Diadoxlar
Diadoxlar (q.yun. διάδοχος – xələf) — Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 323-cü ildən e.ə. 301-ci ilə qədər müharibələr aparmış sərkərdələri. Bu müharibələr nəticəsində Makedoniyalı İsgəndərin imperiyası Suriya, Ptolomeylər Misiri, Vifiniya , Perqam və Makedoniya dövlətlərinə parçalandı.
Diadoxlar arasında ən məhşurları Təkgözlü I Antiqon və onun oğlu Demetri Poliekrit, Antipatr və oğlu Kassandr, Ptolomey, Selevk, Lisimax və Evmendir.
Diadoxlar arasında başlanan və İps yaxınlığında baş vermiş döyüş (e.ə. 301-ci il) nəticəsində başa çatan bu mübarizə tarixdə "Diadoxlar erası" kimi qalmışdır.
Ellin monarxiyaları
[redaktə | mənbəni redaktə et]Diadoxlar mübarizəsinin nəticəsində yunanlara xas olan şəhər-dövlət idarə üsulu işğal olunmuş ərazilərdə monarxiya idarə üsulu ilə əvəzləndi. Habelə iqtisadi və mədəni mərkəzlərin aktivliyi də Yunanıstandan Kiçik Asiya və Misirə keçdi.
Yaranmış yeni dövlətlər ellin dövlətləri kimi adlandırılırdı və daha nüfuzlular aşağıdakılar idi:
- Ptolomeylərin idarə etdiyi Ellin Misiri
- Selevkilərin ağalıq etdiyi Suriya
- Təkgözlü I Antiqonun varislərinin idarə etdiyi Makedoniya
- E.ə. III əsrin əvvəllərindən Attallar tərəfindən idarə edilən Perqam çarlığı
Sonralar bu dövlətlər Roma imperiyası tərəfindən süquta uğradıldı
Diadoxların Birinci müharibəsi
[redaktə | mənbəni redaktə et]E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun azyaşlı övladları idarəçiliyi ələ almağa qadir olmadığı üçün xələfin kim olması məsələsi ilə bağlı fikir ayrılıqları ortaya çıxdı. Sərkərdələr arasında ən şanslı Makedoniya və Yunanıstandakı orduların komandanı olan Antipatr və nüfuzlu sərkərdə olan Perdikka sayılsa da,Təkgözlü I Antiqon, Selevk, Ptolomey, Lisimax və Evmen də iddialı idi. Hətta piyada-falanqa ilə süvarilər arasında da toqquşmalar başlandı. Piyada və suvarilər arasında mübarizəsinin nəticəsində Makedoniyalı İsgəndərin ögey qardaşı-əqli cəhətdən sağlam olmayan Arradiy çar kimi tanındı. Razılaşmaya görə əgər Roksananın (Makedoniyalı İsgəndərin dul qadını) oğlu olsa onu hökmdar elan edəcəkdi. Perdikka isə imperiyanın qəyyumu elan edildi.
Babildə diadoxlar arasında əldə edilən razılaşmaya əsasən imperiya vahid dövlət şəklində qalmaqla satraplıqlar şəklində onlar tərəfindən aşağıdakı şəkildə idarə olunmalı idi:
- Antipatr - Makedoniya, Yunanıstan və Frakiya
- Perdikka - Asiya
- Antiqon - Frigiya, Pamfiliya və Ligiya
- Selevk - Babil
- Ptolomey - Misir
- Lisimax - Frakiya və İoniya
Babil razılaşmasından sonra Ptolomeyin İsgəndərin cəsədini Perdikkanın etirazına baxmayaraq Misirə aparıb orda dəfn etməsi Perdikka ilə Ptolomeyin arasında mübarizənin əsasını qoydu. Çünki adətə görə İsgəndəri onun qanuni xələfi dəfn etməli idi.Əfsanəyə görə İsgəndərin dəfn olunacağı yer uğur gətirəcəkdi.
Bununla yanaşı Evmenin Antiqon və Laminnaxla arasındakı narazılıq da mübarizənin digər səbəbi oldu. Çünki onlar Evmenə öz satraplığında möhkəmlənməyə yardım etmədilər. Perdikka Antiqonu hökdarlar məhkəməsinə çağırsa da o Makedoniyaya -Antipatrın yanına qaçdı.
E.ə. 322-ci ildə Leonnatın yunanlarla döyüşdə ölməsi, Antipatrın Lamiy müharibəsində iştirakı, Lisimaxı isə frakiyalılarla mübarizə aparması Perdikkaya öz mövqeyinin gücləndirmək imkanı verdi.
Ptolomey isə uzaqgörən siyasətçi kimi Misirdə iqtisadiyyatı inkişaf etdirməklə öz ordusunu da gücləndirdi.
Perdikka öz sərkərdələrinin toplantısını çağıraraq Ptolomey, Antiqon, Krater və Antipatrın özbaşınalıqlarını müzakirə edərək ilk zərbəni Makedoniyaya yox, Misirə vurmaq qərarına gəldi. Çünki,onsuz da Antipatr və Krater etoliyalılarla mübarizəyə başı qarışmışdı. Ptolomey isə getdikcə güclənib Asiyaya hücum edə bilərdi.
E.ə. 321-ci ildə Ptolomey sərkərdə Attalın başçılığı ilə qoşunlarını Misir üzərinə göndərdi. Həmin dövrdə Antiqon və Krater də etoliyalılarla müqavilə bağlayıb Dardanel boğazına doğru hərəkətə başladı. Ptolomey,Antipatr və Karter arasında razılaşmaya görə Perdikkanı məğlub etdikdən sonra Antipatr Avropaya, Krater isə Asiyanın idarəşiliyin ələ keçirəcəkdi. Evmen Antipatr və Kraterin hücumunun qarşısını ala bilmədi. Onun ordularının çoxu müttəfiqlərin tərəfinə keçdi. Armeniya satrapı Neopteloman da Evmenə xəyanət edib ona qarşı çıxsa da məlub oldu. İkinci döyüşdə Neopteloman və Krater məğlub olub öldürüldü.
Misirə hərəkət edən Perdikka Ptolomeyi mühakimə etmək üçün çağırdığı məhkəmədə sərkərdələr Ptolomeyi günahsız saysa da Perdikka hücumu davam etdirməyə qərar verdi. Perdikkanın ordularından Ptolomeyin düşərgəsinə qaçanların olmasına baxmayaraq hücum davam etdirildi. İlk döyüşdə sayca üstünlüyə baxmayaraq Perdikka güclü müqavimətə görə hücumu dayandırdı. Nil çayını keçərkən onun ordusunun bir hissəsi məhv oldu. Bu zaman onun ordusunda qiyam baş verdi. Selevkin rəhbərliyi ilə qiyamçılar Perdikkanı qətlə yetirdi.
Ptolomeyə Perdikkanın əvəzinə imperiyanın qəyyumluğu təklif olunsa da o bundan imtina etdi. Perdikkanın yerinə Midiya satrapı Pifon təyin olundu. Toplanmış məhkəmədə Evmen də Perdikkanın digər tərəfdarları haqqında ölüm hökmü verildi. Antiqon və Antipatr isə Triparadisə dəvət olundu.
Triparadisdəki razılaşmaya əsasən ərazilər müvafiq şəkildə bölüşdürüldü:
- Ptolomeyin Misir,Kirenaika, Ərəbistanın bir hissəsi,eləcə də gələcəkdə qərbə doğru,yəni Karfogen istiqamətində işğal edə biləcəyi ərazilər üzərində hakimiyyəti tanındı
- Antiqon Böyük Frikiya və Likiyanı özünə qaytardı
- Antipatr isə imperiyanın Avropadakı ərazilərini əlində saxladı
Müharibə nəticəsində dağınıqlıq daha da gücləndi. Ptolomeyin regentlikdən imtina etməsi və başqa nüfuzlu liderin olmaması satraplıqlar arasında mübarizəni gücləndirdi. Evmen isə Perdikkanın tərəfdarları ilə öz gücünü artırmışdı.
Diadoxların İkinci müharibəsi
[redaktə | mənbəni redaktə et]E.ə. 319-cu ildə Avropadakı əraziləri idarə edən Antipatr öldü. Ölümündən əvvəl o xələfi olaraq oğlu Kassandrı yox, diadox Poliperxonu təyin etdi. Bununla razılaşmayan Kassandr Kiçik Asiyaya, Antiqonun yanına getdi. Poliperxon isə Yunanıstanda öz mövqeyini gücləndirərək yunan şəhərlərinin muxtariyyəti haqqında manifest imzaladı. Bununla yanaşı o Makedoniyalı İsgəndərin anası Olimpiadanı nəvəsi Aleksandrı böyütmək təklifi ilə Epirdən Makedoniyanın paytaxtı Pellaya dəvət etdi . Həmin vaxt Misirin satrapı Ptolomey I Soter isə Suriyanı ələ keçirərək Antiqonla ittifaq bağladı. Digər yunan şəhərləri kimi Afinaya da müstəqillik verilməli olsa da Kassandrın dostu olan Nikanor Poliperxonun qərarına qarşı çıxaraq Pirey limanını və onu Afina ilə birləşdirən səddi ələ keçirdi. Antiqon da ordusu ilə Dardanel boğazına doğru hərəkətə başladı. İlk dəniz döyüşündə Nikanor və Antiqonun qüvvələri məğlub olsa da ikinci döyüşdə Nikanor Poliperxonun tərəfdarı olan Klitin donanmasını məğlub etdi. E.ə. 318-317-ci ilində Poliperxonun mövqeyinin Yunanıstanda zəiflədiyindən istifadə edən Kassandr ölkədə mövqeyini gücləndirərək Makedoniyaya doğru yürüşə hazırlaşırdı. Poliperxon isə Makedoniyada Filipp Arrideyi devririb hakimiyyəti ələ keçirmiş xanımı Evridikanın devrilib Olimpidananın hakimiyətə qayıtmasına nail oldu. Evridikanı ordusunun M.İsgəndərin anasına qarşı vuruşmaq istəməməsi də buna şərait yaratdı. Olimpiada isə Makedoniyaya qayıdandan sonra düşməmlərinə qanlı divan tutdu. Bunlardan xəbər tutan Kassandr Makedniyaya doğru hərəkət etdi. Poliporxen Etoliyaya getdi. Pirna qalasında mühasirəyə alınan Olimpiada, Roksana və altı yaşlı Aleksandr e.ə. 317-ci ildə Kassardra təslim oldu. Hərbi toplantının qərarı ilə Olimpiada edam edildi. Makedoniya taxtını ələ keçirmək istəyən Kassandr Filippin qızı Fessalonika ilə evləndi. E.ə. 317-ci ilin yazında Kilikiyadan hərəkətə başlayan Evmen Poliperxona kömək əvəzinə Ptolomeyə zərbə vurmaq qərarına gələrək Finikiyanın sahilboyu şəhərlərini ələ keçirdi. Antiqonun qələbədən qayıdan donanmasının Finikiyaya yaxınlaşması Evmenin Yunanıstana hücum planını pozdu. Rəqibləri arasında qalmaqdan çəkinən Evmen Asiyandakı Parfiya, Baktriya satrapları və Babil satrapı Selevkə ittifaqla bağlı təklif göndərdi. Lakin Selevk makedoniyalıların Evmen haqqında ölüm hökmü verdiyini əsas gətirərək onunla ittifaqdan imtina etdi və makedniyalı döyüşçüləri onu tərk etməyə çağırdı. Evmen Babilə doğru hərəkət edərək şəhəri tutmadan oradan şərq satraplıqlarının xəzinəsinin saxlanıldığı Suza getdi.Burda onunla Persida,Karmaniya, Araxoziya, Hind və Aria satrapları birləşdi. Antiqon da Selevk və Midiya satrapı Pifonla birləşərək Suza doğru hərəkət etdi. E.ə. 317-ci il ərzində manevrlərdə Antiqon qələbəni əldə edə bilməsə də qış aylarında yenidən hücuma keçdi. Hərbi əməliyytalar gedişində Evmenin qüvvələri üstün olsa da, onun ordusundakı makedoniyalılar öz düşərgələrinin Antiqon tərəfindən qarət olunduğunu gördükdə onunla danışıqlara başladılar. Antiqon Evmeni ona təslim edəcəkləri şərtilə makedonların qənimətlərinin özlərinə qaytarılacağını vəd etdi. Nəticədə Evmen tutulub edam edildi. Bu zaman Pifon Antiqonu aradan götürüb Asiyada hakimiyyəti ələ keçirmək üçün uğursuz qiyam təşkil etdi və edam olundu. E.ə. 316-cı ildə Babilə gələn Antiqon Selevkdən maliyyə hesabı tələb etdikdə Selevk Misirə Ptolomeyin himayəsinə qaçdı. Avropada isə Kassandr Poliperxonun oğlu Aleksandrla mübarizə apardığı zaman Antiqonun qələbələri və onun regent olaraq öz stastusunu təsdiqlətmək üçün Avropaya keçməyə hazırlaşması xəbərini aldı . Belə olduqda o müdafiəyə hazırlaşmağa başladı. Ptolomey, Kassandr və Lisimaxa elçi göndərərək onları Poliperxona qarşı birləşməyə çağıran Antiqon Suriyanı işğal edib sahilboyu əraziləri ələ keçirdi. Antiqonun Suriyanı işğalına cavab olaraq Kassandr,Lisimax və Ptolomey ona qarşı birləşib dostluq əlaqələrinin saxlanılması üçün aşağıdakı tələbləri irəli sürdülər.
- Suriya və Finikiya Ptolomeydə qalır
- Lisimax Frigiyanı ələ kçirir
- Babil Selevkə qaytarılır
- Asandr Lidiya və Kappadokiyanı ələ keçirir
- Kassandr Yunanıstan və Makedoniyanı əlində saxlayır
- Antiqon şərqdəki satraplıqlardan ələ keçirdiyi xəzinəni bölüşdürməli idi
Antiqonun bu təklifləri rədd etməsi üçüncü diadoxlar müharibəsinin başlanmasına yol açdı
Diadoxların Üçüncü müharibəsi
[redaktə | mənbəni redaktə et]Makedoniyalı İsgəndərin ölümündən sonra onun donanmasının əsas hissəsi Ptolomeyin əlində idi. Antiqon donanma yarada bilmək üçün Rodos və Kiprə müraciət etdi. Kiprdən fərqli olaraq Rodos təklifi qəbul etdi. Antiqon öz qüvvələrini düşmənlərinə qarşı göndərdi. Kassandra qarşı mübarizədə hətta Poliperxonla da yaxınlaşdı. Kassandrın Elladada mövqeyini zəiflətmək üçün Antiqon yunan şəhərlərinə azadlıq və muxtariyyət verən manifest imzaladı. Cavab olaraq Ptolomey də oxşar manifest verdi. Kassandr isə Poliperxonun oğlu Aleksandrı Peleponnesdə strateqlik vədi ilə öz tərəfinə çəkdi. E.ə. 314-cü ildə Tiri tutan Antiqon burdan Kiçik Asiyaya gedib Asandrı təslim etdi. Bu zaman onun manifestindən ilhamlanan Beotiya, Etoliya və Evbey qiyam qaldırsa da Kassandr həmin qiyamları sakitləşdirib Makedoniyaya qayıtdı. Antiqonun oğlu Demetre Ptolomey I Soterin Finikiyadakı işğallarına mane ola bilmədi. E.ə. 312-ci ildə Ptolomey Demetreni məğlub edərək Suriyanın sahilboyu şəhərlərinə və Qəzzə bölgəsinə yiyələndi. Demetri Kilikiyaya çəkildikdə Selevk Ptolomeydən ordu alıb Babili özünə qaytardı. Ardınca Persida,Suziana və Midiya da tabe edildi. Antiqon oğlu ilə birləşib Kiçik Asiyadan hərəkətə başladıqda Ptolomey onunla Suriyada vuruşmaq istəməyib şəhərləri və qalaları məhv edib Misirə qayıdıb onu Nilin sahilində gözləməyə başladı. Diadoxlar arasındakı çəkişmələrdə mütləq qalib olmadığı üçün e.ə.311-ci ildə Kassandr,Ptolomey və Lisimax Antiqonla sülh bağladı. Sülhə görə:
- Kassandr Roksananın oğlu yetkinlik yaşına çatana qədər Avropadakı əraziləri idarə edirdi
- Ptolomeyə Misir , eləcə də Liviya və Ərəbistanın Misirlə sərhədyanı şəhərləri qaldı
- Lisimax Frakiyanı özündə saxladı
- Antiqon Asiyadakı ərazilər üzərində hakim oldu.
- Yunan şəhərləri isə muxtariyyət qazandı
Bundan sonra Antiqonla Selevk arasında mübarizə davam etdi. Selevk Midiyada olduğu zaman Antiqonun oğlu Babili tutub qarət edib geri qayıtdı. Kassandr isə gələcəkdə taxtı itirməmək üçün varis olan kiçik Aleksandrı (Roksananın oğlunu) qətlə yetirdi. Bu bütün diadoxları qane edirdi. Çünki onlar artıq özlərini müstəqil hökmdar elan etmək imkanı qazandı.
Diadoxların Dördüncü müharibəsi
[redaktə | mənbəni redaktə et]Makedoniya taxt-tacını ələ keçirmək niyyətində olan Antiqon 307 ci ildə müharibəyə başladı. Onun oğlu Demetri Salamin yaxınlığında Ptolomeyin donanmasını məğlub etdi. Bu qələbədən sonra Antiqon özünə və Demetriyə çar titulu verdi. Lakin 301 ci ildə İps yaxınlığındakı həlledici döyüşdə Lisimax, I Selevk və Kassandr Antiqonu tam məğlubiyyətə uğratdılar; Antiqon döyüşdə öldürüldü, onun əraziləri əsasən I Selevklə Lisimax arasında bölüşdürüldü. Ptolomeylər dövləti, Selevkilər dövləti, Vifiniya və Pont padşahlığının əsas sərhədləri müəyyənləşdirildi. Makedoniya taxt-tacı uğrunda gedən sonrakı mübarizədə I Demetri qalib gəldi. Lakin 287-286 cı illərdə Lisimax Epir çarı Pirr ilə ittifaqda Demetrini məğlub edib, Makedoniyanı ələ keçirdi. Demetrinin oğlu II Antiqon Qonat 283 cü ildə Makedoniya çarı elan edilərək Frakiya ilə Makedoniyanı hakimiyyəti altında birləşdirdi. 281 ci ildə Lisimax I Selevklə mübarizədə həlak oldu, onun dövləti dağıldı. Sonra 281 ci ildə I Selevk də öldürüldü.