[go: up one dir, main page]

Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur.

Qədim Yunanıstanda rəqs təsviri.

Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı".

Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur. Qadın rəqsləri təmkini, plastika, yumşaq ahəng və lirika ("Vağzalı", "Nəlbəki", "Ceyranı", "Turacı", "İnnabi" və s.), kişi rəqsləri isə daha qızğın, iti sürətli, igidlik və güc ifadə edir ("Qazağı", "Qaytağı", "Xançobanı").

Rəqsləri adətən xalq çalğı alətləri - zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiət edir. Azərbaycanın tanınmış rəqqasə və rəqqaslarından Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov. Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdirmişlər.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – "Azərbaycan", "Heyvagülü", "Uzundərə", "Toy rəqsi", "Turacı", "Tərəkəmə", "Cəngi", "Şalaxo", "İnnabı", "Qızılgül", "Qazağı", "Qaytağı", "Qoçəli", "Lalə", "Misri", "Naznazı", "Vağzalı", "Yallı" və digərlərini misal gətirmək olar. [1] Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. [2]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Azərbaycan xalq rəqsləri". www.azculture.uz/azerbaycan.php?link=azerbaycan-reqsleri. Archived from the original on 15 May 2023.
  2. "Bu gün Beynəlxalq rəqs günüdür". medeniyyettv.az/az/news/1926. Archived from the original on 15 May 2023.

Xarici keçidlər

redaktə