Angiologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Angiologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Angiologiya (yun. ἀγγεῖον — damar + λόγος — elm) — anatomiyanın bir şöbəsi olub, qan və limfa damarlarının quruluşunu öyrənir. Angiologiya eyni zamanda damarların funksiyasını, onların xəstəlik və patologiyalarını, diaqnostik metodlarını, müalicə və profilaktikasını öyrənir.

Angiologiyanın əsası 17-ci əsrdə böyük və kiçik qan dövranı, limfa sistemi təsvir edildikdən sonra qoyulmuşdur. Müasir angiologiyanın vəzifələri damarların elastikliyini, bu və ya digər orqana birləşdirilmiş damarların əvəzetmə qabiliyyətini aydınlaşdırmaqdır. Angiologiyanın tədqiqat obyektləri damar borucuqları, onların divarı, qan və limfa cərəyanı, damarların paylanması, onların quruluşu və anastomozlarıdır. Angiologiyanın tədqiqində funksional və klinik istiqamət mövcuddur. Damarlar yarılma, inyeksiya, rentgenoloji, korroziya, işıqlandırma yolu ilə müayinə olunur. Klinik angiologiya daxili xəstəliklər elminin bir sahəsidir. O, qan və limfa damarları xəstəliklərinin etiologiyasını, patogenezini, simptomatologiyasını, gedişini öyrənir, onların diaqnostika, müalicə və profilaktika üsullarını işləyib hazırlayır.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 498. ISBN 978-9952-441-02-4.