Aviasiya
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu.[1]
Sənayesi
redaktəTəyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır.[2]
İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü. 1944-cü ildə təyyarə buraxılışı 44 minə (Almaniyada isə işğal olunmuş ölkələrlə birlikdə 39,8 min) çatdırılmışdır. Müharibədən sonrakı illərdə turboreaktiv mühərrikli yeni, daha mükəmməl döyüş təyyarəli yaradılmışdır. Sovet aviasiya sənayesi mülki hava donanmasını texniki cəhətdən yeniləşdirilmiş, onu birinci dərəcəli təyyarələrlə Tu-104, Tu-114, Tu-124, Tu-134, Tu-154, Tu-144 (Tupolevin konstruksiyası); İl-14, İl-18, İl-62, İl-62 M (İlyuşinin konstruksiyası); An-10, An-12, An-22 ("Antey"), An-24 (Antonovun konstruksiyası) təchiz etmişdir. SSRİ aviasiya sənayesi təlim-məşq və idman təyyarələri də istehsal edir. SSRİ-də vertolyotqayırma da xeyli inkişaf etmişdir. Mi-1, Mi-4, Mi-8, Mi-10 "uçan kran", V-12 (Mixail Milin konstruksiyası), Ka-15, Ka-18, Ka-26 (Kamovun konstruksiyası) vertolyotlarından hərb sahəsində müvəffəqiyyətlə istifadə olunur. Aviasiya sənayesində axın xətləri, proqramla idarəolunan dəzgahlar tətbiq edilir, mütərəqqi tökmə növlərindən, həcmli və dəqiq ştamplamadan, müxtəlif caynaq növlərindən istifadə olunur. SSRİ aviasiya sənayesində oxişlənən istehsal malları (soyuducu, paltaryuyan maşın, katerlər, qayıq motoru və s.), habelə aluminium və titan ərintilərindən prokat məhsulları və istehsal olunurdu. Onuncu beşillikdə "İl-86" (aerobus), "Yak-42" tipli yeni sərnişin təyyarəsi, "İl-76" tipli yük təyyarələrinin işlənməsinə başlanılması planlaşdırılırdı. Aviasiya sənayesi Qarşılıqlı İqtisadi Yardım Şurası üzvü olan digər sosialist ölkələrindən ən çox ÇSSR, PXR-də inkişaf etmişdir.[2]
Qərb ölkələrində geniş miqyasda təyyarə istehsalı Birinci Dünya müharibəsinin son illərində başlamış, 1930-cu illərin ortalarında, xüsusilə İkinci Dünya müharibəsi dövründə bu ölkələrdə istehsalın və kapitalın təmərküzləşməsinin güclənməsi nəticəsində xeyli artmışdır. 1960-cı illərdə kapitalist ölkələri arasında aviaraket sənayesi ən çox ABŞ-də, habelə Birləşmiş Krallıq və Fransada inkişaf etmişdir. Almaniya, İsveç, Yaponiya və Kanadada iri aviasiya sənayesi var.[2]
Uçuşların Tarixi
redaktə- 1783-Monqolfye qardaşlarının hava şarında ilk uçuşu
- 1852-Henri Hiffard buxar mühərrikli dirijabl kəşf etmişdi.
- 1853-Corc Keyli insan tərəfindən idarə olunan ilk planeri quraşdırmışdır.
- 1903-Orvill və Uilber Rayt qardaşları aeroplanla ilk pilotlu uçuş həyata keçiriblər.
- 1919 -Atlantik okeanı üzərindən ilk uçuş.
- 1927-Lindberq Atlantik okeanı üzərindən ilk uçuş.
- 1939 -İlk reaktiv "Heynkel He 178" təyyarəsi.
- 1939 -İlk birvintli "Sikorski VS-300" vertolyotu.
- 1942-İlk reaktiv "Messerşmitt Me 262" qırıcı təyyarəsi.
- 1947-İlk səsdən sürətli uçan "Bell XI" təyyarəsi.
- 1952-İlk reaktiv "Komet" avialayneri
- 1964- Uçuşda qanadını həndəsi dəyişən ilk "USF-111" hərbi təyyarəsi.
- 1976- Səsdən sürətli "Konkord" avialayneri.
- 1978- Atlantik okeanı üzərindən hava şarı ilə ilk uçuş.
- 1981- Günəş batareyalı "Solar Çellencer" təyyarəsi La-Manş körfəzini uçub keçir.
- 1986- "Voyacer" təyyarəsi Yer kürəsini fırlanaraq birbaşa uçuş həyata keçirir.
Aviasiya Rekordları
redaktə- Ən sürətli hərbi təyyarə : "Lokxid SR-71" , "Bləkböd", sürəti 3529 km/saat , ABŞ.
- Ən sürətli avialayner: "Konkord" , sürəti 2333 km/saat , Fransa , Böyük Britaniya .
- Ən ağır təyyarə: Antonov An-225, çəkisi 600 ton , Rusiya.
- Ən böyük vertolyot: "Mi-26" , çəkisi 55 ton , Rusiya
Havanın Fəthi
redaktə1880-ci ildə benzin mühərrikinin kəşfindən sonra pilotlu uçuş aparatlarının yaradılması mümkün oldu. 1903-cü il dekabrın 17-də Rayt qardaşları özlərinin "Flaer"(Uçan) adlı çox kövrək aeroplanlarını havaya qaldırdılar və insanların da iştrak etdiyi ilk idarə olunan hava uçuşunu həyata keçirdilər. Onlar cəmi 36 metr uça bildilər. Bu uçuşdan sonra aviasiya son dərəcə sürətlə inkşaf etməyə başladı. İlk təyyarələrdə porşenli mühərrikdən istifadə olunurdu : o, təyyarəni irəliyə çəkən propellerləri fırladırdı. Bəzi kiçik təyyarələr bu günə kimi də propellerlərlə təchiz olunur, amma böyük təyyarələrdə daha güclü reaktiv mühərriklərdən istifadə olunur.
Aeroport
redaktəAeroport təyyarələrin qalxdığı və endiyi çoxşaxəli tikililər sistemindən ibarət geniş yerə deyilir.
Silahlar
redaktəHərbi təyyarə və digər uçuş aparatlarında istifadə olunan aviasiya silahlarına təyarələrdə quraşdırılan bütün silah növlərinə (bərkitmə, tənzimləmə və idarəetmə qurğuları ilə birlikdə), atəşaçma və bombalama üçün hədəfalma qurğuları, silah sistemlərinin bortda istifadə olunan hesanlama qurğuları, aviasiya döyüş sursatı, xüsusi yüklərin asılması və atılması üçün qurğular, pirotexniki sürətləndiricilər, aviasiya uçuş aparatlarının desant avadanlığı və s. daxildir. Döyüş sursatına görə aviasiya silahları aşağıdakı növlərə bölünür: raket, top-pulemyot, bombardman və xüsusi. Raket silahları idarəolunan və idarəolunmayan müxtəlif məqsədli raketlərdən ibarətdir; hədəfə təsir qüvvəsi yüksəkdir və müasir təyyarə silahlarının əsas növlərindən biridir. Müasir aviasiya silah sistemi mexaniki, radiotexniki, elektron və optik cihaz və qurğuların müərkkəb kompleksidir; demək olar ki, bütün elementlərinin avtomatlaşdırılması və elektrikləşdirilməsi ilə xarakterizə olunur.[3]
Psixologiya
redaktəAviasiya psixologiyası psixologiyanın bir sahəsidir. Burada uçuş fəaliyyətinin psixoloji məsələlərini tədqiq edilir. XX əsrin əvvəllərində aviasiya tibbinin və əmək psixologiyasının inkişafı ilə əlaqədar yaranmışdır. SSRİ-də aviasiya psixologiyası 1921-ci ildən intensiv inkişaf etmişdir. Aviasiya psixologiyasının tədqiq etdiyi əsas problemlər: uçuş amillərinin psixi funksiyalara təsirinin öyrənilməsi və zərərli təsirlərin aradan qaldırılması üçün təkliflər hazırlanması; texnikanın insanı psixi imkanlarına maksimum uyğunlaşdırmaq məqsədilə təyyarəni idarə etmək fəaliyyətinin öyrənilməsi; uçuş prosesində özünü göstərən qeyri-adi psixoloji halların səbəblərinin aşkara çıxarılması və onların qarşısını almaq üçün tədbirlər hazırlanması və s. aviasiya psixologiyasının nəticələrindən aviasiyada əməyin səmələrliliyini və təhlükəsizliyini yüksəltmək, həmçinin aviasiyaya mütəxəssislər seçilməsinin yaxınlaşdırmaq üçün istifadə olunur. Hazırda aviasiya psixologiyası daha geniş əlaqəli mühəndis psixologiyası daxilində tətbiq edilir.[4]
İstinadlar
redaktə- ↑ "Şəmsəddin Axundov - Azərbaycan aviasiyasının tarixi. Bakı - 2012" (PDF). 2022-07-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-09.
- ↑ 1 2 3 Авиасија сәнајеси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 39–40.
- ↑ Авиасија силаһлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 40.
- ↑ Авиасија психолоҝијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 39.
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |