Apuley

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Apuley
Doğum tarixi təq. 125[1][2][…]
Doğum yeri
Vəfat tarixi təq. 170[3]
Vəfat yeri
Həyat yoldaşı
Fəaliyyəti yazıçı, filosof, romançı, şair, həkim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Apuleyusun 1902-ci ildə nəşr olunmuş kitabının frontispisində olan təsvir

Apuleyus, rusca Apuley (lat. Apuleius Lucius, təxminən m. 125–170) — Qədim Roma yazıçısı, şairi, orta platonçu filosof. Roma imperiyasının Afrika əyalətinin Madavr şəhərində doğulub. Məşhur "Metamorfozalar" ("Qızıl eşşək") romanının müəllifi. Yazıçının latınca əsərləri qalmışdır.

Apuley

Apuley özünü yarınumidiyalı-yarıqetuleyalı hesab edirdi. Ehtimal ki onun doğma dili hansısa yerli semit şivələrində biri olmuşdur. Şəhər özünüidarəsində yüksək vəzifə sahibi olan atası karlı adam olduğundan, Apuley, ibtidai təshsilini öz doğma şəhərində başlayıb, Karfagendə davam etdirmişdir. Yuli Sezarın əmri ilə yenidən tikilən Karfagen, tamamilə dirçəlir və çiçəklənərək II əsrdə Afrika əyalətinin mərkəzi, valinin iqamətgahı və əyalət senatının iclas yeri olur. Gəncliyi keçdiyi, müəllimləri yaşadığı və fəlsəfi fikirləri formalaşdığı bu şəhəri Apuley çox sevirdi, və ehtimal ki həyatının sonuna kimi burada yaşamışdı. O həmişə öz deklamasiya və nitqlərində bu şəhəri tərifləyir, onun var dövlətini, ləyaqətini, sakinlərinin savadını vəsf edirdi.

Təhsili və səyahətləri

[redaktə | mənbəni redaktə et]

Karfagendə riyaziyyatı, natiqliyin və fəlsəfənin əsaslarını öyrənərək Apuley, o vaxt yenidən elinnist dünyagörüşü mərkəzinə çevrilən Afinaya yollanır. Burada o, bir neçə il natiqlik və fəlsəfə təhsili alır. Məhz Afinada o, ehtimal, "İkinci sofistika" davamçılarının nəzəriyəsi və praktikası ilə tanış olur, və özü də onlara qoşulur. Ehtimal etmək olar ki, Apuleyin yunan dilində ilk ədəbi təcrübələri həmin dövrə aiddir. Afinadan sonra Apuley Yunanıstanın, sonradan onun ulaq cildinə girmiş qəhrəmanı Lutsinin səyahət etdiyi, bütün əyalətlərində olur. Samos adası, Frigiya və nəhayət Romaya gəlir. Burada Apuley vəkil işləyir. Forumda çıxış edərək o həm natiqlik təcrübəsi qazanır, həm də latın dilində təkmilləşir,

lakin Apuley Romada çox qalmır və 50 illərin əvvəlində o vətəninə qayıdır. Çox keçməmiş o ikinci səyahətinə yollanır, ancaq İskəndəriyyəyə gedərkən yolda xəstələnir və Eya (müasir Tripoli) şəhərində qalmalı olur. Burada o, Afinada birlikdə oxuduğu yoldaşı Pontianla qarşılaşır, və onun yaşlı anası varlı qadın Putendilla ilə evlənir, lakin Putendillanın birinci ərinin qohumları şübhələnirlər ki Apuley, onun birinci ərindən olan uşaqlrını vərəsəlikdən məhrum etmək istəyir. Onlar hətta anası ilə izdivacın səbəbkarı olan Pontianı ona qarşı qaldıra bilirlər, lakin Pontian, əvvəlcə dostu və atalığı olan Apuleylə barışaraq, ölür. Onda Apuleyin düşmənləri Putendillanın kiçik oğlunu qızışdıraraq, Apuleyin cadu yolu ilə Putendillanı yoldan çıxarması iddiasını ortaya atırlar. Apuleyin müdafiə məqsədi ilə, Sabrat şəhərində Afrika prokonsulu Klavdi Maksim qarşısında etdiyi məşhur çıxış-nitqi — "Apologiya" bu iddiaya cavab olur. Məhkəmə prosesi 156–158 illər arasında baş verir; alimlərin əksəriyəti 158 ili göstərirlər, və bu tarix Apuleyin həyatı və yaradıcılığı üçün bir açardır.

Apuley bəraət qazanır, lakin prosesin, düşmənlərinin nifrətinin mənasızlığını göstərəcəyinə və təqiblərinin qarşısını kəsəcəyinə ümidləri, ehtimal ki puç olur: o tezliklə Eyanı tərk edir və Karfagenə köçür. Həyatının qalan hissəsi və ölümün tarixi barədə demək olar ki heç nə məlum deyil. Biz ancaq onu bilirik ki, 70 illərdə o hələ sağ idi və Afrikanın Karfagen və başqa şəhərlərində natiq və görkəmli filosof kimi böyük ad çıxarmışdı. Əyalət senatında sədrlik etmək hüququ verən Karfagenin hamisi tanrı Eskulapın kahini və əyalətin baş kahini vəzifəsinə seçilmişdir, lakin bu az, qırıntılı və çox vaxt əlaqəsiz məlumatlardan başqa, bizim əlimizdə Apuleyin əsərlərində olan avtoportreti var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Opera omnia, 1621

Məlumdur ki, o həm latın həm də yunan dillərində yazırdı və məharətlə bir dildən o birisinə keçməyi ilə çox fəxr edirdi.

Onun yunanca yazdığı heç bir əsəri bizə çatmayıb. Latınca da əsərlərinin hamısı qalmayıb. Ancaq əhəmiyətsiz parçalardan, adlarından və eyhamlardan onun satirik, sevgi şeirlərindən, (ola bilsin erotik lətifələrindən), "Germaqor" romanından, müxtəlif bəhanələrlə etdiyi çıxışlar, deklamasiya və tanrıların, yaxud şairin sanlı hamilərinin şəninə himnlərindən xəbərimiz var. Onun şeir və nəsrlə yunan dilindən latın dilinə tərcümələrinin əksəriyəti, "Dövlət haqqında" traktatı, və özünün qürur mənbəyi saydığı təbii elmlərə aid heç bir əsəri qalmayıb. Bundan başqa məlumdur ki, ona bir çox tarix, riyaziyat, musiqi, nücum, kənd təsərrüfatı barədə kitablar da aiddir. Apuleyin hərtərəfliyi həqiqətən də sərhədsiz idi, lakin onun elmi bilikləri səthi idi və adətən kompilyasiyalardan o yana getmirdi.

Ondan qalan bütün ədəbi mirası üç hissəyə bölmək olar: Fəlsəfi əsərləri, deklamasiyaları və Metamorfozalar (Qızıl eşşək) romanı.

Apuley öz filosof-platonik dərəcəsi üzərində çox əsirdi, lakin müstəqil filosof kimi o olduqca zəif və asılı idi. Hər halda "Əflatun və onun təlimi barədə" , " Təfsir barədə", "Kainat barədə" (sonuncu iki traktatın Apuleyə aid olması mübahisəlidir), eləcə də "Sokrat ilahiliyi barədə" fəlsəfi deklamasiyası fəlsəfə tarixi üçün böyük maraq kəsb edir. Onlardan görmək olar ki, Plotindən hələ 100 il əvvəl Əflatunun obyektiv idealizmindən mistik neoplatonizmə keçidi sezmək olardı.

Stoik, epikureyskeptik təlimlərlə ƏflatunƏrəstunun fəlsəfəsinin məzmununun fantastik kombinasiyası.[5]

Artıq yuxarıda qeyd edilən "Apologiya" — imperiya vaxtının az qala yeganə məhkəmə nitqi nümunəsidir. Nitqin mətni nəşröncəsi, ehtimal ki əhəmiyətsiz, redaktəyə məruz qalsa da, "Apologiya" Apuleyin — sərbəst, "ikinci sofistikaya" xas nazlı-deklamator natiqlik tərzi barədə təsəvvür yaradır. Apuley san ki müdafiə olunmur, ama mövzu kimi özünə qarşı olan suçlamaları götürərək, erudisiyalı və fəlsəfi mənada savadlı dinləyicilərə zövq vermək üçün sadəcə olaraq publika qarşısında çıxış edir. Öz məharətlə qurduğu nitqində Apuley bir neçə hüdudda döyüşə girir, və birindən o birisinə keçərək, geriyə çəkilmir, əksinə hücuma keçir.

Ona ünvanlanan ittihamları, onun qüsursuz xasiyətinə və həyat tərzinə zidd olduğuna görə bütünlüklə rədd edə bilərdi, lakin o çağırışı qəbul edir və ayrılıqda ona qarşı irəli sürülən bütün ittihamları maddələrlə təkzib edir. Cadu ilə əlaqəsiz olduğunu sübut edərək Apuley, daha irəliyə gedir: o göstərir ki, hətta ən dahi cadugər olsayı belə, onu məhkəməyə cəlb etməyin heç bir əsası yoxdur. "Müdafiənin" üç istiqamətinə bölünərək bu nitq, müvafiq olaraq üç hissədən ibarətdir. İlk 25 fəsili Apuley rəqiblərin onun görünüşü, mənşəyi və həyat tərzinə olan hücumlarına ayırır.

Sən demə onun bütün hərəkətləri filosof-platonist idealına ciddi şəkildə uyğundur və deməli qüsursuzdur və cinayətkarlıqdan uzaqdır. 26–63 fəsilləri əhatə edən ikinci hissə -bilavasitə cadugərliklə bağlı böhtanların (müasir nöqteyi nəzərlə bu böhtanlar olduqca məzəlidir: məsələn, guya Apuley, adları ədəbsiz səslənən iki balığdan sehrli mayə hazırlayırmış) təkzibidir.

Nitqin sonluğu olan 66–103 fəsillər xüsusi ilə maraqlıdı. Bu, prosseəs öncəki hadisələrin ardıcıl təsviri olan "narratio", yəni "həkayə"dir; o hakimləri inandırmalıdır ki, cadu yox, amma həyatın özü, onun çoxsaylı motivləri, niyyətləri və müxtəlif təsadüfləri ilə Putendillanı Apuleylə nikaha gətirməliydi. Bu, parlaq gerçəkçi təfərrüatlarla bol hissədə, bənzərsiz mənzərə təsviri ustası Apuleyin istedadı tam açılır. Məşhur Apuley istehzası "Apologiyada", incə yumordan kəskin sarkazma qədər müxtəlif formalar alır. Təkcə dul qadınların cavan oğlanları cehizlə cəlb etmək barədə mülahizələr nəyə istəsəniz dəyər:

"Hansı, həyatda heç olmasa azca baş çıxaran insan, artıq yaşlı və dul, amma canı sulu qadını, əgər o ərə getmək niyyəti ilə öz varidatından və üstün mövqeyindən istifadə edərək, qüsursuz görünüşlü, nəcabətli və xassiyətli gənc adamı cəlb etmək fikrinə düşübsə, qınayar? …"

(Apologiya, 92 fəsil)

Qabarıqlığı, gücü və portretlərin inandırıcılığı ilə "Apologiya" nəinki "Qızıl eşşəkdən", ümumiyətlə qədim romalı ədəbiyatın ən yaxşı nümunələrindən geri qalmır. Əlbəttə ki "Apologiyada" barələrində danışdığı adamlar, Salüstinin Katilinasına tay deyil. Onlar öz dövrünün adi adamlarıdır, amma hərəsinin xassiyətində Apuley elə cizgiləri və təfərrüatları seçir ki, onların kiçik ehtirasları və gündəlik qayğıları oxucunun yadına həmişəlik qalır.

Apuleyus Lusius həm də orta platonçuluq məktəbin nümayəndəsi sayılır. O kahin olmuş, bir çox ədəbi əsərlərin yazarı idi. Onun ironik və satiristik roman janrında yazılmış "Metamorfozlar" (lat. Metamorphoseon) kitabı antik dünyanın ən çox yayılmış və başqa dillərə tərcümə olunmuş əsəridir. Onu "Qızıl eşşək" (lat. Asinus aureus) də adlandırırlar (9, 3–246). Bu əsərdə eyş-işrətlə dolu həyat sürən Lusius adlı bir gənc cadugərliklə maraqlanmış və onu öz üzərində sınamaq istəmişdir. Bir cadugər qadın o gənci öz xahişi ilə müvəqqəti olaraq quşa çevirmək istəmiş, ancaq yanlışlıq nəticəsində onu eşşəyə çevirmişdir.

Ancaq, eşşək olan Lusius insan düşüncəsində qalmış və hər şeyi insan kimi anlamışdır. Beləliklə, o müxtəlif adamların (əkinçilərin, quldurların, varlıların, kahinlərin) ev heyvanı olmuş, onların həyatlarını içəridən görmüş; insanların alçaqlığının, yalanlarının, xəyanətlərinin, ikiüzlülüklərinin, cinayətlərinin, əxlaqsızlıqlarının şahidi olmuşdur. Sahibləri onunla qəddarcasına davranmış və hər zaman alçaltmışdırlar. Sonda Lusius tanrılardan yardım diləmiş və tanrıca İsis (İsida) onu yenidən insana çevirmişdir. Bundan sonra o, gördüklərindən nəticə çıxararaq Osirisİsis kultlarının kahini olmuşdur.

Fəlsəfi əsərlərindən biri olan "Platon və onun təlimi" (lat. De Piatone et eius dogmate) kitabında Apuleus özünəməxsus şəkildə oxucuları Platonun təlimi ilə tanış etmişdir. Ancaq, bir çox hallarda onun yazdıqları Alkinousun verdiyi bilgilərdən fərqlənmişdir. Bu kitabda Platonun kimliyi açıqlanmış, onun ilk dəfə fəlsəfənin üç bölümünü birləşdirdiyi bildirilmişdir. Apuleusa görə fəlsəfənin birinci bölümü kosmologia və antropologiyadan ibarət olan fizikadır. İkincisi ilahiyyatdır ki, o başlanğıclar (tanrı, maddə, ideya) və iki mahiyyət (düşüncə ilə qavranılan və duyğusal) haqqında bölümləri əhatə edir. Fəlsəfənin üçüncü bölümü olan məntiq haqqında isə əsərdə bilgi verilməmişdir. Apuleusun dünyanın quruluşu haqqında baxışları (kosmologiası) Platotun "Timeus" əsərində olduğu kimidir.[6]

Tale (alın yazısı) problemi üzrə Apuleus tanrının düşündüyünü (sententia), tanrı qanunu (fatum) və təsadüfü (fortuna) fərqləndirir[6]. Təsadüfə yer verməsi onun tərəfindən azad iradənin tanınmasıdır.

Baş ya da birinci Tanrı duyulmaz və ulaşılmazdır (transsendentaldir). Ona görə dünyanın axarını kiçik tanrılar təmin edir, onlara isə demonlar yardım edirlər. Əxlaq xoşbəxt həyatın əldə edilməsi üçün gərəkli biliklərə yiyələnməkdir. Bu biliklər ərdəmlərin, xeyirlərin, qüsurların nədən ibarət olduğunu əhatə edir.[6]

"Sokratın tanrısı haqqında" (lat. De Deo Socratis) Apuleusun daha bir mistikaya yaxın olan fəlsəfi əsəridir[7]. Burada "tanrı" sözü "demon" mənasında işlədilir. Bilindiyi kimi yunanlar insanlarla tanrıların arasında duran varlıqları "demonlar" adlandırırdılar. Onlar kiçik tanrılar, ya da tanrıların balaları kimi də təsəvvür edilirdi. Platona görə insanlar tanrılarla birbaşa bağlantı yarada bilməzlər. Demonların ataları olan ilk Tanrını isə təsəvvür etmək və ona çatmaq mümkün deyildir. Bunu yalnız demonların vasitəsi ilə etmək olar.

İnsan bədənindən imtina etmiş ruhlar yüksək qatlarda demonların birliyini təşkil edirlər. Platona görə demonlar hər bir insanı həyatı boyu müşayiət edir, onun bütün əməllərinin şahidi olur. İnsan öldükdən sonra isə o demon onu axirətə aparır və ölən mühakimə olunanda onun əməlləri haqqında deyilənləri təsdiq ya da inkar edir. Buna görə də, hər kəs öz demonu ilə bağlantı yolunu axtarmalı, ona itaət etməli və onu duymalıdır. Bunu edərsə onda onun demonu ona yol göstərər, müxtəlif yollarla (məsələn yuxularla) bilgilər verə bilər. Məhz bunu da Sokrat etmiş, müdrikliyin yüksəkliklərinə çata bilmişdir.

Müqayisə üçün, İslama görə də iki mələk hər bir insanın yaxşı və pis əməllərini yazır. Qiyamət günü onların yazdıqlarının əsasında insan mühakimə ediləcək.

Son olaraq Apuleus məsləhət görür ki, Sokratın etdiyini hamı etsin və bu yolla tanrılara bənzər həyat sürsün.

Orta platonizm

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 209-212. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16. ("Fəlsəfəsi" bölümü üçün)
  • Апулей. Золотой осёл, Метаморфозы в одиннадцати книгах. Государственное издательство художественной литературы. МСМLVI səh. 8–12.
  1. 1 2 Любкер Ф. Apuleius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 119.
  2. Apuleius // Alvin.
  3. Répertoire des sources philosophiques antiques (fr.). CNRS.
  4. 1 2 Apuleius L. Apologia (lat.).
  5. Marks və Engels, Əsərləri, t. IV, səh. 122
  6. 1 2 3 Апулей Луций // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.
  7. God of Socrates // The Works of Apuleius. London: G. Bell and Sons, LTD. 1914, pp. 351–374.