Almaz Əsgərova
Almas Əsgərova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (39 yaşında) (39 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Azər Süleymanov |
Uşağı | İlham |
Fəaliyyəti | Aktrisa |
Almas Balabəy qızı Əsgərova (23 yanvar 1949, Bakı – avqust 1988, Bakı) — azərbaycanlı kinoaktrisa. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunur.[1] Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur.
Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov, Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur.[2]
Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır — "Qanun naminə"də" Salamatovun xanımı, "Mən ki, gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür"də Fatimə. Daha sonra "Bir cənub şəhərində" Solmaz, "Ürək... Ürək...", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi" filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin onun ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa "Tacikfilm"in Firdovsinin "Şahnamə"si əsasında çəkdiyi "Rüstəm və Söhrab" filmində baş rola çəkilir.
Nəhayət, Almaz kinoda ən yaddaqalan və son obrazına həyat verir – "Nəsimi" filmindəki Şəmsə. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.
Həyat yoldaşının qəfil ölümü onu sarsıdır və sənətdən getməyə qərar verir. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir.
Almaz Əsgərova 1988-ci ilin avqust ayında vəfat edir.
Ailə həyatı
[redaktə | mənbəni redaktə et]Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları, İlham, hər ikisinin canı idi. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə həmişə birlikdə olublar.
Lakin 1983-cü ildə Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. O dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Qanun naminə (film, 1968)
- Mən ki gözəl deyildim (film, 1968)
- Bir cənub şəhərində (film, 1969)
- Ulduzlar sönmür (film, 1971)
- Bizim küçənin oğlanları (film, 1973)
- Nəsimi (film, 1973)
- Ürək... Ürək... (film, 1976)
- Xatirələr Sahili (film, 1976)
- Siyavuş hakkında dastan (film, 1977)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- ↑ "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.