[go: up one dir, main page]

Çin fəlsəfəsi

Çin fəlsəfəsi — Çin dünyagörüşünün əsaslarından biri.

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.e.ə. VIII–VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.

Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.e.ə. VI–V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim Hindistana və digər ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas etibarilə praqmatikdir və axirət dünyasına deyil, bugünkü günün praktikasına müraciət etməsi ilə fərqlənir. Qədim Çin fəlsəfəsinin mənbələrini ilk Çin yazılı abidələri, xüsusilə məşhur "Dəyişikliklər kitabı" ("İtszin") və ona olan şərhlərdə axtarmaq lazımdır. Bu kitab "Şerlər kanonu"– "Şi tszin" kitabı ilə birlikdə Hindistanda Upanişadların oynadığı rola malik olmuşlar.

Daosizm

redaktə

Qədim Çin fəlsəfəsinin inkişafında daosizm (Lao tszı– nın "dao") – şeylərin yolu haqqında təlimi mühüm rol oynamışdır. Lao– tszı (b.e.ə. VI əsrin ikinci yarısı və V əsrin birinci yarısı) daosizm fəlsəfəsi məktəbinin banisi olmuşdur. Filosofun əsas ideyası odur ki, insanların və təbiətin həyatı "səma iradəsi" ilə idarə olunmur, müəyyən yolla– dao ilə getməkdədir. Dao – şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao–tszı ("qoca müəllim") belə hesab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud "hərəkətsizlik" (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, "təbiiliyə əməl edilməsi" deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir. Lao–tszının ideyaları təxminən b.e.ə. IV–III əsrə aid edilən "Dao– de tszin" kitabında ifadə olunmuşdur. Kitabda aşağıdakı anlayışlar işlədilir: De – daonun insanların davranışının, həmçinin şeylərdə predmetləşmiş konkret təzahürüdür. Tsi – daonun predmetləşməsi nəticəsində yaranan xırda maddi hissəciklərdir. Yüngül, işıqlı tsi hissəcikləri kişi başlanğıcı– yan–ı yaradır, ağır, qaranlıq hissəciklər isə qadın başlanğıcı in–i yaradır. Bu iki başlanğıcın çulğalaşması nəticəsində daoistlərin fikrincə dünyada olan bütün şeylər yaranır. Öz inkişafında bir sıra tsiklləri keçən "hər bir şey öz kökünə qayıdır, yəni ilkin hissəciklərə bölünür". Jen – insansevərlik. Li – ritual. Daoistlərə görə, adamların ilkin təbiətlə vəhdətinə qayıdışı, sənətdə və əkinçilikdə əmək alətlərindən imtina edilməsi, mürəkkəb ictimai təşkilatlardan– dövlətdən, siniflərə bölgüdən, alimlər təbəqəsinin müdrikliyindən imtina onlara sakit, xoşbəxt həyat keçirməyə imkan verər. Lao–tszı sosial gərginliyin səbəbkarı kimi hakimiyyət hərisləri olan eqoist müdrikləri sayırdı. Onları adamların arasında çaxnaşma salan adlandıraraq müdriklərə hörmət olunmasından imtina etməyi məsləhət görürdü. O, müdriklərə hörmət edilməməsini xalqın itaətə gətirilməsinin yeganə şərti hesab edirdi. Ümumiyyətlə, daosizmdə dialektik ideyalar, idrak təlimi, etik və sosial– siyasi baxışlar mühüm yer tutmuşdur.

Konfutsi təlimi

redaktə

Daosizmdən sonra qədim Çində geniş yayılmış təlimlərdən biri də Konfutsi təlimidir. Təlimin banisi Kon–Fu–tszı (b.e.ə. 551– 479-cu illər, ona çox vaxt Konfutsi deyirlər)– görkəmli mütəfəkkir, siyasi xadim olmuşdur. O, qədim kitabları qaydaya salmış və "Dəyişikliklər kitabı"na ("İtszin") şərhləri tərtib etmişdir. O, müşavir olduğu Lu dövlətinin salnaməsini tərtib etmişdir. Konfutsinin baxışları başlıca olaraq "Söhbətlər və mühakimələr" ("Lun Yuy") kitabında toplanmışdır. Bu kitab onun ardıcılları və şagirdləri tərəfindən tərtib olunmuşdur. Konfutsi təlimində biz başqa bir ənənəni müşahidə edirik. Burada əyanlara hörmət, cəmiyyət içərisində subordinasiyanın ciddi şəkildə qorunması və digər etik normalara riayət edilməsi tələblərinə rast gəlmək mümkündür. "Syao"– "valideynlərə hörmət", "di"– "böyük qardaşa hörmət", "çjun"– "öz ağasına, hökmdara sədaqət" kimi kateqoriyalar konfutsi təlimində mühüm yer tutur. Konfutsi təhsilə və tərbiyəyə böyük yer verirdi. Bununla yanaşı o, belə hesab edirdi ki, əyanların nümayəndələri anadangəlmə hikmətə əsaslanan, ali bilik hesab olunan müdrikliyə nail olmalıdırlar. "Səma hökmdarı" nı və ruhların mövcudluğunu qəbul edən konfutsi taleyə inanır, daoistlərdən fərqli olaraq ənənəvi dini baxışları müdafiə edirdi. Bizim eradan əvvəl II əsrdə imperator Udinin zamanında konfutsiçilik qanuni qüvvəyə mindirilib, rəsmi Çin ideologiyası elan edilmişdir. Konfutsi özü isə ilahiləşdirilmişdi. "Lunyuy"kitabında aşağıdakı anlayışlar verilir: Jen (hərfən: "insansevərlik")– konfutsiçi etik kateqoriyasıdır. Jen prinsipi bildirir. "Özünə rəva görmədiyini, başqasına da rəva görmə." Li (hərfən: "seremonial", "ritual", "hörmət")– konfutsiçi etikanın kateqoriyası olub, geniş qaydalar məcmusunu əhatə edərək hakimlər və təəbələr, bütün ictimai qruplar– təbəqə, nəsil, ailə və s. arasında, eləcə də ayrı– ayrı adamlar arasında münasibətləri nizamlamağı əks etdirmişdir. Hindistanda vedizm hansı rolu oynayırdısa, Çin üçün də konfutsiçilik həmin əhəmiyyətə malik olmuşdur. O, mühüm ortodoksal (öz məsləkində ardıcıl və sabit olan) məktəb olmuşdur. Doğrudur Hindistanda çoxlu məktəb olsa da onlardan heç biri rəsmən prioritet məktəb hesab olunmamışdır. Çində isə əksinə, konfutsiçilik (b.e.ə. II əsrdə) rəsmi dövlət ideologiyası statusu əldə etmiş və onu yeni dövrə qədər saxlaya bilmişdir.

Konfutsiçiliyin əsas müddəaları aşağıdakılardır: 1. Konfutsi baxışlarının əsasında Səma haqqında ("Tyan") ənənəvi dini təsəvvürlər dururdu. Bu böyük başlanğıc, ali Allah öz iradəsini insana diqtə edirdi. Səma ümumi əcdaddır və baş hakimdir, dünyaya insan nəslini gətirərək ona həyati qaydalar bəxş edir. 2. Tyan kultu konfutsinin sosial təlimi ilə əlaqədar idi. Burada hər kəsin öz işini görməsi və subordinasiyaya uyğun olaraq hərəkəti nəzərdə tutulurdu. 3. Daosizmdən fərqli olaraq konfutsiçilikdə rituala, etiketə, yazılmayan qaydalara üstünlük verilir. Buna müvafiq olaraq Li– yə riayət edən "xeyirxah insan" haqqında təlim mövcud olmuşdur. "Xeyirxah insan", hər şeydən əvvəl, qanunları pozmamaq haqqında düşünür, o, ritualın tələblərinə riayət etməyə borcludur. Bu isə özündə bir çox əxlaqi qaydalara riayət edilməsini birləşdirir. Li– şeylərin qoyulmuş qaydasıdır. 4. Konfutsi həm də pedoqoq olmuşdur. Onun təlimində pedoqoqika, tərbiyə problemləri mühüm yer tutmuşdur. Burada qədim Çin ənənələrinin öyrənilməsinə diqqət yetirilmişdir. Konfutsiçilik özünün "ortalıq" nəzəriyyəsi ilə məşhurdur. Bu nəzəriyyə sonralar onun ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Məsələn, XII əsrdə Yeni konfutsiçilər "ortalıq haqqında" təlimin mənasını belə izah edirdilər: həyatın məqsədi– şeylərin mahiyyətini bilməkdir; şeylərin mahiyyətini yalnız biliyin köməyi ilə anlamaq mümkündür; bilik də öz növbəsində qəlbin təbiətini dəyişdirməyə və bədəni təkmilləşdirməyə kömək edə bilər. Biliyin əsasında "səma əqlinin" – qanunun dərk edilməsi durur. Əql – səma qanununu öyrədir ki, yalnız iki şey var: bunlar yalan və doğru olandır. Kim həqiqətə qulluq edirsə, xeyirxahlıq yaradır. Kim yalana qulluq edirsə, şər yaradır. Valideynlərə xidmət onlara hörmətlə bağlıdır. Ağaya xidmət ona sədaqətlə bağlıdır. Hər cür xidmət həqiqətin və yalanın fərqləndirilməsinin, həqiqətin seçilməsi isə onun əməllərə çevrilməsini tələb edir. Konfutsiçi konsepsiya insanla sosium, müəyyən qaydaların (Li) qoruması ilə bağlı harmoniya etikasına əsaslanır. Daosizm konsepsiyası isə insanla kosmosun harmonizasiyası ideyasını irəli sürür. "Çjuan– tszı" adlı qədim traktatda deyilir: Konfutsi təsdiq edirdi ki, o, "insanda səyahət edir", daoistlər isə deyirdilər ki, onlar "insandan kənarda səyahət edir". Belə nəticəyə gəlmək olar ki, konfutsiçilik Çin ənənəsinə, daosizm isə dünya fəlsəfəsinə mənsubdur. Daoistlərin sosiumdan kənara– kosmosa çıxmaq cəhdləri şəxsiyyətin "yer" dairəsindən, qapalılıqdan və dövlətçilikdən ümumibəşəriliyə çıxışı bildirir. Bütün zamanlarda insana ümumbəşəri keyfiyyətlər xas olmuşdur. Nəticədə insanın özünü mikrokosmos – kosmosun təbii elementi hesab etməsi mümkünlüyü irəli sürülmüşdür.

Mo-tszı fəlsəfi məktəbi

redaktə

Qədim Çin fəlsəfəsində Mo– tszının (b.e.ə. 479–400-cü illər) idrak nəzəriyyəsi mühüm yer tutur. Məsələ burasındadır ki, qədim Çində rəqabət aparan "yüz məktəbdən" biri də Mo–tszının fəlsəfi məktəbi olmuşdur. Bu məktəb nəzəri–idraki problemlərin tədqiqində mühüm rol oynamışdır. Məktəbdə öyrənilən əsas kateqoriyalar: varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. idi. Moistlər belə hesab edirdilər ki, idrak prosesinə səbəbiyyət prosesinə yanaşılan kimi yanaşmaq lazımdır. Şeylərin oxşarlığı və fərqlərini və onların cinsə görə bölgüsünü aşkar etmək zəruridir. Onlar biliyin həqiqiliyini yoxlamağın üç qaydasını təklif etmişlər. Birincisi, "əsas", daha dəqiq desək qədim müdriklərin təcrübə və mühakimələri; ikincisi, "mənbə", yəni faktlar; üçüncüsü, "tətbiq edilmə", yəni praktiki faydasıdır. Qeyd etmək lazımdır ki, Mo–tszı qədim Çinin körkəmli siyasi mütəfəkkiri olmuşdur. O, dövlətin mənşəyi və cəmiyyətin həyatında əməyin rolu haqqında dərin fikirlər söyləmişdir. O, konfutsiçiliyə, onun dövlət məmurlarının əbədiliyi ideyasına qarşı çıxış etmişdir. Mo–tszının etik–siyasi ideyaları on prinsipdə əks olunmuşdur. Bunlar: "müdrikliyə hörmət", "birliyə hörmət", "ümumi məhəbbət və ümumi fayda", "səma iradəsi", və s. dir Mo–tszı "ümumi məhəbbət və ümumi fayda" prinsipinə mühüm əhəmiyyət verməklə fatalizmi inkar etmişdir. Burada isə prinsipcə yəqin ki, Çin praktisizminin mənbəyi hiss olunur. Bununla yanaşı, Mo–tszı ənənəvi səma və ruhlar kultu ilə əlaqəsini kəsməmişdir. Təsadüfi deyildir ki, on prinsipin tərkibində səma və ruhlar haqqında da fikirlər vardır. Filosof belə hesab edirdi ki, onlarda mənəvi qüvvə vardır və həmin qüvvə adamları "ümumi məhəbbət və ümumi fayda" prinsipinə riayət etməyə məcbur edir. Mo–tszının və onun ardıcıllarının baxışlarını öyrənməyin əsas mənbəyi "Mo–tszı" adlı kitabdır. Mo–tszı cəmiyyətin və dövlətin inkişafını 13 fazaya ayırmışdır. Bunlar– "müdrikliyə hörmət" birliyə, vəhdətə hörmət və "ümumi məhəbbət və ümumi fayda"dır. Beləliklə, Mo–tszı təlimində şəxsi və dövlət etikası sıx surətdə əlaqələndirilmişdir. Şəxsi məhəbbətdən çox ictimai, yaxud "ümumi məhəbbət"ə eləcə də şəxsi faydadan çox ümumi faydaya üstünlük verilir. Bununla da Çin ənənəsində fərdə nisbətən sosium üstünlük əldə etməyə başladı. Bu isə Konfutsi təliminin tənqidi fonunda özünü daha aydın hiss etdirirdi. Özü də səmaya münasibət mənəvi problem kimi saxlanılırdı. Mo–tszının fikrincə, səma və ruhlar kultu sosial ədalətin bərqərar olmasına şərait yaradır. Göründüyü kimi, Çin fikrinin yüz məktəbindən üçünün konsepsiyası – daosizm, konfutsiçilik və Mo–tszının nəzəri– idraki konsepsiyası üstünlük təşkil etmişdir. İndi isə onlara əsasən Çin fəlsəfəsinin aşağıdakı xüsusiyyətlərini göstərə bilərik. 1. Çin fəlsəfəsində qnoseloji və məntiqi problemlər başlıca olaraq sadəlövh naturalizm mövqeyindən nəzərdən keçirilirdi. İdeal və transendental haqqındakı təsəvvürlər çox zəif inkişaf etmişdir. Bu da, öz növbəsində müstəqil elm kimi formal məntiqin və dialektikanın inkişafına mane olurdu. Çin filosofları "ziddiyyət" anlayışını (onsuz dialektika mümkün deyildir.) demək olar ki, işlətmirdilər. Doğrudur onlar əkslik anlayışını işlədirdilər. Məsələn, ortalıq təlimində "xeyir və şəri" fərqləndirməkdən söhbət açılmışdı. Həyatın məqsədi qəlbin vəzifəsidir. Qəlbin vəzifəsi və məqsədi biliyin köməyi ilə əldə edilir; biliyin əldə edilməsi nəticəsində xeyir və şəri fərqləndirmək, onun mahiyyətini başa düşmək mümkün olur. 2. Çin filosoflarının fəlsəfi terminlərdən şeylərin ierarxik qaydasını bərqarar etmək üçün vaxtaşırı istifadə olunurdu. Məntiqi metodologiyanın olmaması onun numeroloji metodologiya ilə əvəz olunmasına gətirib çıxarmışdı. O da öz növbəsində (öz aralarında simvolik və assosiativ əlaqəsi), say komplekslərindən və məkan strukturundan ibarət olmuşdur. Numerologiyanın əsasında üç rəqəm: 2, 3 və onların cəmi 5 rəqəmi dururdu. Şeylərin yarandığı gündən ona ikilik və beşlik xasdır. Qüvvələrin ikili ontologiyası in və yan; üçlü ontologiyası səma, torpaq, insan; beşli ontologiyası 5 element hesab olunurdu. Qədim Çin fəlsəfi qnoseologiyasına əsasən formasız zülmətdən iki ruh – kişi ruhu yan, qadın ruhu in doğulmuşdur. Kişi ruhu səmanı, qadın ruhu isə yeri idarə etməyə başlamışdır. Ümumiyyətlə, Qədim Şərq fəlsəfəsi dünya fəlsəfi fikrinin inkişafına böyük xidmət göstərmişdir.[1][2][3][4]

Konfutsiçilik

redaktə
  Əsas məqalə: Konfutsiçilik

Konfutsilik məktəbinin banisi Kun Konfutsi (E.ə. 551–479) hesab olunur. Konfutsilik təliminin əsası "qarşılıqlı məhəbbət" və "insana sevgi"dir. Bunlar birlikdə isə "doğru yol"u təşkil edirlər. Bu təlimə görə, hər bir şəxs, insanları sevməli və valideynlərinə hörmət etməlidir. Dövlət başında isə yalnız müdrik adam olmalı və tabelikdə olanları tərbiyə etməlidir. Demək olar ki, bu təlimin əsasını tərbiyə məsələləri təşkil edir.

Konfutsinin davamçısı Men-Tszı (E.ə. 372–289) belə bir nəzəriyyə irəli sürürdü ki, insanın həyatı ilahi iradəyə tabedir, bilik isə insanda anadangəlmə-dir. İnsan anadan olanda bilik ilahi, "Hüdudsuz ruh" tərəfindən ona verilir.

İnsan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab verməlidir. O, insanları bütün müvəffəqiyyətsizliklərin və bədbəxtliklərin səbəbini müəy-yənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.

Konfutsiliyin digər nümayəndəsi Syun-Tszının (E.ə. 298–238) təlimində isə mərkəzi xətt cəmiyyət və insan problemidir. O, iddia edirdi ki, göy, səma, təbiətin ayrılmaz bir hissəsi olan, materiyadır. Təbiətdə bütün hadisə və proseslər onun öz qanunları əsasında baş verir və dəyişir. Onun nəzərincə, insan taleyi ilahidən deyil, onun özündən asılıdır. Bundan əlavə insan aləmi dərk etmək və ondan öz xeyrinə istifadə etmək qabiliyyətinə malikdir. Cəmiyyət isə idarə edənlərdən və idarə olunanlardan təşkil olunmalı, cəmiyyət üzvlərinin bir hissəsi fiziki, digər hissəsi zehni əməklə məşğul olmalıdır. Göründüyü kimi Konfutsi fəlsəfəsi iki istiqamətdə; idealizm və materializm istiqamətlərində inkişaf etmişdir.

  Əsas məqalə: Moizm

Qədim Çində nüfuzlu məktəblərdən biri də əsası Mo-Tszı (E.ə. 479–400) tərəfindən qoyulmuş moizmdir. Bu məktəb iki əsr davam etmişdir. Bu təlim konfutsiliyə xas olan tale, alın yazısı anlayışlarını rədd edir və belə hesab edir ki, insanın taleyi yalnız onun ilahi iradədə təzahür edən "ümumi məhəbbət" prinsiplərini necə həyata keçirməsindən asılıdır. Moizm məktəbin nümayəndələri idrak nəzəriyyəsinin bəzi məsələlərini materialist nöqteyi-nəzərdən izah edirdilər. Onların fikrincə, idrakın 3 şərti var; 1)İnsanın hiss üzvləri; 2) Hiss üzvləri üçün obyekt olan xarici predmetlər; 3) Hiss üzvləri ilə xarici predmetlərin kontaktı. Hiss üzvləri xarici aləmin predmetləri ilə təmasda olduqda duyğu meydana gəlir. İdrak prosesinin başlanğıcı olan duyğu yalnız düşüncə ilə dərk edilə bilər. Ancaq bu yolla predmetin nə olduğunu dərindən dərk etmək olar.

Daosizm

redaktə
  Əsas məqalə: Daosizm

Qədim Çin fəlsəfəsində özünəməxsus yer tutan digər fəlsəfi təlim daosizmdir. Bu məktəbin banisi Lao-Tszı (E.ə. VI-V) hesab edilir. Daosizmin əsas kitabı "Daodesizm" adlanır. Konfusiçiliyin tam əksinə olaraq bu məktəbin nümayəndələri iddia edirdilər ki, təbiət və insanların həyatı "səmanın idarəsi" ilə deyil, dao tərəfindən müəyyən edilmiş təbii yolla inkişaf edir. Dao predmetlərin özlərinin təbii qanunu olub, hava (çi) ilə birlikdə dünyanın əsasını təşkil edir. Bu təlimə görə, dünyada bütün predmetlər hərəkətdə və dəyiş-mədədir.

Daosizmin digər nümayəndəsi Yan Çcu (E.ə VI əsr) fövqəltəbii qüvvələrin mövcudluğunu rədd edir. O, iddia edirdi ki, hadisə və predmetlərin hamısı öz qanunları əsasında idarə olunurlar və daima dəyişilməkdədirlər. Yan Çcunun fikrincə, insan digər canlılardan yalnız öz ağlı ilə fərqlənir. İnsanın ruhu onun bədənindən ayrı mövcud ola bilməz, ölümdən sonra ruh da yox olur.

Daosizmin davamçılarından olan Çcuan-Tszının (E.ə. IV-III əsr) nəzərincə, predmetlər aləmində yalnız daosizm təbii qanunu mövcuddur. O, iddia edirdi ki, suda mövcud olan kiçik hissəciklərdən (tszi) əvvəl heyvanlar, heyvanlardan isə insanlar əmələ gəlmişdir. Təbiətdə mövcud olan bütün cisim və predmetlər isə çi adlanan ilk başlanğıcdan əmələ gəlmişdir. Onun təlimində subyektiv dialektika özünəməxsus yer tutur. Onun fikrincə, nə qədər ki, cisimlər, predmetlər dəyişmə və inkişaf vəziyyətindədirlər, insanlar heç vaxt onların haqqında dəqiq təsəvvürə malik ola bilməzlər, çünki, obyektiv həqiqət yoxdur.

Xarici keçidlər

redaktə
  1. [1] [ölü keçid]
  2. Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
  3. Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.
  4. Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.