Biogenetik qanun
Bu məqalə qaralama halındadır. |
Biogenetik qanun – orqanizmlərin fərdi inkişafı (ontogenez) və növlərin təkamül tarixinin (filogenez) qarşılıqlı münasibətlərini izah edən konsepsiya.
Biogenetik qanunun E. Hekkel (Haeckel) orqanizmlərin fərdi və tarixi inkişafı arasındakı asılılığı belə ifadə etmişdir: hər bir orqanizmin ontogenezi onun əcdadının filogenezinin qısa və yığcam təkrarını (rekapitulyasiya) təmsil edir. Hekkelə görə, təkamül prosesində yeni əlamətlərin yaranması orqanizmlərin fərdi inkişafının sonunda yeni mərhələlərin əlavə olunması yolu ilə baş verir, əvvəlki yaşlı vəziyyət isə ondan (sonuncudan) əvvəlki embrional mərhələyə çevrilir. Ontogenezdə əcdad əlamətlərinin təkrarlanması bununla əlaqədardır. Beləliklə, ontogenezin formalaşmasının səbəbi filogenezdir. Fərdi inkişaf sonsuz uzana bilməz, buna görə də filogenetik mərhələlərin embriogenezdə təkrarlanması tədricən qısalmış olur. Ç. Darvin (1859) göstərmişdir ki, təbii seçmə orqanizmlərin ontogenezinin bütün mərhələlərinə təsir edərək onların hər birinin xarici şəraitin xüsusiyyətlərinə uyğunlaşmasına səbəb olur. E. Hekkel rüşeym və sürfələrin spesifik uyğunlaşmasını senogenez adlandırmış, bunların arasında embrional rüşeymlərin formalaşma yerinin dəyişilməsini (heterotopiya), onların inkişafının müddət və templərini (heteroxroniya) ayırd etmişdir. Fərdi inkişafda senogenezin yaranması sayəsində konservativ əlamət və proseslərin təkrarlanma qaydası pozulur. E. Hekkel güman edirdi ki, bütöv filogenetik mərhələlər ontogenezdə ardıcıl təkrarlanır və bunun sayəsində növün tarixi inkişafının gedişini yenidən yaratmaq olar. Bu məqsədlə o, embriologiya, müqayisəli anatomiya və paleontologiyanın nəticələrini tutuşdurmaya əsaslanan üçlü paralellik üsulundan istifadə etməyi təklif etmişdir. Sonralar göstərilmişdir ki, olduqca tez-tez rast gələn senogenezlərə görə orqanizmlərin ontogenezdə inkişafının filogenetik mərhələlərinin tam təkrarlanması mümkün deyildir. Reallıqda yalnız ayrı-ayrı orqanizm və strukturlar üçün rekapitulyasiyalar müşahidə edilir. A. N. Severtsovun filembriogenez nəzəriyyəsinə görə, orqanizmlərin təkamülü fərdi inkişafın istənilən mərhələsinin irsi dəyişkənlikləri əsasında baş verir; filogenez ontogenez ardıcıllıqlarının sırasıdır, Biogenetik qanunun isə orqanizmlərin fərdi və tarixi inkişaf münasibətlərinin yalnız xüsusi halıdır və o, ontogenezin təkamülü zamanı, onun sonuncu mərhələlərinin – anaboliyaların əlavəsi (calağı) vasitəsilə yalnız bəzi orqanlar üçün yerinə yetirilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.