadiləsinin pozulması nəticəsində sinir sistemində yaranan xəstəliklər.
Amin turşu mübadiləsinin pozulması
[redaktə | mənbəni redaktə et]Amin turşu mübadiləsinin pozulması gen xəstəlikləri arasında ən böyük qrupdur. Bunlardan fenilketanuriya və tirozinemiyanı göstərmək olar.
Vitamin mübadiləsinin pozulması
[redaktə | mənbəni redaktə et]Vitamin mübadiləsinin pozulması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, homosisturiya. Bu zaman mərkəzi sinir sistemi zədələnir, damar mənşəli tromblar əmələ gəlir, göz büllurunda qüsurlar meydana çıxır[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "İnsan genetikası tibb elmi" (az.). https://www.e-derslik.edu.az/. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05..
- ↑ Reference, Genetics Home. "What are the different ways in which a genetic condition can be inherited?". Genetics Home Reference (ingilis). 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
- ↑ Simons, M.; Walz, G. "Polycystic kidney disease: Cell division without a c(l)ue?". Kidney International. 70 (5). September 2006: 854–864. doi:10.1038/sj.ki.5001534.
- ↑ "Genetic Disorders". learn.genetics.utah.edu. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ 1 2 3 4 5 6 "daun sindromu" (az.). https://med-portal.az/. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: https://med-portal.az/ushaq-xestelikleri/daun-sindromu/ 2021-02-04.
- ↑ "OMIM Entry #603903 – SICKLE CELL ANEMIA". www.omim.org (ingilis). 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ "Patau". http://afgen.az/. 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.